Çağrı Mərkəzi: 960
Bir daha Azərbaycanda müəlliflik hüququ barədə: hüquqi təminatın sivil yolları

Bir daha Azərbaycanda müəlliflik hüququ barədə: hüquqi təminatın sivil yolları

Azərbaycanda müəlliflik hüququ sahəsində əsas problem müəlliflərin öz hüquqlarını bilməməsi və ya bu hüquqlarından tam istifadə etmək istəməmələridir. Bunu JAMnews-a Əqli Mülkiyyət Agentliyindən bildiriblər.

Saytımızda dərc olunmuş “Azərbaycanda müəllif hüququ, yaxud hüquqsuzluğu?” məqaləsi böyük rezonans doğurub və bu yazıdakı bəzi işıqlandırılmayan məsələlərə peşəkar reaksiya verənlərdən biri müəlliflik hüququ sahəsində Azərbaycanda tənzimləyici funksiyalarını yerinə yetirən Əqli Mülkiyyət Agentliyi olub.

JAMnews bu sahədə mövcud olan problemlərlə əlaqədar qurumun mətbuat katibi Elnur Məmmədli ilə söhbət edib.


Müəlliflər məhkəməyə müraciət etməlidir

Agentliyin rəsmisinin sözlərinə görə, qurumun müəllif hüquqlarının qorunmasını təmin etmək mexanizmləri yoxdur və əslində, olmamalıdır. “Qanunvericiliyə görə, belə səlahiyyətlər məhkəmə və hüquq-mühafizə orqanlarındadır”, – o deyib.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə görə, müəlliflər və hüquq sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. “Müəlliflik hüququ şəxsi hüquqdur və hüququ pozulmuş müəllif şəxsən bununla əlaqədar məhkəməyə müraciət etməlidir.

“Lakin bu o demək deyil ki, agentliyə müraciətlər olmur. 2020-ci il ərzində qurum müəllif-hüquq məsələləri üzrə 1650-dən artıq müraciət və sorğuya cavab verib, qaldırılan məsələlərin həllində köməklik göstərib”, – E.Məmmədli söyləyir.

Onun sözlərinə görə, hüquqları pozulmuş şəxslər qanunvericiliklə onlara verilmiş hüquqlarından tam istifadə etmir, hüquqlarının bərpası üçün məhkəmələrə müraciət etmirlər: “Hüquqlarının bərpası üçün məhkəməyə getmək əvəzində digərlərini günahlandırırlar”.


Əsərlərin qeydiyyatı müəlliflər üçün üstünlükdür

MDB ölkələri arasında yeganə olaraq Azərbaycanda əsərlərin könüllü qeydiyyatı sistemi mövcuddur. Müəlliflər öz əsərlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və şəhadətnamə ala bilərlər.

2020-ci ildə agentlikdə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilib.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 9-cu maddəsinə görə, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

“Müəlliflər əsərlərini Agentlikdə qeydiyyatdan keçirdikdən sonra bizim timsalımızda belə desək öz “vəkil”ini qazanmış olur. Yəni, özlərinə məxsus hüquqların müdafiəsində bizi müvəkkil edirlər”, – agentliyin sözçüsü bildirib.


Agentlik müəlliflərə hansı imkanları təqdim edir?

“Hüquqları pozulan şəxslərin məhkəməyə getməməyinin bir sıra səbəbləri var ki, bunların biri də maliyyə ilə bağlıdır, yəni vəkil xidmətləri və s. Məhz bu çətinlikləri nəzərə alaraq Agentlik müəlliflərə öz pozulmuş hüquqlarını təmin etmək üçün bir sıra imkanlar təqdim edir”, – E.Məmmədli JAMnews-a deyib.

“Hüquqları pozulduğu halda onlar təmənnasız olaraq Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”ndan yararlanır, hüquqlarının bərbası üçün məhkəməyə iddia ərizəsinin tərtib olunmasında onlara köməklik göstərilir, ekspert rəyi hazırlanır və Agentliyin nümayəndələri bir çox hallarda üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunuraq hüquqları pozulmuş müəllif və hüquq sahiblərinin mövqeyini müdafiə edir.

Odur ki, Agentlik tərəfindən yaradılan bu unikal sistem müəllif hüquqlarının qorunması ilə pozulmuş hüquqların bərpası arasında bir körpü, vasitə kimi çıxış edir”, – sözçü qeyd edib.


Bir daha “Bayatılar” və Eldar Mansurov barədə

“Qeyd edim ki, saytınızda gedən məqalə ilə tanış olan hörmətli bəstəkarımız Eldar Mansurov dünən şəxsən agentliyə gəlib. Müəllifi olduğu “Bayatılar” kompozisiyası ilə bağlı nüansları bizimlə bölüşüb. Onun sözlərinə görə, hələ 90-cı illərin əvvəllərindən bəstəkarın əsərlərinin agentlikdə uçotu aparılıb. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun qəbul olunduqdan sonra isə Eldar Mansurov əsərlərini agentlikdə qeydiyyatdan keçirən ilk şəxslərdən olub və şəhadətnamələr alıb.

Eldar Mansurov hazırda ən çox əsəri qeydiyyatdan keçirilmiş müəlliflərimizdəndir. Bizimlə söhbətində onun özü bunun üstünlüklərini vurğulayıb və digər müəllifləri də əsərlərini agentlikdə qeydiyyatdan keçirməyə çağırıb. O, “Bayatılar” əsərini nümunə gətirərək, agentlikdən aldığı şəhadətnamənin xarici dilə tərcümə elətdirərək apostili onun hüquqlarını pozan əcnəbi ifaçılara göndərdiyini və öz hüquqlarını bərpa etdiyini xatırladıb. Məhz rumın müğənni Edvard Maya 2009-cu ildə Bakıya gələrək əsərin ifası üçün ondan lisensiya (icazə) alıb. Hazırda da bu qayda ilə bəstəkar öz əsərlərinin qorunmasını təmin edir”, – E.Məmmədli vurğulayıb.


Hansı azərbaycanlı müəlliflərin pozulmuş hüquqları bərpa olunub?

Müəllif hüquqlarının qorunması ilə bağlı konkret nümunələr göstərmək xahişimizə cavab olaraq, agentlik rəsmisi bildirib ki, 2020-ci il ərzində qurumun nümayəndələri əqli mülkiyyət obyektlərinə hüquqların təminatı ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 53 iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib.

“Misal üçün, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin kabel televiziyalarından birinə qarşı qaldırdığı iddiası zamanı agentlik bütün məhkəmə instansiyalarında onları müdafiə edib. Nəticədə, Gildiyanın pozulmuş hüquqlarının tanınmasına nail olunub.

Bundan başqa, adını çəkmədən bir müəllif tərəfindən televiziyalardan birində hüquqlarının pozulması ilə əlaqədar məhkəmədə iddia qaldırdığı zaman yenə də agentliyin müdafiəsi nəticəsində həmin şəxsin pozulmuş hüquqları bərpa olunub və vurulmuş zərər ödənilib”, – E.Məmmədli deyib.

Onun sözlərinə görə, 2020-ci ildə mərhum bəstəkar Elza İbrahimovanın vərəsəsi Çingiz İbrahimov agentliyə müraciət edərək, “YouTube” portalında bəstəkarın adına açılmış kanalın şikayətlər əsasında bağlanıldığını bildirib və bununla bağlı yardım göstərilməsini xahiş edib. Agentliyin işə qarışması nəticəsində bağlanan kanalın açılmasına nail olunub.


Ölümündən sonra 70 illik zəmanət

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin əmlak hüquqları vərəsəlik qaydasında keçir. Belə qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə həmin vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir.

“Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri Belçikada yaşayan erməni mənşəli Vardan Hovanissian və musiqiçi Emre Gültekin tərəfindən mənimsənilib və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib. Bəstəkarın vərəsələri hüquqlarının bərpasında köməklik üçün agentliyə müraciət edib. Agentliyin yenə də işə qarışması nəticəsində albomu buraxan şirkətin rəhbərliyi Azərbaycan tərəfindən üzr istəyib və səhvlərini düzəldiblər.

Digər bir misal: görkəmli bəstəkarımız Tofiq Quliyevin “Sənə də qalmaz” əsərinin musiqisi alban müğənnisi Roveno Dilo tərəfindən “Ne Shkoder te vish” adı altında “Ante” musiqi albomuna daxil edilərək “YouTube” kanalında yerləşdirilib. Bununla əlaqədar bəstəkarın vərəsəsi agentliyə müraciət edib. Tərəfimizdən görülən tədbirlər nəticəsində Tofiq Quliyevin pozulmuş hüquqları bərpa edilib”, – E.Məmmədli vurğulayıb.


MDB-də birinci, dünya üzrə 30-cu

Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə, Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutub. Bu göstərici üzrə ölkə MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.

Azərbaycan müəllif-hüquq sahəsində geniş beynəlxalq əməkdaşlığa cəlb olunub, beynəlxalq təşkilatların işində fəal iştirak edir və müəlliflik hüququ sahəsindəki əsas beynəlxalq sazişlərin üzvüdür və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) rəhbərliyində təmsil olunur. Məhz bu göstəricilər 2019-cu ilin oktyabrında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan nümayəndəsinin MDB ölkələri arasında ilk dəfə olaraq müəlliflik hüququ üzrə 1886-cı ildə qəbul edilən və təqribən 180 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə seçilməsində az rol oynamayib.


Problemlər də var

E.Məmmədlinin sözlərinə görə, bəzi problemlər də qalmaqdadır: “Misal üçün, ciddi iradlarımıza baxmayaraq, musiqili əsərlərdən istifadəyə görə qonorarın yığılması ilə məşğul olan “Azərbaycan Müəllifləri” İctimai Birliyinin fəaliyyətində yol verilən nöqsanlar hələ də qalmaqdadır. İctimai Birliyin fəaliyyətinin şəffaf olmaması narahatlıq doğurur. Ən vacibi isə qonorarın yığılmasının zəifliyidir və bu, müəlliflərin və hüquq sahiblərinin haqlı etirazlarına səbəb olur”.

Açıqlığın və şəffaflığın təmin edilməsi məqsədilə Agentlik tərəfindən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi istifadəyə verilib və bununla sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilib. Bu sistem göstərilən dövlət xidmətlərinin səviyyəsini əvvəlki illərlə müqayisədə yüksəldib.


JAM-News.net

(04.02.2021)

https://jam-news.net/az/bir-daha-azərbaycanda-muəl.../



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×