Çağrı Mərkəzi: 960
​Azərbaycan – Ümumdünya Əqli Mülkiyyət Təşkilatı əlaqələri genişlənir

​Azərbaycan – Ümumdünya Əqli Mülkiyyət Təşkilatı əlaqələri genişlənir

Ölkə rəhbərliyinin qayğısı və dəstəyi ilə Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsinin təkmilləşdirilməsi siyasəti islahatlar vasitəsilə daima davam etdirilir. Bu fikrin təsdiqi kimi sahənin idarəolunmasının müasir tələblər səviyyəsində qurulmasına xidmət edən cari ilin 20 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamını göstərmək olar. Həmin sənədə əsasən, əqli mülkiyyət sahəsinin iki qolu olan müəllif-hüquq obyektlərinə hüquqların (müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat topluları və inteqral sxem topologiyalarına hüquqlar) və sənaye mülkiyyəti obyektlərinə hüquqların (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə hüquqlar) inkişafının təmin edilməsiı yeni yaradılan Əqli Mülkiyyət Agentliyinə həvalə edilmişdir.

Əqli mülkiyyət sahəsinin səmərəliliyinin göstəricisi olan yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunma səviyyəsinin yüksəlməsi və ölkənin iqtisadi potensialının artmasına sahə tərəfindən verilən töhfənin davamlı inkişafı, o cümlədən müasir hüquqi bazanın yaradılması və onun işlək olmasını təmin edən mexanizmlərin mövcudluğunu tələb edir. Bu işdə qabaqçıl beynəlxalq qurumların təcrübə və imkanlarından yararlanma məntiqli fəaliyyət və əldə edilə biləcək fayda baxımından əhəmiyyətlidir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarrinin cari ilin 4 – 6 iyun tarixlərində Azərbaycan Respublikasına baş tutacaq rəsmi səfəri bu mənada geniş imkanlar açır.

Dr. F. Qarri əqli mülkiyyət sahəsində nüfuzlu mütəxəssis kimi məşhurdur. İxtisasca hüquqşünas Avstraliya vətəndaşı olan Baş direktor Melburn universitetinin hüquq magistri, Kembric Universitetinin hüquq üzrə fəlsəfə doktorudur. O, vəkillik fəaliyyəti ilə məşğul olub, universitetlərdə müəllim kimi çalışıb.

1985-ci ildən Dr. F. Qarri ÜƏMT-da müxtəlif vəzifələrdə işləmiş, 2008-ci ildən Təşkilatın Baş direktorudur. Həmin ildən o, həmçinin Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (UPOV) Baş Katibi, 2012-ci ildən BMT sisteminin rəhbərlərinin Məşvərət Şurasının İdarəetmə məsələləri üzrə yüksək səviyyəli komitəsinin sədri və Cenevrədəki beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə üzrə Məşvərətçi Komissiyanın üzvüdür.

Dr. F. Qarri bir sıra beynəlxalq mükafatlara və fəxri adlara layiq görülmüş, o, nüfuzlu elmi əsərlərin müəllifidir.

ÜƏMT-nin Baş direktoru Azərbaycana ilk rəsmi səfərini 2014-cü ildə etmişdir. Baş tutacaq builki səfəri çərçivəsində onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi gözlənilir.

Qeyd etmək lazımdır ki, ÜƏMT Birləşmiş Millətlər Təşkilatının 16 ixtisaslaşmış təşkilatından biridir və əqli mülkiyyət sahəsində beynəlxalq və milli qanunvericiliklərin inkişafı və bununla bağlı beynəlxalq aləmdə görülən işlərin idarə olunması və koordinasiyasını həyata keçirir. Hal-hazırda təşkilata 191 üzv ölkə daxildir. Azərbaycan Respublikası beynəlxalq aləmdə olduqca böyük nüfuza malik olan bu qurumun 1995-ci il 25 dekabr tarixindən üzvüdür.

Ölkəmiz ÜƏMT-nin inzibati idarəçiliyini həyata keçirdiyi əqli mülkiyyət sahəsində qüvvədə olan əksər çoxtərəfli konvensiya, müqavilə və sazişlərə qoşulmuşdur. Hazırda 2013-cü ildə qəbul edilmiş “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaqla bağlı dövlətdaxili prosedurlar həyata keçirilir.

2006-cı ildə Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında əqli mülkiyyət sahəsində Əməkdaşlıq Proqramı, 2014-cü ildə isə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

ÜƏMT ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə müəlliflik hüququ və əlaqəli hüquqlar, eləcə də sənaye mülkiyyəti hüquqları sahəsində bir çox birgə beynəlxalq və regional tədbirər və layihələr həyata keçirilmiş, əqli mülkiyyət hüquqlarının qorunması və müdafiəsini təmin edən qanunvericilik bazasının formalaşdırılması, sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması, əqli mülkiyyət hüquqlarının qorunması sisteminin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən hakimlər üçün sahə ilə bağlı xüsusi təcrübə və təlim kurslarının təşkili və s. istiqamətlərdə birgə işlər görülmüşdür.

Azərbaycan nümayəndələri ÜƏMT-nin Baş Assambleyası, Hökumətlərarası və Daimi Komitələri çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olmuş, ÜƏMT çərçivəsində qəbul edilən beynəlxalq müqavilələrin hazırlanması və qəbul edilməsi prosesində fəal iştirak etmiş, 2012 və 2013-cü illərdə “Audiovizual ifalara dair Pekin Müqaviləsi”ni və “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”ni qəbul etmiş Diplomatik konfranslarda Mandat komissiyasının və Redaktə komitəsinin üzvü seçilmişdir.

Hazırda Azərbaycan Respublikası ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Koordinasiya Komitəsinin, həmçinin Proqram və Büdcə Komitəsinin üzvüdür. Azərbaycan nümayəndəsi “ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti vəzifəsində təmsil olunur.

ÜƏMT ilə fəal əməkdaşlığın nəticəsi olaraq, hazırda ölkəmizdə Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə” həyata keçirilir. Layihə ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi və həyata keçirilməsi, eyni zamanda universitetlərdə və elmi-tədqiqat müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Bununla bağlı 2017-ci ildə Müəllif Hüquqları Agentliyinin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında Birgə Bəyannamə imzalanmışdır.

Məhz adıçəkilən layihə çərçivəsində Dr. F. Qarrinin səfəri günlərində, iyun ayının 5-də, paytaxtımızda Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, ÜƏMT və Avrasiya Patent Təşkilatının birgə təşkilatçılığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: iqtisadiyyat innovasiyaların üstünlüklərindən necə faydalana bilər?” mövzusunda birgə regional seminar keçirələcəkdir. Baş direktor Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir çərçivəsində əqli mülkiyyət sahəsinin, universitetlərin və elmi-akademik dairələrin nümayəndələri ilə görüşəcək və onların qarşısında çıxış edəcəkdir. Həmçinin təhsil naziri cənab Ceyhun Bayramovun müşaiyəti ilə universitetlər tərəfindən yaradılımış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olacaq.

Qeyd edək ki, sərgidə 21 startap-layihə nümayiş olunacaq, onların 16-sı 7 yerli universitet, 2-si özəl şirkət, 3-ü AMEA (Yüksək Texnologilar Parkı) tərəfindən təqdim ediləcək. Bu sırada patent və patent qabiliyyətli ixtiralar, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılmış “Smart Keyboard” - bir çox əlifbalardan istifadə edən kompyuter istifadəçiləri üçün rahatlıq yaradan qurğu, Milli Aviasiya Akademiyasının məhsulu olan “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” – İnnovativ ozonlaşdlırma texnologiyaları əsaslı elmi-praktiki cihazqayırma istiqamətlərinin aidiyyəti avadanlıqlarının aviasiyada, tibbdə, kənd təsərrüfatında istifadəsi metodu, Azərbaycan Texniki Universitetində işlənmiş “Zirehli texnikanın reduktoru və dönmə mexanizmi”, “Liftin baş intiqalı”, “Helikopterlərin baş reduktoru”, “Mancanaq dəzgahının yeni konstruksiyası” layihələri, İdrak Technology Transfer MMC tərəfindən hazırlanmış “Pərsiz gəmi hərəkətvericisi” – maye və qazabənzər mühitlərin axınının formalaşdırılmasının orijinal metodu və digərləri nümayiş etdiriləcək. Ölkə rəhbərinin innovativ inkişafa verdiyi önəmə, bununla bağlı çağırışlarına cavab olan bu layihələr Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli, dayanıqlı və təhlükəsiz inkişaf modelinin təşəkkül tapmasına istiqamətlənmiş addımlardandır.

Tədbirin açılışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun, Azərbaycan Milli Elmlər Akdemiyasının prezdenti, akademik Akif Əlizadənin, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun, həmcinin Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessovanın və Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru Günel Sevdimalıyevanın çıxışları planlaşdırılıb.

Sessiya və panel müzakirələrində isə ÜƏMT, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Gürcüstan, Macarıstan və Yunanıstanın əqli mülkiyyət sahəsi üzrə tanınmış ekspertlərinin çıxışları nəzərdə tutulur.

Startaplarla tanışlığı Dr. F.Qarri həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdindəki Yüksək Texnologiyalar Parkında davam edəcək, burada həmçinin nazir cənab Ramin Quluzadə ilə görüş keçirəcək.

Ali qonağın həmin gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovla da görüşü olacaq, burada Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumunun imzalanma mərasimi olacaq.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığı və birgə fəaliyyətləri, o cümlədən aşağıdakı istiqamətlərdə inkişaf etdirməkdir:

- Azərbaycan Respublikasında milli əqli mülkiyyət strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi;

- əqli mülkiyyət sistemindən istifadə etmək məqsədilə universitetlərin və elmi tədqiqat institutlarının, təsərrüfat subyektlərinin, xüsusilə kiçik və orta həcmli müəssisələrin (KOM) potensialının artırılması;

- Blokçeyn texnologiyasına əsaslanan platformaların hazırlanması və onun tətbiq olunması da daxil olmaqla, rəqəmsal mühitdə müəllif hüquqlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə tədbirlərinin həyata keçirilməsi;

- kreativ iqtisadiyyatın davamlı inkişafı və onun ÜDM-dəki payının artırılması üzrə tədbirlərə dəstəyin gücləndirilməsi;

- folklor ifadələri (ənənəvi mədəni ifadələr) və ənənəvi biliklər də daxil olmaqla, qeyri-maddi mədəni irsin sistemləşdirilməsi, identifikasiyası, qeydiyyatı və mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi;

- saxtamalçılığa və piratçılığa qarşı mübarizə tədbirləri də daxil olmaqla, ƏM hüquqlarının təminatı sisteminin gücləndirilməsi;

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və s.

İkitərəfli münasibətlərin inkişaf etdirilməsi Dr. F.Qarrinin xarici İşlər naziri cənab Elmar Məmmədyarovla görüşü zamanı da müzakirə ediləcəkdir.

Gözlənilir ki, ÜƏMT-nin Baş direktorunun rəsmi səfəri Azərbaycanla bu təşkilat arasında münasibətlərin genişlənməsinə yeni impuls verəcək, ölkəmizin əqli mülkiyyət sahəsinin inkişafına müsbət təsir göstərəcək, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasına xidmət edəcək.

04.06.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×