Çağrı Mərkəzi: 960
Cenevrədə Azərbaycanın innovativ və yüksək texnologiyalar üzrə startaplarına həsr olunan tədbir keçirilib

Cenevrədə Azərbaycanın innovativ və yüksək texnologiyalar üzrə startaplarına həsr olunan tədbir keçirilib

Cenevrə, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin ilk hissəsində innovativ və yüksək texnologiyalı startaplara həsr edilmiş sərginin rəsmi açılışı olub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan startapçılarının hazırladığı 16 layihə təqdim olunub.

Tədbirdə ÜƏMT-nin, BTİ-nin nümayəndələri, Cenevrədə akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların, akademik və biznes dairələrinin təmsilçiləri iştirak ediblər.

Sərginin açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hulin Zao, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, təhsil nazirinin müavini İdris İsayev çıxış ediblər.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxışında bildirib ki, bu gün innovativ inkişaf Azərbaycanın iqtisadi siyasətinin əsas tərkib hissələrindən biridir. O, innovativ inkişaf sahəsində Azərbaycanda görülən tədbirlər və aparılan islahatlar, dövlət tərəfindən həyata keçirilən layihələr və eyni zamanda, özəl sektorun bu sahədə fəaliyyəti barədə danışıb. Eyni zamanda, startaplar da daxil olmaqla kiçik və orta sahibkarlara dövlət dəstəyinin göstərildiyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkının yaradıldığı qeyd edilib. Ölkəmizin ixrac potensialının gücləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu gün Azərbaycanın startapları beynəlxalq müsabiqələrdə iştirak edir, yer tutur və müxtəlif sektorlarda perspektivli layihələr kimi tətbiq olunur. Bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması da dövlətin bu sahəyə diqqətinin təzahürüdür. İnnovasiya Agentliyinin qarşısında texnologiyaların transferi, startap hərəkatının genişləndirilməsi, innovativ layihələrin maliyyələşdirilməsi, ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi kimi bir çox vacib vəzifələr qoyulub.

Nazir, həmçinin bildirib ki, Azərbaycan innovasiya və yüksək texnologiyalar üzrə beynəlxalq səviyyədə qazanılmış təcrübədən faydalanmağa və bu sahə üzrə əsas beynəlxalq təşkilatlar olan ÜƏMT və İTU ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır.

ÜƏMT-nin baş direktoru Frensis Qarri əqli mülkiyyət sahəsində Azərbaycanda əldə edilmiş uğurları qeyd edib, qanunvericilik bazasının inkişaf etdirilməsinin ölkənin iqtisadi-sosial həyatı üçün mühüm rol oynadığını vurğulayıb.

BTİ-nin baş katibi Hulin Zao çıxışında təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini deyib, Azərbaycanın bu təşkilatın fəaliyyətində yaxından iştirakını, xüsusilə də bu yaxınlarda təşkilatın rəhbər orqanlarına üzv seçilməsini məmnunluqla qeyd edib. Bildirib ki, Azərbaycan müasir texnologiyalar sahəsinə xüsusi diqqət verən bir ölkə kimi beynəlxalq nəqliyyat dəhlizləri üzərində innovativ haba çevrilməkdədir.

Hər iki rəhbər şəxs Azərbaycan hökumətini və xalqını Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxışında bildirib ki, bu gün Azərbaycan dərin islahatların aparıldığı bir ölkədir. Sosial və iqtisadi sahədə ciddi irəliləyişlər bir çox istiqamətlərdə, xüsusilə qeyri-neft sektoru, kənd təsərrüfatı və digər sənaye sahələrində maliyyə sabitliyinin və iqtisadi artımın bərpasına və təmin olunmasına imkan yaradır. Bu gün Azərbaycan innovativ inkişaf yolundadır və bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapır. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub. Reytinqdə Azərbaycan 10 mövqedən 8-də öz göstəricilərini yaxşılaşdırıb, dünyada islahatların sayına görə öncül mövqeyə çıxıb. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən çox islahat aparan dövləti siyahısına daxil edilib.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanması dayanır. Bu istiqamətdə elm və təhsilin rolu danılmazdır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsədlə də milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi həyata keçirilir.

Çıxışlardan sonra beynəlxalq təşkilatın rəhbərləri və nümayəndələr Azərbaycan startapçılarının hazırladıqları layihələrə baxıblar. Kənd təsərrüfatı, səhiyyə, sənaye, turizm və digər sektorları əhatə edən və uğurlu perspektivlər vəd edən innovativ layihələr böyük maraqla qarşılanıb.

x x x

Sərginin açılışından sonra ÜƏMT-nin binasında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” adlı konfrans keçirilib.

Konfransı açan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inkişaf edən ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Mihal Svantner beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan əqli mülkiyyət hüququnun bütün sahələrində qanunvericilik bazasını inkişaf etdirib və qanunvericilik təkmilləşdirilir. Təmsil etdiyi təşkilat həm müəllif hüququ, həm də əqli mülkiyyətin digər sahələrində Azərbaycanla məsləhətləşmələr aparır və əməkdaşlıq inkişaf etdirilir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında Azərbaycanın XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq keçdiyi texnoloji inkişafdan bəhs edib. Qeyd edilib ki, ölkədə baş vermiş ilk neft bumu ilə əlaqədar olaraq Azərbaycan müasir texnologiyaların istifadə məkanına çevrilib. Sənaye üsulu ilə ilk neft buruğu, ilk dəfə dənizdə qazılmış quyudan neft hasilatı, dövrünün ən innovativ layihələrindən olan “Neft daşları” Azərbaycanın texnoloji inkişaf tarixinin səhifələridir və bu inkişaf gündəlik həyatın digər sahələrini də əhatə edib. XX əsrin 60-70-ci illərində və müstəqillik dövründə Azərbaycanda informasiya texnologiyalarının inkişafına xüsusi diqqət verilib. Bu gün Azərbaycanda inkişaf etmiş telekommunikasiya infrastrukturu qurulub, ən müasir texnologiyalar, xidmətlər təqdim olunur.

Bildirilib ki, Azərbaycanda innovativ inkişaf ölkənin inkişaf prioritetlərindəndir və bu məsələlər hökumət tərəfindən dəstəklənir. Həm institusional, həm də iqtisadi islahatlar çərçivəsində ölkədə innovasiya ekosisteminin qurulması, startapların inkişafı üçün ciddi addımlar atılır, kiçik və orta sahibkarlıq inkişaf etdirilir, texnoparklar, maliyyə fondları fəaliyyət göstərir, vergi və gömrük güzəştləri tətbiq olunur. Həmçinin startapların biznes ideyalarının reallaşdırılmasına kömək göstərilir, onlara müsabiqə əsasında qrantlar ayrılır və güzəştli kreditlər verilir, universitetlərdə biznes inkubatorlar yaradılır.

Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov çıxışında Azərbaycanla Cenevrədəki beynəlxalq təşkilatlar arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib və Azərbaycan cəmiyyətinin yeni nəslinin uğurlarının nümayiş etdirilməsi üçün yaradılan şəraitə görə təşəkkür edib. O bildirib ki, təqdim olunan sərgi sayəsində Azərbaycanın innovativ texnologiyalar və startaplar sahəsində əldə etdiyi uğurlar və ölkənin bu istiqamətdə yeni siması ilə tanış olmaq mümkündür.

Sonra əqli mülkiyyət siyasəti, akademik təsisatların (universitet və araşdırma institutları) əqli mülkiyyət siyasətinin təşkili, İKT bazalı ekosistemlərin inkişafında startapların rolu, kiçik və orta sahibkarların davamlı iqtisadi inkişaf üçün əhəmiyyəti və digər mövzularda məruzələr dinlənilib. Konfransda, həmçinin Azərbaycanın son 25 ildə transformasiya, əqli mülkiyyət, innovasiya və yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən çıxışlar edilib.

Konfrans iştirakçıları, həmçinin ÜƏMT-də təşkil olunmuş sərgi ilə tanış olublar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×