Agentlik
Ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra ismin müvafiq hallarında “Agentlik”) yaradılmışdır.
Struktur islahatlarının davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmiş və Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılmışdır.
Nizamnaməsinə uyğun olaraq, Agentlik müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar (bundan sonra – əqli mülkiyyət hüquqları) sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə Agentliyin əməkdaşları dövlət qulluqçularına bərabər tutulurlar.
Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarını qorumaq, sözügedən sahədə bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq və bu Nizamnamədə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən əqli mülkiyyət hüquqlarının tənzimlənməsi ilə bağlı qabaqcıl prinsip və standartları əsas götürməkdir.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- əqli mülkiyyət hüquqları sahəsində tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
- əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək;
- əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək;
- əqli mülkiyyət hüquqlarının obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizasını və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını aparmaq, mühafizə sənədlərini vermək və müvafiq məlumatların dərcini həyata keçirmək, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;
- əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsi sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyatdan (akkreditasiyadan) keçirmək, patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq;
- informasiya cəmiyyətinin, o cümlədən rəqəmsal informasiya texnologiyalarının və elektron ticarətin inkişafının dəstəklənməsi məqsədilə rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunmasını və idarə olunmasını təşkil etmək;
- əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək;
- ali təhsil və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşmasına, əqli fəaliyyət nəticələrinin və innovasiya texnologiyalarının kommersiyalaşdırılmasına dəstək məqsədilə, həmçinin kommersiyalaşdırılma və texnologiyaların transferinin infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək;
- əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin etmək və o cümlədən bu sahədə beynəlxalq mübadiləni və əməkdaşlığı həyata keçirmək;
- əqli mülkiyyət hüquqları mədəniyyətinin formalaşmasında iştirak etmək.
Nizamnaməsi ilə müəyyən edilmiş yuxarıda göstərilən fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentlik 70-ə yaxın vəzifəni yerinə yetirir və 15-dən artıq hüququ həyata keçirir.