Erməni miflərinin dağıldığı, həqiqət və ədalətin zəfər çaldığı tarixi dövr
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun 23 Aprel – "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunan və bu günlə əlaqədar "Erməni miflərinin dağıldığı, həqiqət və ədalətin zəfər çaldığı tarixi dövr" məqaləsi "Azərbaycan" qəzetinin 2021-ci il 23 aprel tarixli nömrəsində dərc olunub.
Erməni miflərinin dağıldığı, həqiqət və ədalətin zəfər çaldığı tarixi dövr
Azərbaycan milləti tarixi dövrünü yaşayır. Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan qoşunları tərəfindən işğal edilmiş və faktiki olaraq Azərbaycan dövlətinin nəzarətindən kənarda olan Qarabağ torpaqlarını azad etdi. İşğalçılar müasir silahın gücü, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və cəsarəti, vətənpərvərliyi və motivasiyası qarşısında geri çəkildilər. Canlı qüvvəsinin və texnikasının tamamilə məhv olma təhlükəsi qarşısında qalan işğalçılar təslim olmağa və bu barədə kapitulyasiya bəyanatı imzalamağa məcbur oldular ki, bu sənədə əsasən, hərbi yolla götürülməyən digər bölgələr də Azərbaycana qaytarıldı.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq... biz tarixi ədaləti bərpa edirik...”. Monoetnik dövlət quran işğalçı Ermənistan dövlətinin əsgərləri torpaqlarımızdan qovulub və bununla çoxsaylı köhnə və yeni hay-erməni mifləri dağılır, hətta yaradılan monoetnik dövlət quruculuğu da yardımçı olmur.
Ermənilərin məkrli planlarının mahiyyəti onda idi ki, monoetnik mühitdə, yalnız hay-erməni əhli məkanında uydurma faktlara əsaslanaraq və digər xalqların siyasi tarixini və tarixi coğrafiyasını təhrif etməklə, hay-erməni millətinin sözdə rolunu şişirdərək, hay-erməni “müstəsnalığını”, hayların “xüsusi missiyasını”, “ilk bəşəriyyət ocağını”, “böyük Ermənistanı” və s. mifologemləri əhali arasında yaymaq daha asan və əlverişli idi. Bu sırada xüsusi yerə malik olan “Dağlıq Qarabağın təhrif edilmiş tarixini” və son 30 ilə yaxın müddətdə beyinlərə yeridilən “yenilməz erməni ordusu” mifini xüsusi qeyd etməliyik.
Gözümüz önündə rəşadətli ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Bu mifin arxasında duran işğal edilmiş torpaqlarımızın müdafiəsində hay-ermənilərin “inanılmaz”, hətta “ekzistensional” motivasiyası və döyüş qabiliyyəti, üstəlik erməni müdafiəsinin dağlardakı büsbütün mina sahələri və möhkəm beton istehkamları kimi dəlilləri puç edildi. Belə də olmalıdır, çünki bizim işimiz haqq işidir, tarixi ədalətin bərpasıdır. Erməni düşüncəsindəki mümkünsüz olanı Azərbaycan dövləti bacardı və bununla dünya tarixi dərsliklərinə bir səhifə kimi düşəcək parlaq nümunə yaratdı.
Həqiqətən, yaşadığımız tarixi dövr – miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür!
Qeyd edilməlidir ki, məkrli planlara görə, erməni dövlətində yeganə millət olaraq qalan və yaşayan etnosun şüuru millətçilik dumanına bürünərək, daha uğurla kök atmalı və bəhrələr gətirməli idi. Çünki saxta mifologemlərlə razılaşmayanların etiraz səsi çıxmır, digər etnosların etiraz edə biləcək fikirləri səslənmir, heç bir etiraz dalğası formalaşmır. Nəticədə siyasi mifologiya zəfər çalır, hay-erməni dünya etnik mənzərəsini müəyyən edir, erməni etnosunun zahiri reallıqları dərk etməsini və davranış mexanizmlərini formalaşdırır. Süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar xalqın şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququ, yəni müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilir. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.
Lakin siyasi folklor, uydurulmuş dünya mənzərəsi yalnız daxili istehlaka yönələrək işləsə də, kağızdakı uydurma nəzəri tezislərə, həqiqətdən uzaq, feyk növlü saxtalaşdırmalara, çoxlu sayda yalançı kitab və çıxışlara əsaslanaraq qurulsa da, həqiqi həyatla qarşılaşdığı halda acı nəticələrə gətirib çıxarır. Miflər dağılır, reallıq üzə çıxır.
Bugünkü möhtəşəm tarixi zəfərimizin nəticəsi uydurmaların dağıdılmasıdır. Bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir. Bu miflə yanaşı, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıldı. Və nəhayət, “əzabkeşliyə hazır olan, özünü fəda və qurban edən xalqın” mifi də puç oldu, çünki 10 mindən artıq fərarisi olan millət işğal olunmuş torpaqları qorumağa qadir deyildi.
Bu miflərin dağılması və dediklərimizin təsdiqi yalnız yenilməz sərkərdə, Ali Baş Komandan kimi deyil, ümumiyyətlə Azərbaycanın lideri cənab İlham Əliyevin məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasındadır.
Təsadüfi deyil ki, görkəmli filosof-maarifçi J.J.Russonun dediyi kimi, “bacarıqsız əllərdə olan hakimiyyətdən təhlükəli şey yoxdur”. Çünki belə hakimiyyət təcəssüm etdiyi ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə, faydasız və dayanıqsız olur. Çünki həyat göstərdiyi kimi, bu növ rəhbərlərin səhvlərinin acı nəticələrini millət çəkir və millət ödəməli olur. Tarix və gerçəklik göstərdiyi kimi, rəhbərin xüsusi məsuliyyət daşıyıcısı olması dövlətin taleyinin onun çiynində olmasından irəli gəlir. Çünki dövlət başçısı ölkəni irəli aparmaq üçün hər zaman düzgün qərar qəbul etməklə, ölkəni idarə etməlidir və bu qabiliyyət isə seçmək qabiliyyətidir, gələcəyi görmək qabiliyyətidir. Bu qabiliyyət siyasət və hüququn kəsişməsindən irəli gəlir. Dövlət başçımız bizə qalib xalq düşüncələrini bəxş etdi, baş ucalığı gətirdi və xoşbəxt etdi.
Bunları paşinyanlar unutmamalıdırlar.
Nəhayət, qazanılmış zəfər Azərbaycan millətinin son hərbi hadisələrdə erməni milləti ilə toqquşmalarda bütövlüyünün, püxtələşməsinin, vətənpərvərliyinin və ruhən gücünün nümayişidir. Ölkəmizdə mövcud olan tolerant, multikultural mühitin Ermənistandakı millətçi əhval-ruhiyyə ilə müqayisədə hədsiz üstünlüyünün nümayişidir.
Bu gün bölgədə yeni ictimai-siyasi vəziyyət yaranmış və Azərbaycan öz qüvvəsini barbar-işğalçıların bizə viran qoyub getdiyi əraziləri bərpa etməyə yönləndirmişdir.Biz faktiki olaraq bu ərazilərdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq. Azad edilmiş torpaqlarda sakinləri azərbaycanlıların əcdadlarından biri olan və torpaqlarının hüquqi varisinin Azərbaycan dövləti olduğu Qafqaz Albaniyası irsinə aid edilən çoxlu abidə və xristian mədəniyyəti nümunələri - kilsələr, monastırlar və s. vardır.
Azərbaycan dövləti bütün zamanarda öz müsəlman mədəniyyətinə və islama qədər olan, o cümlədən xristian keçmişinə aid mədəni irsinə Azərbaycan xalqının irsi kimi diqqət və hörmətlə yanaşmış, onu qorumuşdur. Və bu baxımdan torpaqlarımızdakı xristian abidələrinin guya dağıdılması barədə bəzi dairələrin riyakarcasına fəryad qoparmalarıtəəccüb doğurmaya bilməz. Üstəlik də hələ Sovet dövründən bəri, xüsusən də işğal dövründə xristian keçmişin əksər nümunələrinə erməniləşdirmə məqsədi ilə erməni saxtakarları tərəfindən yenidən “əl gəzdirilmiş” və onlar manipulyasiyaya məruz qalmışdır.
Alban xristian abidələrinə gəldikdə isə tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə bu abidələrin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin "sübutlarına" çevrilməli olan yeni yazıların həkk edilməsindədir.
Çünki erməni alimləri və siyasətçiləri həmişəki kimi alban ərazilərini özününküləşdirirlər, saxta erməniçilik “mənbələri” əsasında dünyaya yalan yayırlar.
Bunların iddialarına erməni müəllifi F.Ekozyantsın yazdıqları ilə cavab vermək yerinə düşərdi (Ф.П.Экозьянц. «Исраэль Ори. Ларец Пандоры». Книга 1). Kitabda, müəllifin qeyd etdiyi kimi, “bir mistifikasiya tarixi haqqında” söhbət gedir və bu cəfəngiyat avantürist İ.Ori başda olmaqla, erməni tədqiqatçıları tərəfindən Səfəvi və ondan sonrakı dövlətlərin müstəmləkəçilik və hökmranlığına qarşı aparılan milli azadlıq hərəkatı kimi təqdim edilir. Mistifikasiyanın mahiyyəti isə ondan ibarətdir ki, burada söhbət erməni xalqının azadlıq hərəkatından deyil, Qarabağ məliklərini öz planlarına cəlb etməkdən (İ.Ori məlik oğludur) gedir, eyni zamanda azadlıq hərəkatından söhbət gedə bilməz, çünki “milli qəhrəmana” çevrilən İ.Ori öz məqsədləri naminə çalışan bir şəxsdir.
Həmin uydurmanın, Ekozyantsın yazdığı kimi, digər saxtakarlıqlar sırasında öz yeri vardır. Erməni müəllifindən sitat gətirirəm: “XVIII əsrin əvvəlinə qədər erməni xalqının yazılı tarixi heç bir zənginliyə malik deyildi və Armeniya və ermənilər haqqında nadir qeydlərdən ibarət idi. Və bu, əsasən Armeniya və onların sakinlərindən uzaq olan Avropa müəlliflərinin yazdıqları idi. Lakin XVIII əsr birdən-birə tarixi “kəşflər” partlayışına çevrildi və “xəyali dünyadan” öncə heç kimə məlum olmayan çoxlu erməni çarlıqları canlandırıldı və bunlar üzündən köçürənlər ordusunun fəaliyyətinin nəticəsinə çevrilərək, hətta onların qələmləri ilə Nuh gəmisinin ətrafına, bəşər sivilizasiyasının mifik beşiyinə çatdırıldı”.
Ekozyants xüsusi qeyd edirdi ki, “bütün bu “mənbələr”in əmələ gəlməsi, daha doğrusu, ecazkar vasitə ilə “aşkarlanması” XVIII əsrdən XX əsrə qədərki dövrdə peyda olur, halbuki XVIII əsrdə bunlar haqqında heç kəsin məlumat və biliyi olmamışdır...”.
Bəs erməni tarixini ilkin “zənginləşdirənlər” kimlərdir və hansı zamandan başlayaraq, çoxlu mifologemlərlə dolmuş erməni tarixinin saxtakarlıq epoxası start götürüb?
Ekozyantsın cavabı bəllidir: “İsrael Orinin 1711-ci ildə ölümündən sonrakı növbəti 1712-ci ildə Venesiya yaxınlığında, Müqəddəs Lazar adasında mxitaristlər ordeni fəaliyyətinə başlamış və 100 il keçməmiş yalnız onların “çalışmaları” nəticəsində Armeniyanın və erməni xalqının tarixi on minlərlə “qədim” əlyazmalarla “varlandı”, “təkmilləşdi” və “elmə çevrilməyə” hazır olduğunu nümayiş etdirdi”. Deməli, ilkin addımda 12 qaçqın rahibdən ibarət olan bu toplum qısa müddətdə mətbəə və kitabxana ilə zənginləşərək, tam hüquqlu monastır kompleksinə çevrildi. Özləri ilə gətirdikləri ilkin bir neçə kitab və əlyazmalar əsasında bir neçə rahib 1857-ci ildə artıq minlərlə “qədim əlyazmalara” çevrilən, Ekozyantsın istehza ilə qeyd etdiyi kimi, “biliklərdə ecazkar yolla bütün antik və orta əsr alimlərini üstələdi”.
Saxta əlyazmalarda mövcud olan uydurma və saxtalaşmalar erməniçilik və onların havadarları tərəfindən istifadə edilməyə başladı və ilkin yalan yayanlar sırasında tanınmış erməni publisisti və tərcüməçisi Q.Ezov idi, “hansı ki, Avropa və Rusiya arxivlərindən əksəriyyəti ondan əvvəl heç kim tərəfindən dərc edilməmiş, naməlum bir sıra “yeni” sənəd əldə edərək, özünün “Сношения Петра Великого с армянским народом” (Спб., 1898-ci il) kitabında avantürist İ.Orini müsəlmanlara qarşı çıxan erməni xalqının cəsur milli qəhrəmanına çevirmiş oldu”.
Beləliklə, saxtakarlıqla dolu olan “erməni xalqının tarixi” ilkin, özü də ciddi redaktə və təftiş olunan bir neçə orijinal mətnlər istisna olmaqla, dünyaya məlum olmayan minlərlə saxta “tarixi əsərlər”ə çevrilərək, yayılmağa başladı. Onu da xüsusi qeyd etməliyik ki, bu saxta əsərlərin orijinalları erməni dilində yox idi və ola da bilməzdi.
Bu yerdə biz Ekozyantsın maraq doğuran və həqiqətlə uyğunlaşan fikirlərini qoyub, digər erməni mənşəli alimin yaradıcılığına istinad edəcəyik. Söhbət ən tanınmış Amerika ermənişünası, Miçiqan və Çikaqo universitetlərinin professoru Ronald Qriqor Syunidən gedir (Ronald Grigor Suny, “Looking Toward Ararat. Armenia in Modern History”, Indian University Press, 1993). “Ararata baxış. Armeniya yeni tarixdə” adlanan əsərində mxitaristlərdən söhbət açaraq, alim klerikal elitanın erməni tarixinin formalaşdırılmasında xüsusi rolunu qeyd edir. O göstərib ki, (sitat) “mxitarist rahiblərin fəaliyyəti əslində erməni millətçiliyinin bünövrəsinin, əsasının yaranmasına səbəb olmuşdur...” və “sonrakı milli ənənənin inkişafında kilsəyə xidmət edənlərin yazılarına yeni aspektlər cəlb edilmişdi və yazarlar mətnlərdə olan mövzulara dönə-dönə qayıdaraq, bunların ətrafında əsərlər yaratmışdılar”.
Söhbət hansı mövzulardan gedir?
Bu suala cavabı Syuni digər tanınmış Amerika alimi Robert Tompsona istinad edərək, belə formalaşdırır: “...Armeniya kiçik ölkə olsa da çox qədimdir və burada çoxlu tarixi işlər görülüb (M.Xorenli), bu xalqa xristianlıq digərlərindən öncə qəbul etdirilib və bu da tanrı hökmüdür (Aqafangel), bu xalq dininə, soy ənənələrinə sadiqdir və əzabkeşliyə özünü qurban verməyə hazırdır (Elişe)”. Bu üç millətçi fikir qeyd etdiyimiz erməni uydurma tezislərindəndir.
Söylədiklərimin sonunda erməni tarixşünaslarının qərb tarixçilərinin ünvanına Ermənistan tarixinin saxtalaşdırılması ilə bağlı ittihamlarında və aldıqları cavablarda dayanmaq istəyirəm.
Erməni tarixşünası Armen Ayvazyan öz “Освещение истории Армении в Американской историографии (Критический обзор)” adlı əsərində bir sıra tanınmış qərb armenistlərini və qafqazşünasları, o cümlədən milliyyətcə erməni olanları, professorlar Ronald Qriqor Syuni, Robert Tompson, Ceyms Rassel, Riçard Ovanisyan və digərlərini Ermənistan tarixini düşünülmüş saxtakarlıqda ittiham edir. Əsas arqumenti isə “Erməni yaylasının erməni xalqının formalaşma mənbəyinin olmaması barədə müasir tarixi, elm tərəfindən əsaslandırılmış müddəanı şübhə altına almaq və əvəzində elm tərəfindən rədd edilmiş ermənilərin gəlmələr olması versiyasının təkidlə reanimasiyasıdır”. Özü də Azərbaycan və Türkiyə alimlərinin təqdimatları əsasında. Qeyd olunur ki, “erməni mədəniyyəti həmin qərb alimlərinin əsərlərində yalnız İran, Bizans, Assiriya, ərəb və digər mədəniyyətlərdən götürmələr ardıcıllığı şəklində göstərilir. Tarixi Armeniya qeyri-mərkəzləşmiş, zəif ölkə qismində təqdim edilir, İran və Roma imperiyalarının əlindəki oyuncağa çevrilir”. Bununla da 5 min illik erməni tarixi alçaldılır, “halbuki, Hayasa, Urartu və Ervanduni çarlıqları zamanında erməni ordusunun sayı bir neçə on minlərlə olmuş, Artaşesid, Arşakuni və Baqratuni (söhbət Pers mənşəli şəxslərdən gedir) dövrlərində isə 100 mindən 200 minə qədər döyüşçü sayı ilə ölçülmüşdür”.
Bu müəlliflərin mövqeyi akademiklər Qraçik Simonyan, Manvel Zulalyan və digərləri tərəfindən dəstəklənmişdir. Buna cavab olaraq, 4-6 oktyabr 2003-cü ildə “Erməni tədqiqatlarının yenidən dərk edilməsi: keçmişi, bu günü və gələcəyi” adlı Harvard, Kembric, Massaçusets universitetlərindəki konfransında bir sıra əksəriyyəti milliyyətcə qərbdən olan alimlər hay-erməni şovinist və millətçi elminə tutarlı cavablar söyləmişlər. Belə ki, professorlar Bardakçiyan, Rassel, Robert Xyuseni qeyd etmişlər ki, Ermənistan Respublikasının ermənişünaslığında “ksenofobiya, ultramillətçiliklə səciyyələnən “elm” hakim meylə çevrilərək, özünü məhv etməyə yönəldib”.
Professor Corc Burntyan isə qeyd etmişdi ki, “qərb alimlərinə qarşı ittihamların kökündə “erməni-amerika” alimləri Qarabağa, Kilikiyaya, Naxçıvana, Gəncəyə və Türkiyə Armeniyasına olan erməni iddialarına xələl gətirməklə, mədəni cəhətdən incə olan günləri sual altına qoymuş, o cümlədən Armeniya tərəfindən xristianlığı qəbul etmə tarixini”. Robert Qriqor Syuninin fikrinə görə, “Erməni alimləri millətçilik təfəkkürü batağındadılar”.
Bunların səbəblərini görkəmli alimin qeyd etdiyi və gördüyü kimi, “ermənilərin qabarıq şəkildə mövcud olan millətciliyi köklərinin olmaması və tarixi biliklərin uydurmalarla əvəz edilməsindən irəli gəlir”. “...Bu xalq öz tarixi keçmişi və irsi ilə adətən qürur duyduğu halda heç bir təsəvvürə malik deyildir”.
Deyilənlərə nə isə əlavə etmək çətindir və bəlkə də ehtiyac duyulmur. Lakin bir fikri çatdırmaq istəyirik, hansı ki, “Regnum” İA-nin məlumatında vaxtı ilə dərc edilmişdir və həmin informasiya mənbəyində: “istorioqrafiyadakı [erməni] elmi fikir intellektual təcavüzə məruz qalır və ABŞ dövlət departamenti tərəfindən maliyyələşdirilərək, öz əksini erməni tarixinin qədim vaxtlardan başlayaraq, təhrif edilməsinə gətirib çıxarır”. Bu məlumat qısaca olaraq, bir sıra erməni tarixşünaslarının Yerevanda keçirilən ermənişünasların beynəlxalq konqresində birgə elan edilmiş bəyanatından irəli gəlir.
Deməli, obyektiv mövqedə duran tanınmış qərb alimlərinin yanaşması, o cümlədən erməni mənşəli olanlar, millətçilik bataqlığında olan milli ermənişünaslıq elminə təsir göstərməyə qadir olmamışdır. Odur ki, həmin millətçilik bataqlığından bəhrələnən Paşinyanın təqdim etdiyi “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası” Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin tərəfindən tamamilə doğru olaraq qeyd etdiyi kimi, “sanki saxta tarix dərsliyidir” və bu növbəti uydurmalarla dolu sənəd erməni millətçiliyinin dəyirmanına su tökür, geniş ictimaiyyətə çatdırılır.
Albanları hay-erməni elan edən, Albanların tarixi ərazisini özününküləşdirən və maddi və qeyri-maddi mədəni irsini erməniləşdirən, üstəlik erməni və Qərb alimlərinin səsini eşitməyən erməni alimləri və siyasətçiləri yaxşı olardı ki, uydurma və miflər əvəzinə bizim yerlimiz, məşhur Pavel Florenskinin yazdıqlarına diqqət yetirərdilər.
Azərbaycanın Yevlax şəhərinin sakini, anası Olqa (Solomiya) Saparova tərəfindən alban olan Pavel Florenskinin Albaniya haqqında çox dəyərli fikirlərinə istinad edək. Pavel Florenski, öz nəsil şəcərəsini tədqiq etmiş görkəmli ilahiyyatçı, keşiş və riyaziyyatçı idi və onun tədqiqatının nəticələri öz əksini “Mənim uşaqlarıma. Keçmiş günlərin xatirələri"ndə tapmışdır (M., "Moskva fəhləsi", 1992-ci il) [«Детям моим. Воспоминания прошлых дней». М., «Моск. раб.», 1992 г.].
Florenskidən gətirəcəyimiz sətirlər 1916-1925-ci illərə aiddir. Arayış üçün qeyd edək ki, P.Florenskinin atası Zaqafqaziya dəmir yolunun mühəndis-inşaatçısı olan Aleksandr Florenski pravoslav rus olmuşdur. Anası 1859-cu il təvəllüdlü O.Saparova tanınmış Qarabağ məliklərininnəslindən idi (Alban kilsəsinin hiyləgərliklə mənimsənilməsi və onun erməni kilsəsinə birləşdirilməsindən sonrakı dövr).
P.Florenski öz alban soyunu “...müxtəlif və etnik cəhətdən pis qarışan Armeniya sakinlərinin bir neçə tayfası sırasına” aid edir, ermənilərin özləri bu tayfa budağını “albana” adlandırmışlar. Bu,Aralıq dənizi irqi adlandırılan Aralıq dənizi hövzəsinin ən qədim sakinlərinin bir qoludur. Etnik bir altlıq olaraq bu irqin tarixi Homer Yunanıstanına qədər uzanır. Onun qalıqları daha təmiz şəkildə Midiya və Friqiyalıların ən qədim tayfalarını vermişlər. Şimal-şərqin dərinliklərinə qədər gedib çıxmış bu nəsil ətrafdakı Ararat əhalisi ilə qismən qarışdılar və bir hissəsi isə burada etnik qrup olaraq sağ qaldılar”.
Başqa bir yerdə o, fikrini birbaşa bildirir: "Anam tərəfdən məndə xetteylərin qanı axır". Qeyd etmək lazımdır ki, bu nəticə M.Kalankatukskinin albanların mənşəyi ("Albanların tarixi") barədə fikirləri və xetlərin / xatların Kipr və Qafqaza miqrasiyası haqqında məşhur tarixi dəlillərlə tamamilə uyğun gəlir.
Alban salnaməçisi M.Kalankatukski qeyd etmişdir: "Onlardan, kittiylərdən – Yafətin oğullarından ayrılaraq kiprlilər bütpərəst adalara getdilər, şimal ölkələrində yaşayanlar isə kittiylərin həmtayfalarındandır, bunlardan Aluanlar törəmişlər" (M.Kalankatukski, I kitab, 2-ci fəsil) [Kittim (Xirokitiya) Kiprin qədim adıdır və onun qədim tarixinə görə eramızdan əvvəl IV minillikdə Xatilər tərəfindən istila edilmişdir].
P.Florenski daha sonrakı qeydlərində başlıca nəticəsini çıxarır: "Qarabağ erməniləri əslində ermənilər deyil, xüsusi bir tayfadır... Qədim dövrlərdə onları alban adlandırırdılar, ermənilər isə onlara axavan deyirdilər" (kursiv bizimdir). “Onlar əvvəlcə Göyçə gölü yaxınlığında yaşayırdılar. Cənubdan sıxışdırılaraq, əfsanəvi əcdadları Bəylərin soyadını daşıyan knyazları ilə birlikdə Qarabağa köçdülər".
Qeyd edək ki, Saparovlar ailəsi də Gürcüstanda məskunlaşan Bəylərovlardan törəmişlər. Florenski öz "Xatirələr"ində bunu vurğulayaraq yazır ki, Bəylər – Bəylərovların törəmələrindən müasir Gürcüstanda məskunlaşan və Qarabağa qayıtmayan bir neçə nəsil, o cümlədən Saparovlar nəsli çıxmışdır ki, onlar "son dərəcə mədəni və çox zəngin olmuşlar".
Daha sonra, hələ 1915-ci ildə yazmağa başladığı "Anam haqqında qeydlər"də göstərir: "Məlik-Bəylərovların əsas şəcərəsi IX əsr Talışİncilinin ilk vərəqlərində qeyd edilmişdir. İncil Məlik-Bəylərovların nəsil kilsəsində, onların malikanəsinin xarabalıqlarının hələ də qaldığı Xorek dağında saxlanılırdı...", onlar kəndlilər tərəfindən oğurlanmışdı, "Erməni katolikosunun sərt əmrləri və hətta kilsədən qovulma təhlükəsi bunları [kəndli] kilsəyə qayıtarmağa məcbur edəcək qədər güclü deyildi...". Məlik-Bəylərovların tarixinə dair daha bir qeyd Bolnisi kəndinin kilsəsində qorunan Bolnisi İncilində vardır”.
Və nəhayət, “P.Q.Saparovun tərcümeyi-halına dair qeydlər”də (təxminən 1923-cü il): “Ailənin tarixi yerli bölgənin müqəddəs Şulaver əlyazması İncilində qeyd edilmişdir. Bu İncil Pavel Gerasimoviç Saparov tərəfindən yenidən bağlanılmışdır...” [Florenskinin babası, anasının atası].
P.Florenskinin yuxarıda göstərilən sitatları eyni alban məliklərindən törəyən zadəgan alban ailəsi Saparovların yaşayış coğrafiyasını anlamaq baxımından çox vacibdir.
Birincisi, Göyçə gölü bölgəsindən köçürüldükdən sonra P.Florenskinin əcdadlarının Qarabağda yaşadığını görürük. Qarabağ isə mənbələrdən məlum olduğu kimi, Qafqaz Albaniyasının ərazisidir. IX əsrdə yazılmış nəsil şəcərəsi Talış Evangeliyasında (İncilində) hazırlanmışdır. Bəlli olduğu kimi, Talış Azərbaycanın Tərtər rayonunun yaşayış (kənd) məntəqəsidir (1921-1991-ci illərdə Mardakert rayonu). Bəylərov məliklərinin iqamətgahı 1716-1750-ci illərdə məhz burada yerləşmişdir və P.Florenskinin anası tərəfindən nəsli də onlardan törəmişdir. Qeyd edək ki, əvvəllər erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş həmin kənd 3 oktyabr 2020-ci ildə Azərbaycanın nəzarəti altına qaytarılmışdır.
İkincisi, XVI əsrdə P.Florenskinin əcdadları öz kəndliləri ilə birlikdə Gürcüstanın Kvemo-Kartli bölgəsindəki Marneuli ilə həmsərhəd olan (bütövlükdə Borçalı adlanan) Tiflis quberniyasının hazırda azərbaycanlıların yaşadığı Bolnisi yaşayış məskəninə köçdülər. P.Florenski həmçinin Şulaverdəki nəsil tarixinin yazıldığı İncili də qeyd edir. Şulaver tarixi addır və Gürcüstanın Kvemo-Kartli bölgəsinin (Borçalı) Marneuli rayonunda yerləşir.
Göstərilənlərdən belə nəticə çıxır ki, P.Florenskinin “Xatirələr”ində qeyd olunan coğrafi ərazi Qarabağ və Borçalını (indi Azərbaycan, Gürcüstan və Ermənistan sərhədindədir) əhatə edir.
Bunlar vaxtilə Qafqaz Albaniyasının tarixi torpaqları olmuşdur.
Növbəti erməni miflərini yaradanlar düşünməlidirlər, kimə inanmalı: onların müəllifi olduğu Albaniya və albanlarla bağlı uydurmalarına, yoxsa ana tərəfdən Alban olan tanınmış Rus alimi və ilahiyyatçısı Pavel Florenskinin yazdıqlarına.
Kamran İmanov
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri