Çağrı Mərkəzi: 960
​Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının musiqisinin bir hissəsinin ermənilər tərəfindən mənimsənilməsi cəhdləri ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

​Dahi Azərbaycan  bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının musiqisinin bir hissəsinin ermənilər tərəfindən mənimsənilməsi cəhdləri ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının musiqisinin bir hissəsinin erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilməsi və “Vaqaraşabat rəqsi” kimi təqdim etməsi yeni fakt deyildir.

Ermənilər müxtəlif vaxtlarda, XVII-XVIII əsrlərdə, daha sonra ruslar tərəfindən XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçürüləndən sonra Azərbaycan xalqının mədəni irsinə qənim kəsilmiş, onu mənimsəməyə və özününküləşdirməyə çalışmışlar. Ermənilər bu əməllərini XX əsrin əvvəllərində və sovet dövründə də davam etdirmiş, xüsusən də dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin yaradıcılığına göz dikərək, onun müxtəlif əsərlərindən parçaları, hətta bütöv əsərini oğurlamağa cəhd göstərmişlər. Məsələn, hələ 1915-ci ildə Ü.Hacıbəylinin “Arşın mal alan” operettası guya səhvən “erməni operettası” təqdim olunmuş və bununla bu operettanın mənimsənilməsinin əsası qoyulmuşdur. Paradoksal haldır ki, sonrakı illərdə də hətta Sovet İttifaqı ərazisində bu əsər ermənilər tərəfindən tamaşaya qoyularkən bilərəkdən müəllifin adı göstərilməmiş, titrlərdə isə yalnız erməni ifaçıların adları qeyd edilmişdir. Belə faktların sayı kifayət qədərdir.

Son vaxtlar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının musiqisindən bir hissəsinin erməni bəstəkarı A.Babacanyan tərəfindən oğurlanaraq “Vaqarşabat rəqsi” kimi təqdim edilməsi ilə bağlı KİV-lərdə yazılar dərc olunmaqdadır.

Bununla əlaqədar aşağıdakıları bildiririk.

Bəllidir ki, Üzeyir Hacıbəyli“O olmasın, bu olsun” musiqili komediyasını keçən əsrin əvvəllərində, 1910-cu ildə yazmışdır. Əsər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmış və 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tagıyev teatrında səhnələşdirilmişdir. Tamaşanın rejissoru H.Ərəblinski, dirijoru M.Maqomayev idi. Tamaşa qısa müddətdə böyuk müvəffəqiyyət qazanmışdı və elə həmin vaxtlardan da başlayaraq ermənilər bu məşhur musiqili komediyanın musiqisinə göz dikmiş, müxtəlif forma və üsullardan istifadə etməklə onu erməniləşdirməyə çalışmışlar.

Məsələn, vaxtilə “Soyuzmultfilm” studiyasında istehsal edilmiş “Pes i kot” adlı cizgi filmində Üzeyir Hacıbəyliyə məxsus olan “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın “Gəl xanım, gəl yanıma...” ariyası istifadə olunmuş və erməni musiqisi kimi təqdim edilmişdir. Filmin titrlərində isə bəstəkarın adı Karen Xaçaturyan kimi yazılmışdır. Hələ 2010-ci ildə Agentlik tərəfindən “Detskiy mir” teleşirkətinə K. Xaçaturyanın plagiatçılıq etməsi barədə etiraz bildirilərək, həmin filmin nümayişinin dayandırılması tələb edilmiş, məsələ ilə bağlı sübutedici sənədlər əsasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) etiraz məktubu göndərilmişdir.

Bununla yanaşı, 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası televiziyasında Ermənistana həsr olunan verilişdə yenidən Azərbaycan musiqisi erməni müsiqisi kimi təqdim edilmişdir. Belə ki, Ermənistan haqqında çəkilmiş sənədli filmdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının qonaqlıq səhnəsindəki musiqi plagiat edilərək istifadə olunmuş və erməni müsiqisi kimi təqdim edilmişdir. Ermənilər öz oğurluqlarını əsaslandırmaq üçün filmdə istifadə olunan “Eranqi” adlı musiqinin guya erməni bəstəkarı Komitas tərəfindən işlənməsi barədə uydurma “mənbəyə” istinad edərək bunu “əsaslı dəlil” kimi erməni informasiya agentlikləri vasitəsi ilə yaymışlar. Digər erməni mənbələrində isə bu rəqsin başqa bir variantının erməni bəstəkarı Arno Babacanyan tərəfindən işlənməsi və bunun “Vaqarşabat rəqsi” adlandığı barədə informasiya yayılmışdır.

Qeyd edək ki, tanınmış musiqi mütəxəssisləri dəfələrlə istər Komitas tərəfindən işlənmiş “Eranqi” adlı musiqinin, istərsə də A.Babacanyanın “Vaqarşabat rəqsi” kimi təqdim edilən “musiqi əsərinin” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasından götürüldüyünü və plagiat olduğunu qeyd etmişlər. Hətta çox sonralar A.Babacanyan sovetlər dönəmində mərkəzi televiziyanın verilişlərinin birində çıxış edərkən öz oğurluğunu pərdələmək və əsaslandırmaq üçün Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının “kökləri”ni Qarabağın hansısa erməni kəndlərindən birində oxunan melodiyalarda “tapmış” və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını günahlandırmağa və öz plagiat əməllərini əsaslandırmağa cəhd göstərmişdir.

Bu da təsadüfi deyildir. Çünki tarixən ermənilərin vətənpərvərlik hissi aşılayan milli əsərləri, mədəniyyət nümunələri olmadığına görə onlar bunun yerini başqa xalqların yaradıcılıq nümunələri hesabına doldurmağa çalışmışlar. Sonrakı mərhələdə isə öz oğurluq əməllərini əsaslandırmaq üçün əvvəl müxtəlif yalançı, xəyali, uydurma, mövcud olmayan “mənbələrə” istinad edərək bu əsərlərin erməni mədəniyyət nümunələri olduğunu sübut etməyə çalışmışlar və bu əməlləri tədricən vərdişə və erməni ənənəsinə çevrilmişdir. XVII-XVIII əsrlərin, daha çox da XIX əsrin elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu hazırda Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır. Qədim Azərbaycan nəğmələri erməni mühitində geniş istifadə edilməklə, toplanaraq erməni arxivlərində saxlanılmaqla yanaşı, həm də imkan daxilində tərcümə edilərək ermənilər tərəfindən onların “milli” nümunələri kimi nəşr olunurdu. R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini buna misal göstərmək olar.

Yaxın keçmişə nəzər yetirsək, eyni vəziyyəti təkrar görə bilərik. Belə ki, ermənilər XIX əsrin əvəllərindən başlayaraq, Azərbaycan xalqına məxsus əsərləri kütləvi şəkildə toplayır, erməni transkripsiyasında yazıya alır, sonrakı mərhələdə isə onları erməni nümunələri kimi nəşr etdirib yayırdılar. Bunu əsaslandırmaq üçün əslində mövcud olmayan mənbələr uydurur, ya da növbəti “əsərdə” özü özünə istinadən “istinadlar zənciri” yaradılırdı.

Ermənilərin qürur duya biləcəkləri milli əsərlərinin olmadığını vaxtilə erməni ziyalıları özləri də etiraf etmişlər. Məsələn, XIX əsrin məşhur erməni xadimlərindən biri olan M.Nalbandyan yazırdı ki, erməni “... melodiya və havaların çoxu türklərdən [azərbaycanlılardan] götürülmüşdür. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman – hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərinin tam külliyyatı, c. 1).

Yaxud məşhur ədəbiyyatşünas S. Palasanyan 1868-ci ildə özünün “Erməni melodiyaları” kitabında etiraf edirdi ki,“...ümumiyyətlə,biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”.

X. Abovyanın fikirləri də maraqlıdır: “...ermənilər ancaq türkcə (azərbaycanca) oxuyurlar”, çünki “ermənilərin mahnı ilə dastanları yoxdur” və s. A. Brutyan isə bütün bunlara əlavə etmişdir ki, “ən məşhur erməni muğam ifaçıları Bakıdan və Şuşadan çıxmışlar.”

Məşhur mütəxəssis A.Koroşşenko “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı ki,“...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”,1896). Sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə məşğul olmuş erməni bəstəkarı və musiqişünası S.Məlikyan da onun bu fikri ilə həmfikir idi. M.Muradyan və Q. Tiqranovun da redaksiya heyətinə daxil olduğu “SSRİ xalqları musiqisinin tarixi”ndə (M., 1970) bu barədə belə yazılmışdı: “O, [xalq musiqisini toplamaq və yazmaq məqsədi ilə], ekspedisiya işlərində müntəzəm iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi”.

Məhz, bu səbəbdən M.Muradyan “XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən” əsərində S.Melikyanın fikrini əsaslandıran “təsir nəzəriyyəsi”ni kəskin tənqid etmişdir, çünki bu nəzəriyyəyə əsasən, “erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığımından ibarərdir”.

Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin, o cümlədən xalq mahnılarının, rəqslərin, bəstəkar əsərlərinin oğurlanması faktlarının ifşa edilməsi Əqli Mülkiyyət Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdən biri kimi həmişə diqqət mərkəzində saxlanılır, məsələ ilə bağlı araşdırmalar aparılır, müvafiq arayışlar hazırlanır, kitablar nəşr olunur və yayılır. Qeyd etmək lazımdır ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən erməni əqli mülkiyyət oğurluqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı Azərbaycan, ingilis, rus və rumın dillərində nəşr edilərək, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən qurumları vasitəsi ilə yayılıb. Erməni və xarici mənbələr əsasında “Gəldim, gördüm, mənimsədim...” kitabçası tərtib edilərək nəşr olunub, həmçinin Agentlik tərəfindən “Erməni tarıxi uydurmalarının tarixinə giriş”, “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “Müəlliflik hüququ” və s. kitablar yazılıb və çap olunub.

Bununla yanaşı, ermənilərin plagiatçılıq əməlləri barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına bir sıra etiraz müraciətləri göndərmişdir. Bu müraciətlər mütəxəssislərin rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında hazırlanır.

Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir qurumudur. Əqli mülkiyyət sahəsində nüfuzlu hökumətlərarası qurum olan bu beynəlxalq təşkilatın 190-dan artıq üzvü vardır. Ermənistan da ÜƏMT-nin üzvüdür, həmçinin onun inzibati idarəçiliyi altında “Ədəbi və bədii əsərlərin qorunması haqqında” beynəlxalq Bern Konvensiyasına qoşulmuşdur. Bu beynəlxalq təsisatlarda üzvlükdən və iştirakdan irəli gələn əqli mülkiyyət hüquqlarının, o cümlədən müəllif hüquqlarının qorunması ilə bağlı öhdəliklərinə əməl etməlidir. Lakin təəssüf ki, Ermənistan bunu etmir və digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir.

Son vaxtlar KİV-lərdə müzakirə olunan guya A.Babacanyanın yazmış olduğu “Vaqarşabat rəqsi” kimi təqdim edilən “musiqi əsərinin” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasından mənimsənilməsi də şəksiz plagiat faktıdır və hazırda ÜƏMT-yə göndərilmək üçün Agentlik tərəfindən tarixi, etimoloji-linqvistik və hüquqi faktlar əsasında etiraz məktubu hazırlanıb.

15.02.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×