Çağrı Mərkəzi: 960
​Kamran İmanov: “ÜƏMT-nin Baş direktorunun Azərbaycana səfəri əhəmiyyətli hadisədir”

​Kamran İmanov: “ÜƏMT-nin Baş direktorunun Azərbaycana səfəri əhəmiyyətli hadisədir”

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov iyun ayının 4-6-da ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin Azərbaycana səfəri barədə danışarkən, bu səfəri əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir.

“ÜƏMT-nin Baş direktoru, doktor Frensis Qarrinin Azərbaycana səfərini əhəmiyyətli hadisə kimi qəbul edərək, hökumət proqramına uyğun olaraq, yüksək səviyyəli görüşlər və vacib sənədlərin imzalanmasını nəzərdə tuturuq”, - deyə, professor Kamran İmanov iyunun 5-də Bakının Heydər Əliyev Mərkəzində keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransın və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” adlı regional seminarın açılışında bildirmişdir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə təşkil edilmiş tədbir 2017-ci ildə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT-ı tərəfindən imzalanmış Birgə Bəyannamənin nəzərdə tutduğu “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə” çərçivəsində hazırlanmışdır. Layihə ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi və həyata keçirilməsi, eyni zamanda universitetlərdə və elmi-tədqiqat müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rəhbərləri, beynəlxalq və yerli ekspertlər iştirak etmişlər.

Çıxışını davam edən K.İmanov onu da demişdir ki, dr. F.Qarri “Azərbaycanın dostu, ÜƏMT ilə Azərbaycan əlaqələrinin nəzərəçarpan dərəcədə genişlənməsində danılmaz rolu olan, əqli mülkiyyət sahəsinin ən nüfuzlu peşəkarlarından, alimlərindən sayılır”.

F.Qarrinin «gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diqtə ediləcəyi və onu idarə etməsi qaçılmazdır» fikrini xatırladaraq, K.İmanov qeyd etmişdir ki, bu “cənab F.Qarrinin öncədən gördüyü əqli mülkiyyətin gələcək təkamülünün konturlarını müəyyənləşdirir”. Onun sözlərinə görə, bu təkamül texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına kardinal təsiri və, “öz növbəsində, əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması” yolu ilə inkişaf edəcək.

K.İmanov vurğulamışdır ki, “əqli mülkiyyətin dəyişmiş rolu onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan üçün çox aktualdır, “çünki Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyur”. “Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan və «Made in Azerbaijan» brendini təşviq edən dövlətimiz qısa müddətdə böhran vəziyyəti arxada qoyaraq, iqtisadi artımlı dinamika ilə müşahidə olunur, qeyri-neft sektorunda 2018-ci ilin 4 ayında 11% irəliləyiş mövcuddur və mötəbər Dünya İqtisadi Forumunun məlumatına əsasən, rəqabətqabiliyyətliliyə görə dünyada bir sıra inkişaf etmiş ölkələri üstələyərək, 35-ci yeri tutur”, - deyə, o fikrini davam etmişdir.

Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədrinə görə, yaşadığımız «biliklər cəmiyyətində», texnologiyaların sıçrayışı dövründə və rəqəmsal innovasiyaların «rəqəmsal imperativ» zamanında “innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir”.

O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözlərini bu yada salmışdır: «müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir» və “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.

K.İmanov demişdir ki, “bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən başlayaraq, yuxarı-orta gəlirli ölkələr sırasındadır. Davos İqtisadi Forumunun «İnklüziv inkişaf indeksi – 2018»-ə əsasən, ölkəmiz inkişaf edən ölkələr arasında 3-cü yeri tutur. Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə öz müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirmişdir”.

O, əlavə etmişdir ki, “ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30% aşağı düşmüşdür”.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılması barədə danışan K.İmanov bu qurumun qarşısında duran vəzifələrin dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə müəyyən edildiyini və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət edilməsində gördüyünü bildirmişdir. Onun sözlərinə görə, bu vəzifələrin icrası üç amil nəzərə alınmaqla, həyata keçirilir:

  • ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çevrilməsi;
  • KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması;
  • əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi.

Sadalananlar isə bir sıra tədbirlərin həyata keçirilməsini tələb edir, o cümlədən:

  • Azərbaycanın uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması;
  • İxtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin patent alınmasını sadələşdirən Patent hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması;
  • Universitetlər, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, onların texnologiyaların kommersiyalaşma ofislərinə (TKO) çevrilməsi;
  • Elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların transfer Mərkəzləri və Əqli mülkiyyət hüquqlarının Kommersiyalaşdırılması Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyi nəzdində yaradılması;
  • “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi və kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması;
  • Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi.

Tədbir iştirakçıları qarşısında çıxış edən Dr. F.Qarri demişdir ki, yeni texnologiyaların tətbiqi əqli mülkiyyətə qlobal səviyyədə marağı daha da artırmış, istehsal prosesində əqli mülkiyyət nəticələrinin tətbiqi isə iqtisadiyyatın strukturuna və inkişafına olduqca güclü təsir edir.

O, həmçinin qeyd etmişdir ki, əqli fəaliyyət lokallıq baxımından daha intensiv şəkildə Asiya qitəsində inlişaf edir, bu dünya intellektual xəritəsini dəyişərək, məhz bu regionu kəşf və ixtiraların patentləşdirilməsi nöqteyi-nəzərindən yeni əqli fəaliyyət mərkəzinə çevirir. Dr. F.Qarrinin sözlərinə görə, qlobal səviyyədə 60%-dən çox patentləşmə ərizələri Asiya ölkələrindən daxil olub, beynəlxalq patent ərizələri üzrə isə bu regionun payı qlobal miqyasda 49% təşkil edir.

Bu baxımdan o, strateji mövqeyə malik olan Azərbaycan kimi ölkələrin bu amildən faydalanmasını vacib saymışdır.

Dr. F.Qarri bunu da demişdir: “Xüsusi əhəmiyyətli ekosistemlərin yaradılmasında universitetlərin rolu böyükdür. Çox şadıq ki, Azərbaycanda bu sahədə birgə layihə həyata keçirilir. Universitetlər və tədqiqat institutları dəyişikliklərin əsası və bilik mənbəyidir. Onlar biliklərin iqtisadiyyatda tədbiqi baxımından elm və texnologiya arasında körpü rolunu oynayır. Bunun üçün müxtəlif siyasətlər və tədqiqatların dəstəklənməsi lazımdır”.

Azərbaycanla ÜƏMT-ı arasında münasibətlərdən danışaraq, Dr. F.Qarri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığın faydalı və səmərəli olduğunu qeyd edib, ikitərəfli əlaqələrin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasinin prezidenti, akademik Akif Əlizadə innovativ inkişafın ölkələrin gələcəyində daha böyük rol oynayacağını qeyd etmiş, bizneslə elmin əməkdaşlığının vacibliyini vurğulamışdır.O qeyd etmişdir ki, iinovasiyaların inkişafına dəstək vermək məqsədi ilə Elmlər Akademiyasının bir sıra institutlarının tərkibində texnoparklar yaradılmasıdır.

Təhsil naziri Ceyhun Bayramov isə qeyd etmişdir ki, uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanması dayanır. O demişdir:”İnnovasiya prosesi yeniliklərin yaradılmasından başlayaraq bu yeniliklərin mənimsənilməsi və bazara çıxarılmasınadək olan bütün mərhələlərdə əqli mülkiyyətin iştirakını özündə ehtiva edir.Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır”.

Öz növbəsində, Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova diqqətə çatdırıb ki, Azərbaycan bu qurumun səkkiz üzvündən biridir. Hazırda bu təşkilatda Azərbaycandan 7300 patent dəstəklənir. Ölkədən daxil olan ərizələrin 80 faizi elmi müəssisələrin, akademiyaların və institutların payına düşür.

Tədbirin açılış mərasimindən sonra onun iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olmuşlar. Sərgidə 21 startap-layihə nümayiş olunmuş, onların 16-sı 7 yerli universitet, 2-si özəl şirkət, 3-ü AMEA (Yüksək Texnologilar Parkı) tərəfindən təqdim edilmişdir. Bu layihələr ölkə rəhbərinin innovativ inkişafa verdiyi önəmə, bununla bağlı çağırışlarına cavab olaraq, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli, dayanıqlı və təhlükəsiz inkişaf modelinin təşəkkül tapmasına istiqamətlənmiş addımlardandır.

Patent və patent qabiliyyətli ixtiralar sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılmış “Smart Keyboard” - bir çox əlifbalardan istifadə edən kompyuter istifadəçiləri üçün rahatlıq yaradan qurğu, Milli Aviasiya Akademiyasının məhsulu olan “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” – İnnovativ ozonlaşdlırma texnologiyaları əsaslı elmi-praktiki cihazqayırma istiqamətlərinin aidiyyəti avadanlıqlarının aviasiyada, tibbdə, kənd təsərrüfatında istifadəsi metodu, Azərbaycan Texniki Universitetində işlənmiş “Zirehli texnikanın reduktoru və dönmə mexanizmi” , “Liftin baş intiqalı”, “Helikopterlərin baş reduktoru”, “Mancanaq dəzgahının yeni konstruksiyası” layihələri, İdrak Technology Transfer MMC tərəfindən hazırlanmış “Pərsiz gəmi hərəkətvericisi” – maye və qazabənzər mühitlərin axınının formalaşdırılmasının orijinal metodu xarici iştirakçılar tərəfindən xüsusi diqqətlə qarşılanmışlar.

Sessiya və panel müzakirələrində isə ÜƏMT, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Gürcüstan, Macarıstan və Yunanıstanın əqli mülkiyyət sahəsi üzrə tanınmış ekspertləri çıxışlar etmişlər. O cümlədən, “İnnovasiya və enerji” panel müzakirələrində Şimali-Amerikalı enerji üzrə ekspert Jaki Pikin çıxışı zamanı fərdlərin innovativ üsulların tətbiqi ilə yeni kəşflərin və ixtiraların əldə edilməsi, onların patentləşməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi məsələləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və çoxsaylı suallar doğurmuşdur. Eləcə də, ÜƏMT-n Baş iqtisadçısı Karsten Finkin “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” ÜƏMT- 2017 Hesabatına giriş”, Rusiya Dövlət Əqli Mülkiyyət Agentliyinin əməkdaşı, professor Boris Simonovun “Patentləşmənin reqional aspektləri”, London universitetinin Kommersiya Hüququ Tədqiqatları üzrə Kraliça Meri Mərkəzinin Əqli mülkiyyət üzrə mühazirəçisi dr. Qail Elizabet Evansın “Qlobal dəyər zəncirləri və brendləşdirmə” adlı məruzələri diqqətlə izlənilmişdir.

Onu da bildiririk ki, Dr. F.Qarri səfəri çərçivəsində startaplarla tanışlığı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdindəki Yüksək Texnologiyalar Parkında davam etmiş, burada nazir cənab Ramin Quluzadə ilə görüş keçirmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovla görüşdə isə Azərbaycan Respublikası Hökuməti və ÜƏMT-ı arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumunun imzalanma mərasimi olmuşdur.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığı və birgə fəaliyyətləri, o cümlədən aşağıdakı istiqamətlərdə inkişaf etdirməkdir:

- Azərbaycan Respublikasında milli əqli mülkiyyət strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi;

- əqli mülkiyyət sistemindən istifadə etmək məqsədilə universitetlərin və elmi tədqiqat institutlarının, təsərrüfat subyektlərinin, xüsusilə kiçik və orta həcmli müəssisələrin (KOM) potensialının artırılması;

- Blokçeyn texnologiyasına əsaslanan platformaların hazırlanması və onun tətbiq olunması da daxil olmaqla, rəqəmsal mühitdə müəllif hüquqlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə tədbirlərinin həyata keçirilməsi;

- kreativ iqtisadiyyatın davamlı inkişafı və onun ÜDM-dəki payının artırılması üzrə tədbirlərə dəstəyin gücləndirilməsi;

- folklor ifadələri (ənənəvi mədəni ifadələr) və ənənəvi biliklər də daxil olmaqla, qeyri-maddi mədəni irsin sistemləşdirilməsi, identifikasiyası, qeydiyyatı və mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi;

- saxtamalçılığa və piratçılığa qarşı mübarizə tədbirləri də daxil olmaqla, ƏM hüquqlarının təminatı sisteminin gücləndirilməsi;

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və s.

Dr.F.Qarrinin Baş nazir Novruz Məmmədovla görüşü zamanı Azərbaycan hökuməti ilə ÜƏMT-ı arasında əməkdaşlığın inkişafı müzakirə olunub, tərəflər arasında sıx əlaqələrin olduğu bildirilib. ÜƏMT-n Baş direktoru gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

İkitərəfli münasibətlərin inkişafı Dr. F.Qarrinin xarici İşlər naziri cənab Elmar Məmmədyarovla görüşü zamanı da müzakirə edilmişdir.

ÜƏMT-nin Baş direktorunun rəsmi səfəri Azərbaycanla bu təşkilat arasında münasibətlərin genişlənməsinə yeni impuls verəcək, ölkəmizin əqli mülkiyyət sahəsinin inkişafına müsbət təsir göstərəcək, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasına xidmət edəcək.

07.06.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×