Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

2019-cu il 14 iyun tarixində Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin Aparatının rəhbəri Natiq İsayev Milli Qurtuluş Gününün Azərbaycan tarixinə əbədi həkk edilmiş şanlı səhifə olduğunu vurğulayaraq qeyd etdi ki, həmin dövrdə ölkəmizdə baş verən hadisələr dövlətçiliyimizi yox olmaq təhlükəsi qarşısında qoymuşdu. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən vətəndaş müharibəsi, separatçılıq meyilləri güclənirdi, ölkədə dərin sosial-iqtisadi tənəzzül hökm sürürdü, torpaqlarımızın və müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. Həmin zamanlar erməni təcavüzünün qarşısını almalı olan ordumuza bu sahədə heç bir bilik və bacarığı olmayan şəxslər rəhbərlik edirdi, orduda başıpozuqluq, intizamsızlıq baş alıb gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə qarşı çıxması vəziyyəti daha da ağırlaşdırmışdı.

Belə çətin bir durumda hamıya aydın idi ki, ölkəni bu situasiyadan yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilər, dövləti, dövlətçiliyi məhv olmaqdan yalnız o, xilas edə bilər. Ulu Öndər məhz belə çətin bir dövrdə xalqın təkidli tələbi ilə Bakıya gəldi, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ümummilli lider Bakıya qayıtdıqdan sonra bütün risklərə baxmayaraq, Gəncəyə getdi, vəziyyəti yerində araşdırdı və bununla bağlı Milli Məclis qarşısında çıxış edərək, əsil vəziyyət barədə məlumat verdi.

N.İsayev iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçilməsinin tarixi zərurət olduğunu vurğulayaraq, bununla ölkəmizdə uzun müddət davam edən gərginlik və qarşıdurmanın aradan götürüldüyünü, respublikamızın vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olduğunu qeyd etdi və xalqımızın yaddaşına əbədi həkk olunmuş bu tarixi günün 1997-ci ildən etibarən Milli Qurtuluş Günü - rəsmi bayram kimi qeyd olunduğunu diqqətə çatdırdı.

Aparatın rəhbəri bu gün Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olduğunu qeyd edərək, Ümummilli liderimiz Heydər Əliyevin ən layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inamla irəli getdiyini, Cənubi Qafqaz ölkələrinin ümumi iqtisadiyatının 70 faizdən çoxunun Azərbaycana məxsus olduğunu, Azərbaycanın dünyada ən çox islahat aparan 10 ölkədən biri olduğunu vurğulayaraq, bu islahatların ölkəmizin bütün sahələrini əhatə etdiyini, regionların inkişafına xüsusi diqqət yetirildiyini, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atıldığını, ordumuzun qüdrətinin artırılması üçün bütün zəruri işlərin görüldüyünü qeyd etdi və cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyinə inam hissini ifadə etdi.

Çıxış edənlər məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə ilk növbədə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulduğunu, əmin-amanlıq, siyasi sabitliyin yaradıldığını, ölkəmizin xaosdan çıxdığını, siyasi çəkişmələrin aradan qaldırıldığını, sosial-iqtisadi böhran dayandırıldığını və bütün sahələrdə inkişaf başladığını, Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ilk addımların atıldığını, xalqımızın bütövlüyünün, həmrəyliyinin və milli birliyinin təmin edildiyini bildirdilər.

Tədbirdə Agentliyin tabeliyində olan qurumların bir neçə əməkdaşı bu əlamətdar gündə qurucusu Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişlər.

15.06.2019

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×
Onlayn Konsultasiya-

Onlayn Konsultasiya

?