Qaynar xətt: 960
“Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminar

“Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi:  əsas prinsiplər və beynəlxalq təcrübə”  mövzusunda beynəlxalq regional seminar

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılğı ilə keçirilən

“Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi:

əsas prinsiplər və beynəlxalq təcrübə

mövzusunda beynəlxalq regional seminar

(Bakı, 29-30 oktyabr 2019-cu il)


1. Tədbir haqqında.

ÜƏMT ilə birgə təşkil edilən bu beynəlxalq tədbir böyük maraqla qarşılanır: 20-ə qədər xarici qonaqlarımız – Polşadan, Türkiyədən, Rusiyadan, Ukraynadan, Qazaxıstandan və digər ölkələrdən iştirak edirlər. Bununla yanaşı, beynəlxalq təşkilatlar geniş təmsil olunur: ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music. Həmçinin 2 video-çıxış nəzərdə tutulur: İfaçıların Hüquqlarının Kollektiv İdarəetmə Təşkilatlarının Assosiasiyası (SCARP) və Surətçıxarma Hüquqları üzrə Təşkilatların Beynəlxalq Federasiyasının (IFFRO) rəhbərləri.

Bu cür möhtəşəm yığıncağa marağı doğuran nədir?

Müəlliflik hüququnun əmlak hüquqlarının kollektiv idarə edilməsidir. Bəllidir ki, müəlliflik hüququ digər ƏMH kimi fərdi, xüsusi hüquqdur və bu hüquqların sərəncamçılığını müəllif özü həyata keçirir. Lakin istifadəçilər dairəsinin genişlənməsi ilə və hüquq sahibinin istifadəyə nəzarəti həyata keçirə bilmədiyi halda, hüquq sahibləri ictimai təşkilatlar - əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarını yaradır və hüquqların təmsilçiliyini onlara həvalə edirlər.

Burada əsas məsələ müəllifə çatası qonorarın yığımıdır. Müasir dünya bu sahədə böyük problemlərlə rastlaşır və ən vacibi odur ki, yığılan və müəlliflərə çatdırılan qonorar onları razı salmır. Bu problemlərlə biz Azərbaycanda da rastlaşırıq və yaranan vəziyyət bizi, Əqli Mülkiyyət Agentliyini dövlət qurumu olaraq, narahat etməyə bilməz. Çünki müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalıdır, onların əsərlərinin istifadəsi ilə bağlı qonorarların yığımını təşkil etməlidir, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır. Odur ki, Əqli Mülkiyyət Agentliyi ÜƏMT qarşısında təşəbbüslə çıxış edərək, bu beynəlxalq regional seminarın keçirilməsinə nail oldu.

Konfransda müzakirəyə çıxarılan məsələlər sırasında böyük əhəmiyyətə malik olan problemlər mövcuddur. İlk növbədə regionun müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlilidir. Bu sıraya rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı daxildir.

Hesab edirəm ki, kollektiv idarəetməyə strateji yanaşma – hüquq sahiblərinin müstəsna hüquqlarının məhdudlaşdırılması və bununla bağlı məcburi və könüllü kollektiv idarəetmənin həyata keçirilməsi, dövlət və ya özəl kollektiv idarəetmə təşkilatlarına üstünlüyün verilməsi aktual problemlərdən biridir.

Və nəhayət, kollektiv idarəetmənin şəffaflığı, dürüstlüyü, transparentliyi, korporativ maraqlara, ayrıseçkiliyə yox, yalnız hüquq sahiblərinin mənafeyinə xidmət edilməsi, dövlətin bu təşkilatlarla bağlı nəzarət sisteminin səmərəliyinin artırılması məsələsidir.

2. Dövlət başçısının uzaqgörən və düşünülmüş siyasətinə əsaslanan iqtisadi islahatların yeni dalğası sosial-iqtisadi həyatımızı yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı dünyada tanınmış islahatçı dövlətlər sırasına yüksəldib. Belə ki, son “Doing Business - 2020” Hesabatında ölkəmiz 20 islahatçı dövlətlər sırasında yer alıb və son Davos İqtisadi Forumunun Raqabətqabiliyyətlilik Hesabatına əsasən, Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib.

Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiq edilir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması – 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası – 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.

Bu cür kardinal, inqilabi dəyişikliklər öz əksini əqli mülkiyyətin qorunmasında da tapır. Belə ki, son Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. Rəqabətqabiliyyətlilik İndeksində 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018 – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.

Bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Söylədiyim faktlar ölkəmizin əqli mülkiyyət sahəsində və xüsusən müəllif-hüquq istiqamətində nüfuzunun bariz nümunələridir.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.

3. Əqli Mülkiyyət Agentliyində hansı işlər aparılır?

İxtiraçılıq və patent fəallığının artırılması üzrə tədbirləri davam etməliyik, “vahid pəncərə” prinsipini, patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək məqsədi ilə yeni rəqəmsal xidmətlərin və informasiya sistemlərinin yaradılmasıdır. Bu sıraya “PƏNAH” sistemi daxildir. Həmçinin informasiya texnologiyalarının (blokçeyn və s.) verdiyi imkanlar hesabına ƏM hüquqlarının qorunmasının yeni sistemlərinin yaradılması və tətbiq edilməsi üzərində fəal şəkildə işləyib, tamamlayırıq.

Elmi müəssisələrdə ƏM siyasəti, 3.0 (təhsil + araşdırmalar + kommersiyalaşdırma) universitetlərin yaradılması, kiçik və orta biznes subyektlərində innovasiyaların stimullaşdırılması, əqli mülkiyyət – təlim mərkəzləri, patent sifarişçilərinin ilkin axtarış və ekspertizanın öyrədilməsi, startaplar və spinautlar üçün vergi preferensiyaları, milli brendlərin təbliği və əlbəttə, “one-stop-shops” prinsipi üzrə rəqəmsal müəllif hüququnun idarə edilməsi, kitabxananın rəqəmsallaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlamalıyıq.

Və ən vacibi – Texnologiyaların transferi və kommersiyalaşdırılması Mərkəzlərinin və İnnovasiyalara dəstək Mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı işləri sona çatdırmalıyıq.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×