Çağrı Mərkəzi: 960
Azərbaycan və Slovakiya arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Slovakiya arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizdə səfərdə olan Slovakiyanın Sənaye Mülkiyyəti İdarəsinin prezidenti Matuş Medvesi qəbul edib.

Qonağı salamlayan K.İmanov Azərbaycanda əqli mülkiyyət sisteminin qurulması tarixi haqqında qısa məlumat verib və ölkəmizdə həyata keçirilən institusional islahatlar nəticəsində 2018-ci ildə müəlliflik hüququ və sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradıldığını bildirib. O, hazırda tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi–Texniki Kitabxanası olan Agentliyin fəaliyyəti və funksiyaları barədə qonağa məlumat verib və bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradıldığını qeyd edib.

Agentliyin rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli Fərmanı əsasında “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradıldığını xüsusi vurğulayaraq müasir texnologiyaların əqli mülkiyyət landşaftına təsirini qeyd edib və Əqli Mülkiyyət Agentliyinin də həmin Mərkəzin fəaliyyətində yaxından iştirak etdiyini, Agentliyin İdarə Heyətinin sədr müavininin Mərkəzin Müşahidə Şurasının üzvü olduğunu diqqətə çatdırıb.

K.İmanov Agentlik tərəfindən kreativ sənayenin iqtisadiyyatdakı rolu sahəsində apardığı tədqiqatlar haqqında məlumat verərək son illər kreativ sektorun verdiyi töhfənin ölkə iqtisadiyyatında və ümumi daxili məhsulda getdikcə artdığını bildirib.

K.İmanov Duqlas Nortun neoinstitusionalizm nəzəriyyəsinə əsaslanaraq, vahid qurumun yaradılmasının əməliyyat xərclərinin minimuma endirilməsinə də müsbət təsirini vurğuladı, həmçinin Agentliyin əqli fəaliyyət nəticələrinin kommersialaşdırılması və transferi sahəsində rolunu da qeyd etdi.

Əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsi ilə iqtisadi inkişaf səviyyəsinin qarşılıqlı təsiri haqqında qonaqla fikir mübadiləsi aparan K.İmanov onlar arasında olan korrelyasiya sahəsində Agentlik tərəfindən aparılmış araşdırma barədə danışıb, eyni zamanda müəlliflik hüququ ilə sənaye mülkiyyəti arasında kəsişən məqamları da diqqətə çatdırıb. O, bu məsələlərin cari ilin iyunun 22-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Daren Tanq ilə keçirilmiş video görüşdə qaldırdığını və ÜƏMT çərçivəsində müzakirə olunmasını təklif etdiyini bildirib.

K.İmanov Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində əldə olunmuş Zəfər nəticəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunduğuna toxunaraq hazırda həmin ərazilərdə innovasiya və əqli fəalliyyət nəticələrini özündə ehtiva edən “ağıllı şəhər” (smart-city) və “ağıllı kənd” (smart-village) layihələrinin həyata keçirilməsinə başlanıldığını vurğulayıb.

Qəbul üçün təşəkkürünü bildirən M.Medves regionumuza ilk dəfə səfər etdiyini qeyd edib, Azərbaycanın əqli mülkiyyət sahəsindəki uğurları, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərəçarpacaq irəliləyişləri haqqında məlumatı olduğunu bildirib. O, hazırda Slovakiyada universitet və elmi-tədqiqat institutlarında texnologiyaların transferi və kommersialaşdırılması sahəsində görülən işlərdən danışıb və bu istiqamətdə ölkəmizin təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını nəzərə çatdırıb. M.Medves həmkarı K.İmanovu Slovakiyaya səfər etməyə dəvət edib.

K.İmanov Slovakiyalı qonaq tərəfindən Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə təşəkkür edərək ÜƏMT ilə birgə həyata keçirilən “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihə”yə toxunub, ölkəmizin ali təhsil müəssisələrində Agentliyin dəstəyi ilə texnologiyaların transferi mərkəzlərinin, o cümlədən Bakı Dövlət Universitetində əqli mülkiyyət kafedrasının yaradıldığını bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, birgə tədbirlərin təşkil olunması, təlim səfərlərinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×