Azərbaycan və Gürcüstan arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov ölkəmizdə səfərdə olan Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) sədr müavini Nino Çikovanini qəbul edib.
Qonağı salamlayan S.Tapdıqov cənab Prezident İlham Əliyevin rəhbərlyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatlar çərçivəsində 2018-ci ildə müəlliflik hüququ və sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradıldığını diqqətə çatdıraraq, Agentliyin fəaliyyəti və funksiyaları barədə qonağa məlumat verib. Sahə üzrə əldə edilmiş nailiyyətlərdən danışan S. Tapdıqov onların xüsusi olaraq beynəlxalq reytinqlərdə, o cümlədən Qlobal İnnovasiya İndeksində əqli mülkiyyətlə əlaqəli göstəricilər timsalında, əks olunduğunu qeyd etdi, Agentliyin göstərdiyi rəqəmsal xidmətlərin həcminin və keyfiyyətinin artmasını bildirdi, eləcə də tətbiq olunan innovativ üsullar əsasında patent və ixtiraçılıq fəallığının artması, iqtisadiyyatla əqli mülkiyyət hüquqlarının qorunmasının korrelyasiyası nəzərə alınaraq texnologiyaların transferi və ixtiraların kommersializasiyasına dəstək sahələrində Agentliyinfəaliyyəti barədə məlumat verdi.
O, həmçinin Agentlik yaradıldıqdan sonra Sakpatenti nümayəndəsinin ilk səfərini yüksək qiymətləndirərək, Azərbaycanın Gürcüstanla əqli mülkiyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Öz növbəsində, N.Çikovani Sakpatenti haqqında qısa məlumat verib. Təmsil etdiyi qurumun publik hüquqi şəxs olduğunu, dövlət tərəfindən maliyyələşdirilmədiyini, büdcənin əsasən qeyri-rezidentlərdən, xüsusilə də ÜƏMT tərəfindən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün ödənilən rüsumlar əsasında formalaşdığını diqqətə çatdırıb. O, Avropa İttifaqının (Aİ) əqli mülkiyyət sahəsində qanunvericiliyinin Gürcüstanda harmonizə edildiyini və hazırda bununla bağlı təcrübələrin də uyğunlaşdırılması üzrə işlərin aparıldığını vurğulayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında əqli mülkiyyət sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədəncoğrafi göstəricilərin qarşılıqlı tanınması məsələsi müzakirə olunmuşdur.