Çağrı Mərkəzi: 960
Azərbaycanın əqli mülkiyyət sistemi son bir ildə: islahatlar və uğurlu nəticələr

Azərbaycanın əqli mülkiyyət sistemi son bir ildə: islahatlar və uğurlu nəticələr

Prezident İlham Əliyev: “Biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm, onların adı hansı dəftərdə var, amma hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik. ...Bax, budur bugünkü Azərbaycan!” (19.12.2019)

2019-cu il ölkəmiz üçün uğurlu il oldu, o, müstəqillik və inkişaf yolu ilə daha inamla addımladı. Bu bir ildə, obrazlı desək, Azərbaycan bir boy da ucaldı, bir boy da inkişaf etdi, beynəlxalq münasibətlər sistemində nüfuzunu, hörmətini daha da artırdı. Bunu faktlar, rəqəmlər, bir sözlə, diqqətçəkən nailiyyətlər təsdiq edir. İlin sonunda ABŞ-ın “U.S.News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqladı. Azərbaycan siyahıda 80 ölkə arasında 45-ci yerdə qərarlaşdı, hətta bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoydu. Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, beynəlxalq təşkilatlara üzvlüyü və bir sıra digər amillər nəzərə alınıb...

Bundan başqa, Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Son Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə ölkəmiz hökumətin uzunmüddətli strategiyasına görə 10-cu, islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdədir. Bütün bunlar Prezident İlham Əliyevin islahatlarının qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir. Bəli, bu gün dünya dövlətimizin başçısını islahatçı Prezident kimi tanıyır və qəbul edir...

x x x

...Bu inqilabi dəyişikliklər Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı və sosial-iqtisadi islahatların reallaşdırılması, həmçinin innovasiyalı inkiaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapır, islahatlar bu sistemdə də uğurlu nəticələrlə müşayiət olunur. Belə ki, son “Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci, “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yerdə qərarlaşıb...

...İntellektual insan güclüdür. İnsan kapitalı və ona dəstək vacibdir, çünki uğurlu inkişafın təməlində bilikli cəmiyyət dayanır. “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir” deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyət sahəsində də vacib islahatlar aparılır, əqli mülkiyyət sisteminin yeni strukturu, əqli mülkiyyət sahəsində hüquqların idarəedilməsi mexanizmi formalaşıb. 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində Əqli Mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verdi. Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarətetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Əqli Mülkiyyət Agentliyi yaradıldı. Sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri və onun tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verildi. Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradıldı, yeni Nizamnamələri təsdiq edildi. Nəticədə, bütövlükdə Əqli Mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətə başladı. Yeni qurumun qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, müəllif-hüquq sahəsinin, eyni zamanda, sənaye mülkiyyəti obyektlərinin daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə idarə edilməsi, bu idarəçiliyin müasir tələblərə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması, onun elektron, rəqəmli kitabxanaya çevrilməsidir...

Beləliklə, islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulunu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən idarəetmə modeli formalaşıb. Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun sözlərinə görə: “...İnnovasiyalı inkişafın başında yenilikçilik, yenilikçiliyin mənimsənilməsi, kommersiyalaşması, bazara çıxarılması və istehlakçılara çatdırılması durur. Bu isə ixtiralarla bağlıdır, çünki “bəşəriyyətin tarixi elə ixtiralar tarixidir”, əqli mülkiyyətin tarixi salnaməsidir. Bu şəraitdə müəlliflik hüququ ilə qorunan elmi-texniki əsərlər bilik daşıyıcıları kimi müstəsna rola malikdir, bunların sayəsində ixtiralar və digər Əqli Mülkiyyət obyektləri yaranır və qorunur. Bu səbəbdən, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən elmi-texniki kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır. Qarşımızdakı vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bununla da, əqli mülkiyyəti investisiyaların cəlb edilməsi və innovasiyaların həyata keçirlməsində fəal aktora çevirmək, yeni texnologiyaların kommersiyalaşdırılmasını dəstəkləmək və öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaq – kardinal vəzifəmizdir.”

Yeri gəlmişkən, Kamran İmanovun 2019-cu ildə ÜƏMT ilə birgə keçirilən beynəlxalq konfransdakı çıxışı və həmin ildə çap olunan “Patent qanunvericiliyinin təkmilləşdirilməsi və qarşımızda duran vəzifələr”, “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: Əqli mülkiyyət və texnologiyaların kommersiyalaşdırılmasının rolu”, “Kreativ iqtisadiyyat, Əqli mülkiyyət və İqtisadi artım”, “Hüquqların kollektiv idarə edilməsi müasir mərhələdə” kitablarında ölkəmizdə innovasiyalara dair islahatlar və əqli mülkiyyət sahəsində son illərdə həyata keçirilən tədbirlər geniş şəkildə öz əksini tapıb.

Azərbaycanın Əqli Mülkiyyət Agentliyi artıq diqqətçəkən nailiyyətlərə imza atıb və bu nailiyyətlər həm ilboyu ölkəmizdə keçirilən tədbirlərdə, həm də qurumun nümayəndələrinin müxtəlif beynəlxalq toplantılarda ölkəmizi layiqincə təmsil etmələrində aydın görünür. Azərbaycan müəllif-hüquq sahəsində geniş beynəlxalq əməkdaşlığa cəlb olunub, beynəlxalq təşkilatların işində fəal iştirak edir və əsas beynəlxalq Sazişlərin üzvüdür. 2019-cu ilin oktyabrında ÜƏMT-nin Baş Assambleyasında Büdcə və Proqram Komitəsinə seçilib, Koordinasiya Komitəsində təmsil olunacaq. Azərbaycanın nümayəndəsi – Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ilk dəfə olaraq müəllif hüququ üzrə 1886-cı ildən qəbul edilən və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb...

2018-ci ilin iyununda Bakıda Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda ÜƏMT-nin Baş direktoru Frensis Qarri Azərbaycanla faydalı və səmərəli əməkdaşılığı, birgə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi...

Əqli Mülkiyyət Agentliyi davamlı olaraq təşkil etdiyi beynəlxalq əhəmiyyətli konfranslarda vacib məsələləri gündəmə gətirir. Həmin tədbirlərin əksəriyyətində iştirak etmişəm və hər dəfə də bu sistemli fəaliyyətin rəsmi dairələr, hökumət nümayəndələri, yerli və əcnəbi alimlər, beynəlxalq ekspertlər tərəfindən böyük rəğbətlə qarşılanmasının şahidi olmuşam. Sözümün bu yerində, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun çıxış və məruzələrini xüsusi qeyd etməyi özümə borc bilirəm. Kamran müəllim, nəinki ölkəmizdə, dünyada bu sistemin əsl peşəkarlarından hesab olunur. “Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “UƏMT-nin dostudur” fikri isə ÜƏMT-nin Baş direktoru Frensis Qarriyə məxsusdur. Azərbaycan aliminin 2019-cu ildə xarici ölkələrdə, o cümlədən oktyabr ayında ÜƏMT-ə üzv dövlətlərin Assambleyasının Cenevrə şəhərində keçirilən 59-cu sessiyasının plenar iclasındakı çıxışı da böyük marağa səbəb olub. ÜƏMT-nin Baş direktoru Frensis Qarri əqli mülkiyyət sahəsinin ən ümdə məsələlərini əhatə edən məruzə haqqında belə deyib: “Əqli mülkiyyət sistemi dəyişikliklər dövrünü yaşayır və Azərbaycanın bu dəyişikliklərə adekvat olan mövqeyi “düzgün istiqamətdir.”.

...Əqli Mülkiyyət Agentliyinin 2019-cu il dekabrın 5-6-da Bakıda ÜƏMT ilə birgə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda beynəlxalq seminar isə Prezident İlham Əliyevin təşəbbüsü və göstərişləri ilə məhkəmə-hüquq sistemində aparılan islahatlara dəstək vermək məqsədi daşıyırdı. ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi Nahal Zebarcadinin də iştirak etdiyi tədbirdə əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı sahəsində ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi mövzusu geniş müzakirə olundu. Tədbirdə ətraflı məruzə ilə çıxış edən Kamran İmanovun fikrincə, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyənləşdirilir və həyata keçirilən islahatlara xidmət etməlidir...

Heç şübhəsiz, bütün bunlar ölkəmizin əqli mülkiyyət sahəsində və xüsusən müəllif-hüquq istiqamətində nüfuzunun bariz nümunələridir. Əqli mülkiyyət dünyası dinamik inkişaf edir, Azərbaycanın əqli-mülkiyyət sistemi isə bu inkişafdan geri qalmır. Bu uğurlar, eyni zamanda erməni plagiatçılığına qarşı beynəlxalq miqyasda və əcnəbi alimlərlə birgə mübarizə aparmaq imkanı deməkdir. Əqli Mülkiyyət Agentliyinin bu istiqamətdə sistemli fəaliyyəti isə təqdirəlayiqdir və alqışlanmalıdır. Bu fəaliyyəti Agentliyin keçirdiyi beynəlxalq tədbirlərdə, eyni zamanda hazırladığı çoxsaylı nəşrlərdə görmək mümkündür...

Dünya, axır ki, bir gün bu yalanlardan bezəcək...

Digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizləmə siyasəti – Ermənistanın bu xisləti artıq heç kimə sirr deyil. Ermənistandan, dədə-baba yurdlarından deportasiya olunan 250 min, öz ölkəsində məcburi köçkünə çevrilən 750 min azərbaycanlı – bu, bədnam qonşularımızın ölkəmizə ərazi iddialarının nəticələrini əks etdirən ağrılı rəqəmlərdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır. Ermənilərin ərazi iddiaları ilə yanaşı, xalqımıza məxsus qədim abidələri, eləcə də əqli mülkiyyətimizi oğurlamaq cəhdləri və üsulları da hamıya məlumdur. Onlar zaman-zaman yalnız torpaqlarımıza deyil, maddi-mənəvi sərvətlərimizə də göz dikiblər. Azərbaycan ərazisinin 20%-nin işğalı nəticəsində dağıdılan, yandırılan, məhv edilən tarixi, mədəni sərvətlərimiz, mədəniyyət nümunələrimiz saya-hesaba gəlmir. Azərbaycan folklorunun: rəvayət, dastan, bayatı və məsəllərinin, xalq musiqisinin, rəqslərinin, mətbəx nümunələrinin, xalçalarının, musiqi alətlərinin mənimsənilməsi ermənilər üçün artıq gülünc vərdişə çevrilib. Bu məqsədli mənimsəmə cəhdlərinin arxasında isə siyasi maraqlar dayanır. Onlar öz ərazi iddialarını “əsaslandırmaq” məqsədilə maddi və qeyri-maddi mədəni irsimizi qəddarlıqla talan edir, saxtalaşdırır, onları mənimsəmə cəhdlərindən əl çəkmirlər. Erməni plagiatının kökləri isə onların ərazi iddiaları ilə bağlıdır. Məqsəd mədəni irsimizi öz adlarına çıxmaqla ermənilərin güya Cənubi Qafqaz regionunun “ən qədim köklü sakinləri” olmasını, “böyük Ermənistan” xülyasına dair saxta “faktları” beynəlxalq ictimaiyyətə sırımaq, beynəlxalq ictimai rəyi çaşdırmaq, onda yanlış rəy yaratmaq, işğal edilmiş torpaqlarımızı özündə saxlamaq, digər torpaqlara göz dikməkdir. Təəssüf ki, bu talan, bu özbaşınalıq, bu erməni vandalizmi, erməni plagiatlığı, ermənilərin “özününküləşdirmə siyasəti”, mədəniyyətimizə qarşı səngiməyən erməni saxtakarlıqları davam edir. Bu bədnam, şovinist əməllər xalqımızın məşhur “Utanmasan, oynamağa nə var ki?” atalar sözünü yada salır. “Atalar sözü” demişkən, ermənilər utanıb-çəkinmədən elə atalar sözlərimizə də əl atır, onları da özününküləşdirmək istəyirlər...

Yuxarıda qeyd olunduğu kimi, əqli-mülkiyyət sistemi ilə bağlı tədbirlər həmin müstəvidə nailiyyətləri, yenilikləri, problemləri təqdim etdiyi kimi, həm də Əqli Mülkiyyət Agentliyinin erməni saxtakalıqlarına qarşı davamlı və sistemli mübarizəsinin əks-sədasına çevrilir, əsl həqiqətlərin ortaya çıxmasına, dünyaya çatdırılmasına vəsilə olur. Agentliyin sanballı nəşrlərinin bu məqsədyönlü mübarizədə rolu və əhəmiyyəti danılmazdır. Demək olar ki, bütün konfranslarda iştirakçılara bu aktual mövzuda böyük araşdırmaların bəhrəsi olan yeni nəşrlər təqdim olunur. Və bu nəşrlərin əksəriyyətinin bir müəllifi var: Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov. Alimin böyük araşdırmalarının və gərgin əməyinin bəhrəsi olan bu kitabların hər biri erməni plagiatçılığına qarşı mübarizədə çox tutarlı mənbədir. Elə təkcə 2019-cu ildə “Don bəzəyər də, ifşa edər də” seriyasından nəşr olunan üç kitabın adını çəksəm, fikrimi təsdiq etmiş olaram: “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri”, “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri” və “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında” kitabları. Sonuncu kitab üç dildə – Azərbaycan, rus, ingilis dillərində çap olunub. Göründüyü kimi, ispan yazıçısı Migel de Servantesin məşhur fikri nəşrlər üçün əsas deviz seçilib. Bu da səbəbsiz deyil. Kamran İmanovun fikrincə: “Tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitablarının çoxsaylı olduğu halda, bunlar bir-birinə istinadən, həqiqətə uyğun olmayan “faktları” tirajlayır və bununla “ermənisayağı mənbə”, yəni “dəlillər” sistemi yaratmaqdadır. O ki qaldı, böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır. Lakin məşhur Servantes demişkən, “Don bəzəyər də, ifşa edər də...””.

”Bilik amili olan kitablar insanları ümumbəşəri tarix və ortaq irs ətrafında birləşdirir. Bu da kitabların ikili əhəmiyyətini – ümumbəşəri mədəniyyətin və mədəni müxtəlifliyin daşıyıcısı olduğunu göstərir...” deyən Kamran İmanov erməni saxtakarlıqlarını ildən-ilə daha ciddi şəkildə araşdırır, “erməni plagiatlığını ifşa etmək və dünyanı məlumatlandırmaq” üçün bu vacib məsələni gündəmdə saxlayır, bir-birindən dəyərli kitablarında bədnam qonşularımızın Azərbaycana məxsus mənəvi sərvətlərə, əqli mülkiyyət nümunələrinə sahiblənmək arzusunu tarixi sübutlarla, faktlarla, sənədlərlə ifşa edir...

“Mifologiyaya əsaslanan “böyük torpaqlar” stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn “böyük erməni mədəniyyəti”, “sivilizasiyanın ilk erməni ocağı” mədəni oğurluqları erməniçilik təfəkküründə “təbiilik” və “legitimlik” qazandırır. Odur ki, Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasına, beynəlxalq normalarına uyğun yaşamasına məhəl qoyulmur. Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi davam edir. Üstəlik, erməniçilik tərəfindən hazırlanan ermənilərin “müstəsnalığı”, “əzabkeşliyi”, “xüsusi missiyası” uydurmalarından irəli gələn stereotiplər müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərərək çağdaş dünya quruculuğunun təməl daşı olan beynəlxalq hüququn tanınmasında maneələr törədir.” Sitat “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri” kitabındandır...

“Multikultural cəmiyyətdə identiklik qalib gəlir və getdikcə “milli-vətəndaş”, yəni “ölkə” və “dünya” identikliyi etnik (icma) identikliyini üstələyir” qənaətində olan alim YUNESKO-nun 76 ölkədə identikliklə bağlı keçirdiyi “World Values” sorğusunun rəqəmləri əsasında daha bir araşdırmasını diqqətə çatdırır: “...azərbaycanlıların multikultural, tolerant əlamətlərini təsdiqləyən çox aşağı səviyyədə olan “icma” (24%) və çox yüksək olan “dünya” (21%) identikləridir, mənzərəni tamamlayan yüksək “ölkə” identikliyidir (55%). Bu isə nə deməkdir? Ölkə (milli-vətəndaş) identikliyi icma (etnik) identikliyini qat-qat üstələyir. Bununla yanaşı, hakimiyyətin düzgün seçilmiş milli və ümumbəşəri siyasəti əhali tərəfindən dəstəklənərək yüksək “dünya” məxsusluğu identikliyi formalaşdırır. O ki, qaldı Ermənistana, onun “icma” – etnik identikliyi göstəricisi çox yüksək olaraq 38%-dir, “dünya” identikliyi isə yalnız 11%-dir. Nəticələri çıxartmaq çətin deyil...”

Yalnız həqiqi faktları ortaya qoyan, yalnız həqiqətin tərəfində olan və həqiqəti tələb edən müəllif yazır ki, hər bir xalqın, eləcə də erməni xalqının özünəməxsus tarixi var, millətin keçmişində baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər gerçəkliyin ayrılmaz bir hissəsidir. Və fikrinə belə davam edir: “Biz erməni xalqına qarşısı deyil, erməniçiliyə, sağlam olmayan dünyagörüşünü dəstəkləyən bədnam qonşularımızın millətçi müəllifləri ya da sifarişlə tutulmuş muzdlu xaricilər tərəfindən yazılan yalan, uydurma və böhtanlar dolu kitablara və digər yazılara qarşı çıxış edirik. Xüsusən tarixşünaslığa aid bu növ əsərlərdə əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və buradan guya itirilmiş torpaqlarla bağlı ərazi iddialarına qarşı çıxış edirik...”

Kamran İmanov hesab edir ki, millətçi hay-ermənilərin ölkə tarixini etnos tarixi ilə əvəz etməsi təsadüfi deyil. Səbəb isə yalnız keçmişdə “Armeniya” adlı dayanıqlı siyasi anlayışın yoxluğunda deyil, dayanıqlı coğrafi anlayış “Armeniya” heç vəchlə erməniçiliyin iştahını ödəyə bilmir, çünki bu, çoxlarının, eləcə də türk etnoslarının yaşayış məkanı idi. Sitat: “Əgər M.Xorenskidə “Armeniya” anlayışı sayca vahidlərlə ölçülürdüsə, indiki erməni tarixçilərinin “Armeniya”larının sayı onlarladır, o cümlədən ağız dolu söylədikləri “erməni dövlətçiliyinin Eçmiədzin dövrü” adlanan “Şərqi Armeniya” da. Aydındır ki, burada erməni dövlətçiliyinin məskəninə çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi Azərbaycandan söhbət gedir. Millətçi erməni müəlliflərinin yazılarında miqrant olan ermənilərin yaşadıqları bütün torpaqlarda avtoxton, aborigen olduqları haqqında iddialar irəli sürülür. Odur ki, hay-erməni köçmələrinin tranzit olduqları ərazilərin tarixini yazmalı olurlar və belə tarixə miqrasiya nəticəsində yaşadıqları bütün coğrafi məkanları da daxil edirlər. Elə buna görə yazdıqları tarix “Armeniya tarixi” kimi qələmə verilmir, “Erməni xalqının tarixi” kimi də təqdim olunur.”

Və alim bu nəticəyə gəlir: “...Erməniçilik bir şeyi unudur. Bu növ tarixi gəlmə etnosun xələfləri – törəmələri – alloxtonlar yazmış olurlar, halbuki ərazidə köklü yaşayanlar – avtoxtonlar yaşadıqları ərazini tarixi Vətəni, doğma yurdu, əcdadlarının məkanı kimi təsvir edərək, ölkə tarixini yazırlar...”

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə 2019-cu il oktyabrın 29-30-da Bakıda keçirilən “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminarda çox maraqlı məsələlər müzakirə edildi. Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən nümayəndələrin iştirak etdiyi seminar müəlliflik hüququnun əmlak hüquqlarının kollektiv idarə edilməsi mövzusuna həsr olunmuşdu. Tədbirdə regionun müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlili, rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı ilə bağlı məruzələr dinlənildi. Bütün bunlar öz yerində. Mənim məqsədim isə Kamran İmanovun həmin tədbirdə də erməni saxtakarlıqları ilə bağlı həyəcan təbili çalmasını xatırlatmaqdır. “Əqli mülkiyyət obyektlərinin başında mədəni ənənələr durur, bu dünyaya gəldiyimiz gündən və beşikdən başlayaraq son mənzilimizə qədər bizi müşayiət edən də ənənələrdir...” deyən alim bu mötəbər tribunadan daha vacib bir məsələni xarici qonaqların və peşəkarların diqqətinə çatdırdı: “Ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı – mənəvi gücü və qüdrəti təbiətlə və doğma torpaqla bağlıdır. Milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər və fərdi davranış stereotipləri – bütün bunlar doğma yurdla, əcdadlarla ayrılmaz tellərlə əlaqədədir. Sadalanan etnoloji və etnoqrafik üzvi əlaqələr: “insan – yaşadığı məkan”, “doğma torpaq – bədii şüur”, “yaradıcı təfəkkür – təbiət” öz əksini adət-ənənələrdə tapır, “milli ruhun arxeologiyası” adlanır, qocalmağa məruz qala bilməyən, canlı, daim inkişafda olan varidatımızdır, bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi yoxdur. Bunlar bizim keçmişimizin tərəqqisidir və bu günümüzün tərəqqisi sabahkı yeni ənənəyə çevriləcək.”.

Kamran İmanovun fikrincə, mədəni ənənələrin daxili qüdrəti ilə yanaşı, digər böyük gücü də unudulmamalıdır. Belə ki, son elmi araşdırmalar göstərir ki, ənənələrdə cəmləşən folklor və ənənəvi biliklərin təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətin çox dəyərli hissəsinə gətirib çıxarır. Bununla da, ənənələr, nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı alətinə çevrilir. Deməli, ənənələrin daimi olan mədəni-humanitar vacibliyi ilə yanaşı, onun qorunması əhəmiyyətli dərəcədə sosial-iqtisadi inkişaf aləti olmasından da irəli gəlir.

Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqindən “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon – ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” fikrini xatırladan alim hesab edir ki, işğal olunmuş ərazilərdən qovulan Azərbaycan vətəndaşları öz mədəni irsini yaşatmaqdan məhrum olub, lakin bu, məsələnin bir tərəfidir. “Digəri isə ərazilərimizə göz dikən və erməniçiliyin “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımızın ərazi iddialarını “əsaslandırmaq” üçün maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edərək, bunu “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi”nə çevirməkdə davam etməsidir. Xarici qonaqlarımız bilməlidirlər ki, bu xüsusi növ piratçılıq – erməni-hay plagiatçılığı, mənimsəməsi, özününküləşdirilməsi və saxtakarlıqları faktlarıdır. Bir sözlə, söhbət xalqımıza və Azərbaycan vətəndaşlarına məxsus olan əqli mülkiyyətin oğurlanmasından gedir.”

Agentlik sədrinin fikrincə, bu gün maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin, müəllif əsərlərinin özünüküləşdirilməsi faktlarını qloballaşma prosesini müşayiət edən “zərərsiz plagiat” cəhdləri kimi dəyərləndirmək olmaz. Və ermənilərin azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin və müəllif əsərlərinin məqsədli şəkildə mənimsəmə cəhdləri “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil. “Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “ən qədim köklü sakinləri” olmasına, “Böyük hay mədəniyyəti”, “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün bəlalı və problemlər yaradan bir fəsaddır. Odur ki, “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir.”

Ermənilər olmayan keçmişlərini “zənginləşdirmək” istəyir, faktlar isə bu “zənginliyin” saxta olduğunu sübut edir. Tarixi yazmaq üçün xalqın sabit ərazisi, sabit dövləti, dövlətçiliyi olmalıdır. Bunları təsdiq edən arxeoloji materiallar olmalıdır. Ermənilərdə isə bunun heç biri yoxdur! Elm erməni saxtakarlıqlarını, yalan və uydurmalarını təsdiq yox, rədd edir.” Alimin gəldiyi nəticə belədir...

...Xatırlatmağa dəyər ki, Əqli Mülkiyyət Agentliyi ermənilərin Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalarına, təndirin özününküləşdirilməsinə qarşı elmi dəlil və tutarlı mənbələrə əsaslanan arayış və şərhlər hazırlayıb, bu iddiaların əsassızlığını sübut edib. Məhz bu cür səylərin nəticəsində “Köçəri” rəqsini Qeyri-maddi Mədəni İrs siyahısına salmaq üçün erməni cəhdlərinin qarşısını bir neçə il almaq mümkün olub. Lakin 2017-ci ildə erməni saxtakarlığı nəticəsində “Köçəri” rəqsimiz erməni rəqsi kimi YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. “Köçəri” türk mənşəli Azərbaycan rəqsidir, bunu tarixi faktlar təsdiq edir. Bu rəqs minilliklərdir ki, Qobustanın yaddaşında həkk edilmiş milli rəqsimiz “Yallı”nın bir növüdür, “köçəri” sözünün türklərə məxsusluğunun da elmi əsasları var. Ermənilər bu saxtakarlığa nail olmaq üçün də müxtəlif yollara əl atıblar...

Erməni plagiatına qarşı ən tutarlı cavab, heç şübhəsiz, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli sənət incilərimizin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs nümunələri siyahısına salınması istiqamətində atdığı mühüm addımlardır. Məhz bu davamlı fəaliyyətin nəticəsində Qobustan Dövlət Tarixi Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi Ümumdünya İrs siyahısında, Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı sənəti, dolma, kəlağayı, Lahıc misgərlik sənəti UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısında, Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu, “Yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili Qorunma Siyahısında yer alır. Novruz bayramı, Lavaş, “Kamança hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” isə çoxmillətli nominasiyalar kimi Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib. Bu say bədnam qonşularımızın UNESKO-da qeydə alınan elementlərinin sayını iki dəfədən çox üstələyir...

x x x

Əcdadlarımızın bizə vəsiyyət etdiyi zəngin mədəni irsin təhriflərdən, erməni mənimsəməsi səylərindən müdafiəsi məsələsi – bu, hər birimizin işidir. Əqli mülkiyyətdən məharətlə istifadə edərək, sözümüzü ünvanına, arqumentlərinizi dünyaya çatdırmalı, erməni yalanlarını, erməni riyakarlıqlarını ifşa etməliyik. Bütövlükdə, sivil dünyanın diqqətini mənfur qonşularımızın Azərbaycana qarşı mədəni soyqırımına da yönəltməliyik. “...Kimlərsə başqalarını aldatmaq üçün yalan səpir, başqaları isə aldadılmış olduğuna görə yalanı yayır.” Biz “vicdanımızın qulu, iradəmizin sahibi olmaqla aldadılmışların sayını azaltmaq məqsədilə gücümüzü əsirgəməyəcəyik!”. Nəşr olunan kitabların əsas qayəsini də bu fikir təşkil edir...

...Həqiqət hər zaman hər iki ayağı üstündə inamla dayanar, yalan isə bir ayağı üzərində o tərəf bu tərəfə səndələyər və yıxılmamaq üçün növbəti yalana əl atar. Amma məşhur atalar sözlərimizdə deyildiyi kimi, nə qədər çabalasa da, “Yalan ayaq tutar, yeriməz!”, yaxud “Yalançının evi yandı, heç kim ona inanmadı!..” Dünya, axır ki, bir gün bu yalanlardan bezəcək...

“...Həqiqət ondan ibarətdir ki, – mən bunu canlı efirdə demişəm, – Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. ...Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir...” (23.12.2019)

Sitat Prezident İlham Əliyevdəndir...

Firuzə Nadir

("İki sahil" qəzeti, 31 dekabr 2019)

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×