Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”i və “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nı təsdiq etmişdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”i və “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nı təsdiq etmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarı ilə “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər” və 2019-cu il 20 noyabr tarixli 453 nömrəli Qərarı ilə isə “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” təsdiq edilmişdir.

Qeyd etmək lazımdır ki, “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu 1997-ci ildə qəbul olunsa da, patentin alınması barədə iddia sənədinə dair tələblər, iddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması, dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq, ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi və reyestrdə dəyişikliklər edilməsi ilə bağlıqaydalar indiyədək müəyyən edilməmişdi.

Qeyd olunan tələblər və qaydaların uzun müddət olmaması patent fəallığına, öz mənfi təsirini göstərməklə yanaşı, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması üçün tələb olunan sənədlərin tərtib olunmasında iddiaçıların çətinliklərlə üzləşməsinə səbəb olurdu. İddia sənədinin tərkibinə daxil olan sənədlərin dairəsi, ixtiranın və faydalı modelin mahiyyətini açıqlayan təsvirin, düsturların, sənaye nümunəsinin şəkillərinin və təsvirinin, habeləreferatlarınnecə tərtib edilməsi bu illər ərzində müzakirə və mübahisələrə səbəb olurdu.

Bir sıra sənədlərin, o cümlədən patentin alınması üçün ərizə nümunəsinin, onun doldurulması və təqdim edilməsi qaydasının, ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin vəxidməti tapşırıq müqaviləsinin nümunələrinin normativ sənədlərlə təsdiq olunmaması dabir sıra çətinliklər yaradırdı.

Bu sahədə yaranmış hüquqi boşluğu aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanına əsasən beynəlxalq təcrübə nəzərə alınmaqla Əqli Mülkiyyət Agentliyi tərəfindən hazaırlanmış müvafiq sənədlərin layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və Nazirlər Kabineti bu məsələyə operativ qaydada baxaraq qısa müddət ərzində müvafiq qərarların qəbul edilməsini təmin etmişdir.

Xüsusi qeyd etmək lazımdır ki, “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”in müəyyən edilməsi patentin alınması barədə iddia sənədlərinin tərtib edilməsində müşahidə olunan problemlərin aradan qaldırılmasında və iddia sənədlərinin daha keyfiyyətli hazırlanmasında əhəmiyyətli rol oynayacaqdır. Xüsusən, sənəd ixtiranın və faydalı modelin düsturları, təsvirləri və referatları patentin alınması üçün iddia edilən hər bir obyektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla vahid tələblər əsasında hazırlanması, nəticədə ekspertiza zamanı ortaya çıxan və əlavə vaxt itkisinə səbəb olan halların, o cümlədən iddiaçı ilə dövlət orqanları arasında yarana biləcək anlaşılmazlıqların sayının minimuma endirilməsi üçün hüquqi əsas yatarmışdır.

Tələblərə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qısa zaman ərzində patentin alınması üçün ərizə nümunəsi, onun doldurulması və təqdim edilməsi qaydası, eləcə də ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin vəxidməti tapşırıq müqaviləsinin nümunələri də müəyyən olunacaqdır.

“İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” isə qeydiyyatdan keçirilmiş ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.

İxtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Azərbaycan Respublikasının dövlət informasiya ehtiyatıdır.

Reyestrdə dəyişikliklərin edilməsi üçün idiaçı tərəfindən “ASAN ödəniş" sistemi üzərindən ödənilməsi şərtilə dövlət rusumu ödənilməlidir. Yeni qaydalara əsasən, patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertzanın səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsi üçün dövlət rüsumu ödənilməyəcəkdir.

Qərarların tam mətni Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin http://copat.gov.az/ saytında və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin http://patent.gov.az/ saytında “Qanunvericilik” bölməsinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları“ alt bölməsində yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanmış və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası” və “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın layihələrinə isə hazırda Nazirlər Kabinetində baxılır. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Eyni zamanda, əmtəə nişanlarının qeydiyyatına dair qəbul edilmiş qərarların dərci ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla təkliflər hazırlanır. Təkliflərin məqsədi əmtəə nişanlarının qeydiyyatı sahəsində şəffaflığın tam təmin edilməsi ilə yanaşı, onların qeydiyyatından əvvəl sahibkarların, iddiaçıların və digər maraqlı şəxslərin qeydiyyata təqdim edilmiş əmtəə nişanları barədə məlumatlılığının artırılmasından ibarətdir. Təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaqdır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ixtira səviyyəsinin və patent fəallığının artırılması, həmçinin patent sistemində şəffaflığın gücləndirilməsi məqsədilə fəal iş davam etdirilir. Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatının “vahid pəncərə” prinsipi əsasında aparılması üçün yeni rəqəmsal xidmətlər və informasiya sistemləri yaradılır. Hazırda “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya sisteminin tətbiqi üzrə işlər tamamlanmaq üzrədir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×