Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyinin həyata keçirdiyi tvinninq layihəsinin ilk 6 ayı ərzində görülən işlər müzakirə olunub

Əqli Mülkiyyət Agentliyinin həyata keçirdiyi tvinninq layihəsinin ilk 6 ayı ərzində görülən işlər müzakirə olunub

2020-ci il 5 fevral tarixində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının artırılması” tvinninq layihəsinin İdarəetmə Komitəsinin 2-ci iclası keçirilib.

Tədbiri açan Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov giriş ölkəmizdə aparılan genişmiqyaslı islahatlar çərçivəsində Agentliyin qarşısında qoyulmuş tapşırıqların icrası zamanı beynəlxalq təcrübənin tətbiq edilməsində layihənin rolunun vacibliyini vurğulayıb.

Layihənin Rezident Tvinninq Müşaviri İoannis Anagnostopoulos layihənin ilk 6 ayı ərzində layihənin birinci komponenti “Rəqəmsal şəbəkələrdə müəlliflik hüququ və əlaqəli hüquqların təminatını dəstəkləyən institusional bazanın yaradılması”, ikinci komponenti “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin texniki cəhətdən gücləndirilməsi” və üçüncü komponenti “Hüquqi-tənzimləyici bazanın nəzərdən keçirilməsi və yeni qanunvericiliyin işlənib hazırlanması” üzrə görülmüş işlər və cəlb edilmiş ekspertlərin hesabatları haqqında təqdimat formatında geniş məlumat verib.

Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Fuad Kərimov Agentlik tərəfindən həyata keçirilmiş öncəki tvinninq layihəsində cəlb edilmiş ekspertlərin müvafiq hesabatlarının da hazırkı layihənin icrası zamanı nəzərə alınmasını tövsiyə edib.

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev layihənin ikinci komponentinə uyğun olaraq tərkibində müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi sisteminin avtomatlaşdırılması, qeydiyyatı və əldə edilməsi üzrə müraciət prosedurunun onlayn rejimdə artıq Agentlik tərəfindən həyata keçirildiyini qeyd edib. Bununla əlaqədar olaraq həmin məsələnin həlli üçün layihə çərçivəsində nəzərdə tutulmuş maliyyə və insan resurslarının milli rəqəmsal aqreqatorun hazırlanması üzrə işlərin sürətləndirilməsinə və müvafiq proqram təminatına dair məsləhətlərin verilməsinə yönləndirilməsini təklif edib.

Layihənin İtaliya tərəfdaşının rəhbəri Francesco Sciacchitano təcrübə mübadiləsi üçün Roma şəhərinə nəzərdə tutulan təlim səfərinin təşkili ilə əlaqədar görülən işlər barədə məlumat verib.

Aİ-nın Azərbayan üzrə Nümayəndəliyinin layihə meneceri Ülviyyə Abdullayeva Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq barədə məlumat verib və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması istiqamətində görülən işlər çərçivəsində əqli mülkiyyət məsələləri ilə əlaqədar qanunvericiliyə edilmiş ən son dəyişikliklərin müvafiq internet portalında qeyd edilməsini xahiş edib.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Hümbət Mənsirli layihənin 3-cü komponentinə uyğun olaraq yerli qanunvericiliyin təhlili və ekspertlər tərəfindən təklif ediləcək əlavə və dəyişikliklərlə bağlı məsələyə toxunaraq layihə çərçivəsində bu komponent üzrə ayrılmış Aİ ekspertlərinin ölkəmizə səfər günlərinin kifayət etməyə biləcəyini diqqətə çatdırıb.

Görüşdə tvinninq layihəsinin həyata keçirilməsi üzrə cari məsələlər də müzakirə edilib və ikinci 6 aylıqda görüləcək işlərin planı təsdiqlənib.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×