Qaynar xətt: 960
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədlinin Metbuat.az saytına müsahibəsi

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədlinin Metbuat.az saytına müsahibəsi

- Böyüdüyünüz ailədən, uşaq illərinizdən danışaq...

- 1975-ci ildə Gəncə şəhərində dünyaya göz açmışam. Zəhmətkeş ailədə böyümüşəm. Atam - tarix, ictimaiyyət, anam - fizika, riyaziyyat müəllimi idi. Hər ikisinin 50 ilə yaxın pedaqoji stajı olub. Uşaqlığımın əsas hissəsi Bakının “Zavaqzalnıy” adlanan hissəsində keçib. Leytenant Şmidt adına zavodun uşaq baxçasına getmişəm. Qonşularımız əsasən rus, gürcü, erməni, yəhudi ailələr idi. Onlarla ünsiyyətimiz çox sıx olub, maraqlı günlər, məqamlar yaşamışıq. 1987-ci ildə yeni mənzil almağımızla əlaqədar ailəmiz Biləcəri qəsəbəsinə köçüb, bugünədək də orada yaşayırıq.

Uşaq vaxtı yay tətillərini Gəncədə, nənə və babamın yanında keçirmişəm. İndi isə ancaq vaxt tapanda, daha çox məzuniyyət vaxtı doğma şəhərimə gedirəm. Gəncə Azərbaycanın həmişə döyünən ürəyi olub. O şəhərlə bağlı olduğuma görə fəxr edirəm.

- Orta təhsil illərinizdə necə şagird olmusuz?

- Bakı şəhəri 1 nömrəli ingilis dili təmayüllü dəmir yol orta məktəbində təhsil almışam. İlk müəllimim Lətifə Mehdizadə olub. İndiyədək onunla əlaqə saxlayıram. Çox mehriban, qayğıkeş xanımdır. Təmayüllü məktəb olduğundan ingilis dili dərsliklərimiz Moskvadan göndərilirdi və ümumi orta təhsil sistemində olanlardan bir qədər fərqli idi. Biz artıq məktəbdə ikən Böyük Britaniya, ABŞ və digər ölkələrin coğrafiyası, siyasi sistemi haqqında məlumat alırdıq, “Moscow News” və “Morning Star” qəzetlərindən istifadə edirdik.

Məktəbi pis oxumurdum, əlaçı idim. Dəfələrlə tərifnamə, təşəkkürnamələr almışam. Onların bir neçəsini indiyədək saxlamışam. Məktəbimiz Dəmir Yol İdarəsinin təhsil şöbəsinə tabe idi və həmin qurumun əməkdaşlarından biri məktəbi qızıl medalla bitirməyim üçün atama “təklif” də etmişdir. Sözsüz ki, bu, qəbul olunmamışdır. Məktəbdə ictimai işlərdə fəal olmuşam. “Liza Çaykina” adına pioner drujinasının sədr müavini, Bəynəlmiləl Dostluq Klubunun (КИД-Клуб интернациональной дружбы) direktoru idim. Biz mütəmadi əsasda digər respublikaların pionerləri ilə əlaqə saxlayırdıq. Məktəb illərindən ən xoşagəlməz xatirə sinifdə qızlar və oğlanlar arasında küsəyənlik idi. İndi yadımda qalmayıb, amma nə səbəbdənsə neçə il bu küsəyənlik davam etdi və məktəbi də belə bitirdik. Təəssüf ki, bizim sinfin birgə son zəngi keçirilmədi, məzun fotoalbomu da olmadı...

- Tələbəlik dövrünüz necə keçib?

- 1992-ci ildə orta məktəbi bitirdikdən sonra ölkəmizin ilk özəl ali təhsil müəssisələrindən olan Ali Diplomatiya Kollecinə qəbul olundum. İki il sonra isə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsində oxumağa başladım. Paralel olaraq iki ali məktəbdə bakalavr pilləsi üzrə təhsil alırdım. Sonra BDU-da “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr elmi dərəcəsini aldım. Tələbəlik dövründə də ictimai fəaliyyətlə məşğul olmuşam. Tələbə yoldaşlarımızla “Kart Blanş” diplomatik klubunu yaratmışdıq. Müxtəlif konfranslar hazırlayırdıq, Bakıdakı diplomatik nümayəndəliklərin əməkdaşları ilə görüşlər keçirirdik, divar qəzeti buraxırdıq.

Eyni zamanda, dərslərimə də ciddi yanaşırdım, seminarlara çox həvəslə hazırlaşırdım. Deməzdim ki, günlərim kitabxanada keçib. M.F.Axundov adına kitabxana nədənsə xoşuma gəlmirdi. O zamanlar bu kitabxanada xidmətin səviyyəsi o qədər də ürəkaçan deyildi, oxu zalları soyuq olurdu, kitabları evə vermirdilər. Mərhum bibim bir zamanlar Elmlər Akademiyasının kitabxanasında çalışırdı. Onun vasitəsilə həmin kitabxananaya üzv yazılmışdım və əsasən də o kitabxananın geniş imkanlarından yararlanırdım. İllər sonra artıq özüm pedaqoji fəaliyyətlə məşğul olarkən oxumağa həvəsi olmayan tələbələrə həmin günləri misal göstərirdim. Xatırlayıram, o zamanlar kompüter və İnternet imkanları çox az idi. ABŞ-ın Bakıdakı səfirliyinin kitabxanasının da üzvü idim. Səfirliyin qarşısında uzun növbədə durub içəri keçməyi gözləyirdik ki, oradakı kitab və müxtəlif jurnallardakı materiallardan, kompüter və İnternetdən istifadə edək. Bəzən indiki gənclərə təhsil almaq imkanları baxımından paxıllıq edirəm.

Artıq Müəllif Hüquqları Agentliyində çalışdığım dövrdə yenidən bir müddətlik tələbəliyə baş vurdum. Agentliyin rəhbərliyinin göndərişi əsasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və İtaliyanın Turin Universitetinin birgə təşkil etdiyi əqli mülkiyyət hüququ üzrə magistr proqramında təhsil aldım.

- Jurnalistikaya gəlişiniz necə olub?

- Profesional şəkildə jurnalistikayla məşğul olmamışam, ixtisasım da jurnalist deyil. Amma bu sahədə müəyyən təcrübə qazanmışam. İlk yazım məktəb dövründə “Azərbaycan pioneri” qəzetində çıxıb. Xatırlayıram, kiçik bir yazı idi. Artıq tələbəlik dövründən başlayaraq, rəsmi “Azərbaycan” qəzetində, “Yeni Azərbaycan”, “Panorama”, “Azadlıq”, “Zerkola”, “EXO” və s. qəzetlərdə 100-ə yaxin yazılarım dərc olunub.“Azərbaycan-Böyük Britaniya münasibətləri. 1991-2003” kitabının müəllifi, “Azərbaycanın təhsil ocaqları” soraq kitabçasının tərtibatçılarındanam. Beynəlxalq münasibətlər, Azərbaycanın xarici siyasəti, əqli mülkiyyət hüququna dair məqalələrim respublikanın müxtəlif elmi jurnallarında, o cümlədən xaricdə nəşr olunub. Müəyyən təcrübəmi nəzərə alaraq, Agentliyin rəhbərliyi tərəfindən bu vəzifədə mənə etimad göstərilib.

- Hərbi xidmətdə harada olmusunuz?

- BDU-da təhsil alarkən leytenant hərbi rütbəsini almışdım, amma təhsilimi bitirdikdən sonra hərbi xidmətə çağırılmırdım. Hətta bir-iki dəfə özüm hərbi komissarlığa müraciət etmişdim. Nəhayət ki, 2004-2005-ci illərdə Naxçıvanda zabit kimi hərbi xidmət keçdim. Əvvəl motoatıcı tağım komandiri, sonra batareya komandiri oldum.

- Əqli Mülkiyyət Agentliyindəki mətbuat katibi vəzifəsinə qədər hansı işlərdə çalışmısınız?

- Ailə vəziyyətimizlə əlaqədar əmək fəaliyyətimə çox erkən, 17 yaşından başlamışdım. Evimizin yaxınlığındakı orta məktəbdə gözətçi işləyirdim. Tələbəliyə son vurduqdan sonra Ali Diplomatiya Kollecində, Azərbaycan Beynəlxalq Universitetində, özəl reklam şirkətində, QHT sektorunda çalışmışam. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi olmuşam.

2008-ci ildə dövlət qulluğu müsabiqəsində iştirak etdim və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən işə qəbul edildim. Artıq on ildir əqli mülkiyyət sahəsində çalışıram. Cari ilin oktyabrından Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini-mətbuat katibi təyin olunmuşam.

- Neçə il məktəbdə gözətçi işləmisiniz? Çətin deyildi?

- Bir neçə il işləmişəm. İşim 20:00-da başlayırdı, səhərə kimi orada qalmalı idim. İş evimizə yaxın olduğu üçün hərdən evə də gedirdim. Kitabları işə gətirib, dərsə hazırlaşırdım. Valideynlərim orta məktəb müəllimləri olduğu üçün maaşları çox az olurdu. Bu səbəblə, ailəyə dəstək olmalı idim.

-90-cı illərin əvvəlləriylə bağlı yaddaşınızda nələr qalıb?

- Həmin illər məktəb dövrümün son illərinə təsadüf edib. Ermənistanın ölkəmizə ərazi iddiaları başlamışdı. Sovetlər Birliyi dağılmışdı, ölkədə müharibə gedirdi. Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı soyqırım aktı həyata keçirilmişdir. Həmin illərdə ölkə əhalisinin sosial-iqtisadi vəziyyəti də ağır idi. Xatırlayıram, məktəbdə ikən pioner qalstukuna “Qarabağ” sözünü yazaraq başımıza bağlayırdıq və Azadlıq Meydanındakı mitinqlərə gedirdik. Məktəblilərin bu səbəbdən dərslərdən yayınmasının qarşısının alınması üçün məktəbin qapılarını dərslər bitənədək bağlı saxlayırdılar. Bəzən pəncərədən tullanaraq da dərsdən qaçırdıq.

20 yanvar hadisələri mənə ağır təsir etmişdir. Biləcəridə yaşayırdıq. Yanvarın 19-da qonşu uşaqlarla indiki “Şamaxinka” deyilən ərazini gəzib əhalinin toplaşmasını, barrikadaları müşayiət etmişdik. Gecə atam da bir neçə nəfərlə Biləcərinin başqa istiqamətində toplaşmışdılar. Xoşbəxtlikdən həmin ərazidən sovet qoşunlarının hücumu olmamışdır. Bütün gecəni anamla tankların Bakıya hücumuna baxmışdıq. Qaranlıqda yalnız ağır texnikanın səsi gəlir və güllələrin işığı görsənirdi.

- Mütaliəylə aranız necədir?

- Açığı kitab oxumağa elə də vaxt çatmır. Əsərlərin elektron varianlarından istifadə edirəm. Əsasən də ictimai nəqliyyatda gedərkən oxuyuram. Bu il oxuduqlarımdan Tomas Morun “Utopiya”, Mixail Bulqakovun “Master və Marqarita” və Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsərlərini misal çəkərdim.

- Hansı futbol klubuna azarkeşlik edirsiz?

- Daha çox İtaliya futbolunu izləyirəm. Əvvəllər futbolçu kimi Del Piero və Buffondan xoşum gəlirdi. İtaliyada oxuduğum müddətdə onların oyununu canlı izləmək şansım yarandı. Bələliklə də, “Juventus” klubunun azarkeşinə çevrildim. Xarici ölkələrə səfər edərkən imkan daxilində müxtəlif klubların oynadıqları stadionları ziyarət etməyi, matçları izləməyi də xoşlayıram.

- Boş vaxtınız olurmu? Yoxsa, siz də digər mətbuat katiblərimiz kimi boş vaxtdan gileylənirsiniz?

- Gileylənmirəm. İstirahət və bayram günlərində boş vaxtlarım olur. Dostlarımla görüşürəm, imkan olduqda Azərbaycanın müxtəlif bölgələrinə gedirəm, həyatyanı bağçada işlər görürəm. Piyada gəzməyi çox xoşlayıram.

İmkan tapdıqca daha çox səyahət edirəm və haykinklə məşğul oluram. Son bir ildə 20 ölkədə olmuşam. Səfərlərim əsasən sürətli və qısa müddətli olur. Tarixi yerləri gedib görməyə üstünlük verirəm. Bu il çoxdankı arzumu - Azərbaycanın ən hündür zirvəsi olan Savalan dağına qalxmağı həyata keçirdim.

- Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin istiqaməti nələrdir?

- Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmışdır.

Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə, ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin istiqamətlərinə əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək, əqli mülkiyyət hüquqlarının obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizasını və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını aparmaq, əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsi sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatları akkreditasiyadan keçirmək, patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq, rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunmasını və idarə olunmasını təşkil etmək, əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda, başqa sözlə desək kreativ iqtisadiyyatda investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək, ali təhsil və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşmasına dəstək vermək, əqli mülkiyyət hüquqları mədəniyyətinin formalaşmasında iştirak etmək və s. daxildir.

- Agentliyin mediayla münasibətləri bu gün hansı yerdədir?

- Agentlik ictimaiyyətlə, o cümlədən mətbuat ilə münasibətlərini açıq, şəffaf, dürüst formada qurur. Agentliyin yeni veb-saytı fəaliyyətə başlayıb. Eyni zamanda, bir çox sosial şəbəkələrdən istifadə edərək, ictimaiyyətə fəaliyyətimiz haqqında mütəmadi olaraq məlumatlar çatdırırıq.

Ümumən, hesab edirəm ki, KİV-lə aparılan iş məqbul səviyyədə qurulub, lakin elə bir fəaliyyət yoxdur ki, onu daha effektiv və faydalı əsaslarla təkmil etmək olmasın. Bu mənada, Agentliyin rəhbərinin göstəriş və tövsiyyələri əsasında yeni konseptual platforma formalaşıb, onu həyata keçirmək üçün “yol xəritəsi” hazırlanıb, icra mexanizmləri işlənilib və tədricən - tələsmədən, lakin tez bir zamanda bu sahəyə yeni nəfəs verməmiz özünü göstərəcək və ümid edirəm ki, bu, medianın istəklərinə də cavab verəcək.

Burada onu da qeyd edərdim ki, bu yolda hərəkət ikitərəflidir və bu yolun “hərəkət qaydalarını” mənimsəməmiş qələm “səyirdən” bəzi KİV nümayəndələri hərdən “qəza” şəraiti yaradırlar. Məsələn, bəzi hallarda mətbuat nümayəndələri Agentliyin münasibətini öyrənmədən əqli mülkiyyət sahəsi barədə, Agentliyin fəaliyyəti haqqında yazılar yayırlar. Bu səbəbdən, heç kimin xatirinə dəymədən, deyərdim ki, əqli mülkiyyətin mahiyyəti barədə bilgilərinin diletant səviyyəsində olması onları subyektivizmə və birtərəfliyə yuvarladır, mövzunun hərtərəfli və tam işıqlandırılmasının qarşısını alır. Əyilmiş beli düzəltməyə cəhd edərək, bu hallarda həmin media qurumu ilə əlaqə saxlayaraq mövzu ilə əlaqədar Agentliyin də mövqeyinin əks olunmasına çalışırıq.

- Fəaliyyətiniz dövründə Agentlik hansı uğurlu layihələrə imza atıb?

- Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı nəticəsində Əqli Mülkiyyət Agentliyi və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasından ibarət ixtisaslaşmış vahid dövlət qurumu yaradılmışdır.

Azərbaycan Ümümdünya Əqli Mülkiyyət Təşkilatının rəhbər orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində təmsil olunub. Ölkəmizin nümayəndəsi “ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti seçilib.

Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə həyata keçirdikləri “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru cənab Frensis Qarrinin cari ilin 4 – 6 iyun tarixlərində Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” adlı regional seminar keçirilmiş, ölkəmizin universitet və elmi tədqiqat institutlarının startap sərgisi təşkil olunmuş, Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır.

Agentlik tərəfindən ölkəmizdə əqli mülkiyyət hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və idarəolunması istiqamətində müntəzəm tədbirlər görülür. Bu fəaliyyətlər beynəlxalq uğurların əldə olunmasında da öz rolunu oynayır.

Belə ki, iki ay öncə Davos İqtisadi Forumunun yeni metodika üzrə hesablanmış 2018-ci il Qlobal Rəqabətqabiliyyətlilik İndeksində «Əqli mülkiyyətin qorunması» göstəricisi üzrə Azərbaycan 4.8 bal yiğaraq 36-cı yerdə qərarlaşıb. Bu göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yeri tutur.

Bu il ölkəmiz “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə də qoşulub. Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatımlı formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır. Mərakeş Müqaviləsində iştirak Azərbaycanda bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcəkdir.

Sentyabrda ÜƏMT-nin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə “Mədəni yaxınlıq: fərqliliyin vəhdəti” adlı mədəni tədbir keçirilib. Tədbirdə Əqli Mülkiyyət Agentliyi tərəfindən xalqımıza məxsus coğrafi göstəricilər təqdim olunub, milli mədəni irs nümunələri kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalça, kəlağayı, dolma və paxlava barədə ətraflı məlumatlar sərgilənib.

Agentliyin daha bir uğuru kimi ölkəmizin namizədinin Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunmasını da xüsusi vurğulamaq istərdim.

Bundan əlavə, Agentliyimiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə cari il dekabrın 18-də Cenevrədə ÜƏMT-nin mənzil-qərargahında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regionda təsiri: innovativ və yüksək texnologiya startaplarının təqdimatı” adlı tədbir təşkil edəcək.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Həyat heç də hər zaman asan deyil. Enişli, yoxuşlu anları olur. Ruhdan düşməyin, məqsədinizə çatmaq üçün ümidinizi itirməyin, hər zaman pozitiv olun, kreativ düşüncə və yaradıcı fəaliyyətə üstünlük verin. Bu əsaslarda yaranan əqli mülkiyyətiniz sizlərə fayda verəcək, sevinc və fərəh hissləri bəxş edəcəkdir.

Mətbuat.az saytına da Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinə maraq göstərdiyinə və dəvətinizə görə təşəkkür edirəm.

Xəyalə Məmmədova

Fotolar: İdrak Mustafayev

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against Azerbaijan
Search×
Onlayn Konsultasiya-

Onlayn Konsultasiya

?