Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir
2023-cü il 24-25 iyun tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini cənab Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olacaq.
Səfərin məqsədi ÜƏMT üzv-dövlətləri Assambleyasının bu il 6-14 iyul tarixlərində Cenevrə şəhərində keçiriləcək 64-cü iclasları ərəfəsində əqli mülkiyyət sahəsində ölkəmizdə görülən işlərlə tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan əqli mülkiyyətin hər iki qolunu (müəlliflik hüququ və sənaye mülkiyyəti hüququ) birləşdirən vahid qurumun - Əqli Mülkiyyət Agentliyinin təcrübəsinin öyrənilməsi, Azərbaycana məxsus coğrafi göstəricilərin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə aid coğrafi göstəricilərin qeydiyyatı və onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsi, habelə əqli mülkiyyətlə bağlı digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə dair müzakirələrin aparılmasından ibarətdir.
Səfər çərçivəsində ÜƏMT-nın nümayəndə heyətinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AZPROMO-nun nümayəndələri, ali məktəblərin rəhbərləri, iş adamları və hüquqşünasların iştirakı ilə “dəyirmi masa” keçiriləcəkdir.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda təqdimat edəcəkdir. ÜƏMT-nın nümayəndə heyəti tərəfindən isə KOBİA, AZPROMO və iş adamlarının iştirakı ilə “Coğrafi göstəricilər” layihəsinin təqdimatı olacaq və layihəyə start veriləcək.
Nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və KOBİA-da yüksək səviyyəli görüşləri nəzərdə tutulur.
Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edəcək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” və “İçərişəhər”lə tanış olacaq, “Bakı Marionet Teatrı”nda tamaşaya baxacaqlar.
Xatırladaq ki, ÜƏMT Birləşmiş Millətlər Təşkilatının əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumudur. 193 dövləti birləşdirən bu nüfuzlu beynəlxalq təşkilat yaradıcılığı təşviq edir, ədəbi-bədii əsərlərin və sənaye mülkiyyəti obyektlərinin bütün növlərinin qorunması sahəsində üzv dövlətlərin səylərini birləşdirir və əqli mülkiyyətin inkişafına böyük dəstək verir.
Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nın üzvüdür. Əqli Mülkiyyət Agentliyi ilə bu beynəlxalq qurum arasında geniş əməkdaşlıq həyata keçirilir.