Çağrı Mərkəzi: 960
​Yeni yaradılan Əqli Mülkiyyət Agentliyi dövlət başçısının sərəncam və göstərişlərini həyata keçirir

​Yeni yaradılan Əqli Mülkiyyət Agentliyi dövlət başçısının sərəncam və göstərişlərini həyata keçirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın yeniləşməsinin, sosial-iqtisadi islahatların uğurla reallaşdırma qüdrətinə malik olmasının, iqtisadiyyatının diversifikasiyasının və innovativ inkişaf yolunun təcəssümü kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncam imzalanmışdır. Həmin sərəncamın 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Sərəncamın aidiyyəti bəndlərindən irəli gələn vəzifələrin icrası çərçivəsində bir sıra normativ hüquqi aktlara dəyişikliklər edilmiş, yeni təkliflər hazırlanmış, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2018-ci il tarixli 285s nömrəli Sərəncamının 3-cü hissəsinə uyğun olaraq, Agentlik tərəfindən “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin layihəsi hazırlanaraq Ədliyyə Nazirliyi ilə razılaşdırılmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Yeni qurumun formalaşma prosesi, gələcək planlar, yeni strategiyanın konturları.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş cənab Kamran İmanov yeni vahid qurumun fəaliyyətinin qurulması məqsədi ilə formalaşma prosesi çərçivəsində Patent və Əmtəə Nişanları Mərkəzinin rəhbər heyəti və kollektivi ilə bir sıra görüş keçirmişdir. Müəllif Hüquqları Agentliyinin əməkdaşlarının da iştirak etdiyi yığıncaqda birləşmə məsələsinin detalları, yeni qurumun ölkə başçısının etimadını doğruldacaq kreativ, şəffaf və peşəkar iş prinsipləri və vəzifələri, gələcək perspektivlər müzakirə olundu.

Yığıncaqda Kamran İmanov Azərbaycanda sənaye mülkiyyətinin mühafizəsinə dair uzunmüddətli strategiyanın və onun əsasında qurum siyasətinin olmamağından söz açdı və bu boşluğu aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsini və vahid əqli mülkiyyət strategiyasının hazırlanmasının zərurətini qeyd etdi. K. İmanov yeni qurumun qarşısında duran ən vacib vəzifələrin dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə müəyyən edildiyini və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa uyğun xidmət etməsindən ibarət olduğunu vurğulayaraq, bu vəzifələrin icrasının dörd amil nəzərə alınmaqla həyata keçirlməsinin zəruriliyini qeyd etdi:

* ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çevrilməsi;

* KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması;

* əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi;

* rəqəmsal imperativi nəzərə almaqla əqli mülkiyyət hüquqlarının şəbəkələrdə idarə edilməsinin effektiv mexanizmlərinin yaradılması.

Mövzunun davamı kimi, Kamran İmanov sadalanan hədəflərin reallaşması üçün atılacaq addımların tezislərini açıqladı:

_ Azərbaycanın Uzunmüddətli Əqli Mülkiyyət Strategiyasının hazırlanması;

_ İxtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin patent alınmasını sadələşdirən Patent Hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması;

_ Universitetlər, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, onların texnologiyaların kommersiyalaşma ofislərinə (TKO) çevrilməsi;

_ Elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların transfer Mərkəzləri və Əqli mülkiyyət hüquqlarının Kommersiyalaşdırılması Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyi nəzdində yaradılması;

_ “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi və kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması;

_ Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi.

Mövzunun tamamında Kamran İmanov qeyd etdi ki, yeni çağırışlar əqli mülkiyyətin istər elmi təsisatlarla, istərsə də KOS strukturları ilə iş prinsiplərinin yeniləşməsini, daxili fəaliyyətin isə müasir göstəricilər vasitəsilə dəyərləndirilməsini tələb edir.

Yeni qurumun rəhbəri daha bir vacib məsələyə, kiçik və orta sahibkarlara dəstək verilməsi mövzusuna da toxundu. O əqli mülkiyyətin kreativ iqtisadiyyat və kiçik və orta sahibkarlığın innovasiyalı inkişafında rolu haqqında qısa məruzə etdi və yaxın vaxtlarda “Kiçik və orta sahibkarlara (müəssisələrə) dəstək” mövzusunda konfransın təşkil edilməsinə dair tapşırıqlar verdi.

İdarə heyətinin sədri həmçinin artıq yeni statusla dövlət quruculuğunda və əqli mülkyyət sahəsinin inkişafında iştirak edən Agentliyin gələcək vəzifələri barədə düşüncələrini bölüşərək, qurumun əməkdaşlarından iş fəaliyyətində insan kapitalına hörmət, şəffaflıq, əqli mülkiyyət hüquqlarının inkişafı, kreativ düşüncə, müasir çağırışlara hazırlıq kimi prinsiplərin rəhbər tutulması tələblərin irəli sürülməsini xüsusi qeyd etdi.

Kamran İmanov Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrası istiqamətində, o cümlədən “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı yeni strategiyanın hazırlanmasına dair da tapşırıqlar verdi.

Yeni qurumun tədbirləri. Sərgilər. Anlaşma Memorandumunun imzalanması.

Əqli mülkiyyət Agentliyi 2017-ci ildə Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihə” çərçivəsində tədbirlərin təşkilini davam etdirdi. Belə ki, Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə iyunun 5-də Heydər Əliyev Mərkəzində keçirilmiş “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” adlı regional seminar təşkil olundu. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali məktəblərin rəhbərlərinin, beynəlxalq və yerli ekspertlərin iştirak etdiyi bu tədbirlərdə ölkəmizin universitetlərində və elmi-tədqiqat institutlarında yaradılan startaplar və onların nailiyyətləri nümayiş etdirilmişdir. Tədbirlərdə ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Əqli Mülkyyət Təşkilatının Baş direktoru Dr. Frensis Qarri də iştirak və çıxış etdi. O, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığın faydalı və səmərəli olduğunu, ikitərəfli əlaqələrin daha da genişlənməsinin əhəmiyyətini xüsusi vurğuladı.

Tədbirin açılış mərasimindən sonra iştirakçılar, o cümlədən cənab F. Qarri və digər xarici qonaqlar universitetlər və elmi-tədqiqat institutları tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olmuşlar. Sərgidə 21 startap-layihə nümayiş olunmuş, onların 16-sı 7 yerli universitet, 2-si özəl şirkət, 3-ü AMEA (Yüksək Texnologilar Parkı) tərəfindən təqdim edilmişdir. Bu layihələr ölkə başçısının innovativ inkişafa verdiyi önəmə, bununla bağlı çağırışlarına cavab olaraq, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli, dayanıqlı və təhlükəsiz inkişaf modelinin təşəkkül tapmasına istiqamətlənmiş addımlardandır.

Patent və patent qabiliyyətli ixtiralar sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılmış “Smart Keyboard” - bir çox əlifbalardan istifadə edən kompyuter istifadəçiləri üçün rahatlıq yaradan qurğu, Milli Aviasiya Akademiyasının məhsulu olan “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” – İnnovativ ozonlaşdlırma texnologiyaları əsaslı elmi-praktiki cihazqayırma istiqamətlərinin aidiyyəti avadanlıqlarının aviasiyada, tibbdə, kənd təsərrüfatında istifadəsi metodu, Azərbaycan Texniki Universitetində işlənmiş “Zirehli texnikanın reduktoru və dönmə mexanizmi” , “Liftin baş intiqalı”, “Helikopterlərin baş reduktoru”, “Mancanaq dəzgahının yeni konstruksiyası” layihələri, İdrak Technology Transfer MMC tərəfindən hazırlanmış “Pərsiz gəmi hərəkətvericisi” – maye və qazabənzər mühitlərin axınının formalaşdırılmasının orijinal metodu yerli və xarici iştirakçılar tərəfindən xüsusi diqqətlə qarşılanmış, iştirakçılar və ÜƏMT-nin rəhbəri tərəfindən bu startaplar haqqında xoş sözlər söylənmişdir.

Sessiya və panel müzakirələrində isə ÜƏMT, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Gürcüstan, Macarıstan və Yunanıstanın əqli mülkiyyət sahəsi üzrə tanınmış ekspertləri çıxışlar etmişlər. O cümlədən, “İnnovasiya və enerji” panel müzakirələrində ABŞ-dan olan energetika üzrə ekspert Jaki Pikin çıxışı zamanı innovativ üsulların tətbiqi ilə yeni kəşflərin və ixtiraların əldə edilməsi, onların patentləşməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi məsələləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və çoxsaylı suallar doğurmuşdur. Eləcə də ÜƏMT-nin Baş iqtisadçısı Karsten Finkin “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” ÜƏMT- 2017 Hesabatına giriş”, Rusiya Dövlət Əqli Mülkiyyət Agentliyinin əməkdaşı, professor Boris Simonovun “Patentləşmənin reqional aspektləri” adlı məruzələri diqqətlə izlənilmişdir

Səfər proqramı çərçivəsində Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında Yeni qurumun cari və gələcək fəaliyyət istiqamətlərini, rəqəmsal dövrün çağırışlarına cavab verən strategiyasını, kreativ iqtisadiyyatın davamını, qeyri-maddi mədəni irsin sistemləşdirilməsini və s. özündə ehtiva edən Anlaşma Memorandumu imzalandı.

14.06.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×