Çağrı Mərkəzi: 960
“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib

 “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib

2024-cü il 23 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib.

Tədbirdən əvvəl mətbuat üçün brifinq keçirilib. Brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli media nümayəndələri qarşısında çıxış edib və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Konfransı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfrans iştirakçılarını salamlayıb və bu ilki bayram günlərinin xüsusi əhəmiyyətinin olduğunu, ilk dəfə həmin günlərin tam suverenliyini bərpa edən qalib xalqın və müzəffər millətin nümayəndələri tərəfindən bütövlüyünü bərpa edən doğma Vətənimizin hər bir guşəsində qeyd olunduğunu bildirib. Vurğulanıb ki, bu istək və arzumuza nail olmaqda biz azərbaycanlılar Prezident İlham Əliyevin müstəsna rolunu, titanik fəaliyyətindəki “nəyi, necə, nə vaxt” etməsinin reallaşmasında milli ənənəmizdən qaynaqlanan “ata vəsiyyətini yerinə yetirmək” təntənəsində görürük, ölkəmizin artan beynəlxalq nüfuzunda və söz sahibinə çevrilməsində, Azərbaycan ruhunun yüksəklərdə, başımızın ucalığında görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük, onun Prezident seçkilərində şəksiz qələbəsində – seçilməsində görürük.

Agentliyin rəhbəri Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin böyük təsirinin kreativliyin, innovativliyin, təəssübkeşliyin inkişafında öz əksini tapdığını və bəhrələr verdiyini qeyd edərək millətin ən dəyərli varidatının, onun intellekt böyüklüyünü təşkil edən keyfiyyətlərinin xalqın nümayəndələrinin yaradıcılığı və yenilikçiliyi ilə bağlı olduğunu bildirib: “Şəxsiyyətlərimizin yaradıcılığı və yenilikçiliyi təbii insan resursları olmaqla, əqli mülkiyyət yaratmaqla etnosun həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücü, milli təbiət və torpaqla sıx bağlığından irəli gəlir.”

K.İmanov 2022-ci il ilə müqayisədə 2023-cü ildə ölkəmizdə müəllif hüququ və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatında müşahidə olunan artımı vurğulayaraq, faktoloji statistikanın suverenliyimizin tam bərpası olduğundan kreativ ruhun yüksəlməsindən irəli gələn müəllif-hüquq, ixtira və iqtisadi təəsübkeşliyinin müsbət nəticələrinə dəlalət etdiyini söyləyib.

Agentliyin rəhbəri Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün UNESCO tərəfindən elan olunduğunu qeyd edərək Azərbaycan xalqına məxsus olan maddi və qeyri-maddi irsin 30 illik işğal nəticəsində talan olunması, dağıdılması və mənimsənilməsinin araşdırılması ilə bağlı UNESCO-ya müraciət edilsədə buna hələ ki, reaksiya olmadığını bildirib. Vurğulanıb ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, “mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik” deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus olan mədəni irsin, xristian, müsəlman, türk, avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Bu cür yanaşmanın olmadığı və irs anlayışına ikili standart tətbiq edildiyi halda, bu beynəlxalq təşkilat Nizamnaməsinə aid funksiyaları tam yerinə yetirə bilməz və bununla vəzifələrini icra etməkdən qaçmış olur. Odur ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir.

K.İmanov giriş sözünü cənab Prezident ilham Əliyevin 10 yanvar 2024-cü il yerli televiziya kanallarına müsahibədəki “...Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.” sözləri ilə bitirərək bu yeni dövrdə dövlət başçısinın tapşırıqlarını yerinə yetirməkdə hamıya uğurlar arzulayıb.

Konfransın açılışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, millət vəkilləri və digərləri çıxış edərək keçirilən tədbirin əhəmiyyətini vurğulayıb və Əqli Mülkiyyət Agentliyinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndiriblər.

Sonra K.İmanovun “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT analiz” mövzusunda geniş məruzəsi dinlənilib.

Məruzədə tarixi sənədlər, qədim arxiv materialları və hətta erməni mənbələri əsasında erməni saxtakarlıqları və uydurmaları ifşa olunub. Qeyd olunub ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitabları çoxsaylı olaraq, bir-birinə istinadən, həqiqətə uyğun olmayan «faktları» tirajlayır və bununla «ermənisayağı mənbə», yəni «dəlillər» sistemi yaratmaqdadır. Bu, istər hay-erməni tərəfindən keçmişdə yazılan, istərsə də müasir müəlliflərinin əksəriyyətinə aiddir. Böyük həvəslə istinad edilən qədim erməni mətnləri, onların əlyazmaları, orijinalları isə adətən tapılmır yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur.

Armeniya keçmişi ilə yaşamaqdan savayı miflər dünyasında yaşayır. Bu mifologiya “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” məqsədi güdür, hətta “legitimlik” gətirməyə yönəlir. Nəhayət, məhz bu mifologiya erməni siyasətçilərinin, dövlət xadimlərinin, alimlərinin, hətta kütlənin dünyagörüşünü və əxlaqını müəyyən edir. Ermənilərin “müstəsnalığı” haqqında yaratdıqları mif, xarici aləmə yönəldilmiş “əzabkeşlik” uydurması erməni düşüncəsində xüsusi ambisiya və iddialar yaradaraq, hayların təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sını irəli sürür və bununla beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur. Və şübhəsiz ki, sadalanan amillər müasir neqativ sxem əsasında erməni identikliyini formalaşdırır.

Daha sonra Ə.Ələkbərlinin “Qərbi Azərbaycan ərazisində müsəlman dini irsinə qarşı erməni vandalizmi", Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Baş direktoru Kərim Şükürovun, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru İbrahim Bayramovun “Qərbi Azərbaycan: mənəvi soyqırım və tarixi həqiqətlər”, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nazim Mustafanın "Erməni tarixşünaslığındakı mövcud ziddiyyətlərdən faydalanmaq yolları haqqında" mövzusunda məruzələri dinlənilib.

Konfransda mövzu ətrafında müzakirələr olub. Müzakirələrdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin üzvü Məlahət Həsənova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini tibb elmləri doktoru, professor, Vaqif Şadlinski, AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə çıxış edərək öz fikirlərini bildiriblər.

Tədbir zamanı “Erməni uydurmalarını ifşa edən yazılı mənbələr” adlı kitab sərgisi təşkil olunub. Sərgidə Əqli Mülkiyyət Agentliyinin bu sahədə nəşr etdirdiyi kitab və broşuralar nümayiş olunub.




Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×