Bu ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 102 patent qeydiyyata alınıb
Azərbaycanın elmi-texnoloji prioritetlərinin seçimi, texnoloji inkişafının aparıcı istiqamətlərinin müəyyənləşdirilməsi, ölkəmizin elmi-texnoloji potensialı və rəqabətqabiliyyətliliyi patent statistikası və patent portfelinin strukturu və istiqamətləri vasitəsilə əsaslandırıla bilər. İxtiralara aid patentlər əsasında aparılan bu növ araşdırmalar ilk növbədə ölkənin texnoloji profilinin müəyyən edilməsindən başlanır.
2023-cü ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiraya dair 69, faydalı modelə dair 26 və sənaye nümunəsinə dair 7 patent qeydiyyata alınıb.
Agentlik hər il mütəmadi olaraq əqli mülkiyyətə aid olan statistik məlumatları toplayır, təhlil aparır və Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) təqdim edir. Həmin məlumatları və onların illər üzrə dinamikasını ÜƏMT saytının Azərbaycana aid bölməsində izləməkmümkündür.
Əqli Mülkiyyət Agentliyi və Avrasiya Patent Təşkilatı (APT) tərəfindən patent verilmiş qüvvədə olan prioritet ixtiraların kommersiyalaşdırılması və tətbiq olunması məqsədiilə patentlərin sayının çoxluq təşkil edən qurumlar - Elm və Təhsil Nazirliyi və Dövlət Neft Şirkəti üzrə təhlillər aparıb.
Araşdırmaların nəticəsi olaraq Elm və Təhsil Nazirliyinə aid qüvvədə olan 84, Dövlət Neft Şirkətinə aid qüvvədə olan 29 patent seçilmişdir. Həmin patentlərin təfərrüatlı izahlı arayışı Agentlik tərəfindən Elm və Təhsil Nazirliyinə və Dövlət Neft Şirkətinə göndərilmiş, onların milli iqtisadiyyatda tətbiqinə və kommersiyalaşdırılmasına yardım göstərilməsinə dair təklif verilmişdir.
Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Azərbaycan və APT üzrə qüvvədə olan patentlərindən hazırda 7-si istehsalat sahələrində tətbiq olunub. Gələcəkdə daha bir neçə patentin də tətbiqi planlaşdırılır.
Agentlik tərəfindən 2022-ci ildə ölkədə və Avrasiya Patent Təşkilatındaqüvvədə olan ixtiraya dair patentlərin ÜƏMT-nin “Beynəlxalq Patent Təsnifatı”na uyğun olaraq təhlili aparılmışdır. Qüvvədə olan patentlərin 126-nın (47%) “Kimya və metallurgiya” bölməsinə, 47-nin (18%) “İnsanın həyati tələbatlarının təmin edilməsi” bölməsinə, 32-nin (12%) “Tikinti və dağ-mədən işi” bölməsinə, 18-nin (7%) “Fizika” bölməsinə aid olduğu müəyyən edilmişdir.
Qeyd edək ki, bu sahəyə dövlət dəstəyininin artırılması məqsədilə “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci il 15 iyun tarixli 1716 nömrəli Fərman imzalanmışdır.
Fərmana əsasən Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdiriləcək. Maliyyələşdirmənin şərtləri, qaydası və müraciətin forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli 439 nömrəli Qərarı ilə təsdiq edilmişdir.