Çağrı Mərkəzi: 960
​2020-ci il üzrə Qlobal İnnovasiya İndeksi ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şərhi

​2020-ci il üzrə Qlobal İnnovasiya İndeksi ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şərhi

Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan və bu il 131 ölkəni əhatə edən (keçən ilki reytinqdə 129 ölkə daxil idi) “Qlobal İnnovasiya İndeksi-2020” (Qİİ-2020) dərc edilmişdir.

Qİİ-2020 reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında tərtib olunmuşdur. Təhlil edilən indikatorlar geniş məlumatlar spektrini – qanuvericilik, elm və təhsildən bazarın, biznesin, infrastrukturun inkişafı məsələlərinədək və s. ehtiva edirlər. Qİİ-nin dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi imkanlarının yaradılmasıdır.

Qİİ-2020-nin lideri İsveçrədir, ondan sonra İsveç, ABŞ, Böyük Britaniya və Niderland gəlir. Ən çox innovasiyalı ölkələr onluğuna həmçinin Danimarka, Finlyandiya, Sinqapur, Almaniya və Koreya Respublikası daxildirlər. Maraqlı olan Çinin ikinci onluğa daxil olaraq, 14-cü yeri tutmasıdır.

Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniya (25-ci yer), Latviya (36-cı yer) və Litvadadır (40-cı yer). Rusiya 47-ci yeri tutur, Azərbaycan isə keçən ilə (84-cü yer) nisbətən reytinqini yaxşılaşdıraraq 82-ci yerdədir.

Qİİ-2020 reytinqi iki yekunlaşdırıcı “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindeksə daxil olan innovasiya fəaliyyətinin 7 qrup göstəricilərdən ibarətdir. “İnnovasiya resursları” subindeksi innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini beş qrupa bölərək (1 - İnstitutlar; 2 – İnsan kapitalı və elm; 3 – İnfrastruktur; 4 – Daxili bazarın inkişafı və 5 – Biznesin inkişafı), onları qiymətləndirməyə imkan yaradır. “İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətini iki qrup üzrə: 6 – “Biliklər və texnologiyaların inkişafı” və 7 – “Kreativ fəaliyyətin nəticələri”nə bölməklə, bu fəaliyyətin faktiki nəticələrini əks etdirir.

“İnnovasiya resursları” subindeksi üzrə Azərbaycan MDB çərçivəsində Özbəkistanı (81), Ermənistanı (83), Qırğızıstanı (88) və Tacikistanı (108) qabaqlayaraq, reytinqdə 76-cı yeri tutur.

Ölkəmizin bu subindeks üzrə ən yaxşı nəticə “Daxili bazarın inkişafı” blokunda əldə edilib – 36-cı yer. Azərbaycan bu blokda “Kredit” istiqamətində 39-cu yeri tutur, həmin istiqamətə daxil olan “Kredit almağın asanlığı” göstəricisi üzrə bütün reytinq ölkələri arasında 1-ci yerdə, “Mikromaliyyələşdirmə kreditləri” göstəricisi üzrə isə 14-cü yerdə qərarlaşmışdır. “İnstitutlar” blokunun “Biznes-mühit” istiqaməti üzrə Azərbaycan yüksək 33-cü yerdə, “Biznesin başlanmasının asanlığı” göstəricisi üzrə isə 9-cu yerdədir. “İnsan kapitalı və elm” blokunda “İbtidai siniflərdə şagird-müəllim nisbəti” göstəricisi yüksək 6-cı yerdədir. Qeyd etmək lazımdır ki, bu blokdakı “Təhsil” inteqral göstəricisi üzrə Azərbaycan öz mövqeyini yaxşıaşdıraraq 2019-cu ildəki 123-cü yerdən 2020-ci ildə 84-cü yerə qalxmışdır. Bundan başqa, universitetlərin QS reytinqi üzrə Azərbaycan MDB ölkələri arasında 5-ci yeri tutmaqla, Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan sonra gəlir. “İnnovasiy əlaqələri” istiqaməti üzrə ölkəmiz yüksək mövqedədir: “Universitet və sənaye arasında tədqiqat əməkdaşlığı” göstəricisi – 23-cü yer, “Klaster inkişafının vəziyyəti” göstəricisi – 29-cu yer.

Digər mühüm əhəmiyyətli göstrici “İnnovasiya nəticələri” subindeksidir. “İnnovasiya resursları” subindeksi innovasiyalar üçün əlverişlilik səviyyəsini əks etdirdiyi halda, “İnnovasiya nəticələri” subindeksi bu sahədə nailiyyətləri əks etdirir.

“İnnovasiya nəticələri” subindeksi üzrə qeyd etmək lazımdır ki, “Kreativ fəaliyyətin nəticələri” bloku üzrə nəticələr yüksəlib; əgər keçən ilki reytinqdə 84-cü yer idisə, bu ilkidə 65-ci yerdir.

Bu subindeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyənləşən “Qeyri-maddi aktivlər” mühüm inteqral göstəricisi diqqəti çəkir. Bu göstərici üzrə Azərbaycan 2019-cu ildəki nəticəni (76-cı yer) 20 pilə yaxşılaşdıraraq 56-cı yeri tutur. Bu inteqral göstəricisində kifayət qədər yüksək yerləri əqli fəaliyyət göstəriciləri tutur: məsələn, sənaye nümunələri üzrə Azərbaycanın reytinqdə mövqeyi 18 pillə yaxşılaşmışdır.

Eyni subindeksdə “İKT və təşkilati modelin yaradılması” göstəricisi yüksəkdir - 35-ci yer.

"Bilik və texnoloji nəticələr" blokundakı "Biliklərin yaradılması" inteqral göstəricisinə görə, Azərbaycan mövqelərini 11 pillə yaxşılaşdırmış və "Rezidentlərin ixtira müraciətləri" (64-cü yer) və “Rezidentləri faydalı model müraciətləri” (50-ci yer) kimi əqli mülkiyyət göstəriciləri üzrə kifayət qədər yüksək sırada yer almışdır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×