UNESCO-nun Baş direktoru Odri Azulenin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciəti
Kitablar bizi səyahətə və başqa insanlarla tanışlığa dəvət edir: çevirdiyimiz hər bir səhifə bizə başqa bir dünya açır. Bu Beynəlxalq kitab günündə biz bu heyrətamiz imkanlara və kitabların cazibəsinə öz haqqını vermək istərdik.
Kitablar istənilən formatda bizə nəinki məlumat öyrənmək və əldə etmək, həm də əylənmək və bizi başqa bir aləmlə tanış edərək bu dünyanı kəşf etmək imkanları yaradır.
Bununla belə, kitabların öz potensialını tam olaraq üzə çıxarması üçün onların dünyamızın linqvistik müxtəlifliyini əks etdirməsi zəruridir. Təəssüf ki, bu gün bu, belə deyil: əksər əsərlər yalnız bir neçə dillərdə nəşr olunur rəqəmsal texnologiyalar isə linqvistik standartlaşdırma problemini gündəmə gətirir.
Lakin, hər bir dil öz anlayışları və dəyərləri ilə dünyaya xüsusi baxış çatdırır.
Məhz buna görə 2022-ci ildə başlayan aborigen dillərin beynəlxalq onilliyi çərçivəsində UNESCO aborigen, eləcə də regional dillərdə kitabların nəşrinə dəstək verir. 2023-cü ildən biz dünya nəşriyyatları ilə əməkdaşlıq edirik, birlikdə dillərin və mədəniyyətlərin zənginliyinə həsr olunmuş, artıq 14 dildə, o cümlədən mapuçe, qalisiya və marathi dillərində Viktor D.O. Santos və Anna Forlatinin “Bizi insan edən” adlı illüstrasiyalı uşaq kitabını nəşr etmişik.
UNESCO həmçinin Afrikada kitab sektoru, xüsusən də gənclər üçün ədəbiyyatı dəstəkləyir. Köləliyin tarixi və onun müasir nəticələrinin araşdırılmasından əlavə, 2022-ci ildə “Cənub Dilləri” (Langages du Sud) nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində, gənc yaşda olan uşaqlar arasında bu problemlərə diqqətin artırılması məqsədilə “Bintu və Issa” kitab seriyasını təqdim etdik. 2024-cü ilin may ayında Rabatda keçiriləcək Beynəlxalq Kitab Sərgisi üçün eyni nəşriyyatla birgə gənc Mərakeşlilərə UNESCO siyahılarına daxil edilmiş mədəni irslərə yeni perspektivlər bəxş edəcək “Nurun gəzintiləri” seriyasından ilk kitabın nəşr olunmasını da planlaşdırırıq.
UNESCO həmçinin təkcə savad və müəllif hüquqlarını deyil, həm də ifadə azadlığının gücləndirilməsini nəzərdə tutan öz Ümumdünya Kitab Paytaxtları şəbəkəsi vasitəsilə nəşriyyat sektoru və mütaliənin təmin etdiyi imkanları dəstəkləyir. Fransanın Strasburq şəhəri 2024-cü il üzrə Ümumdünya Kitab Paytaxtı elan edilib, məqsəd kitabları dövrümüzün ekoloji problemləri barədə məlumatların çatdırılması və müvafiq elmi biliklərin ötürülməsi üzrə əsas vasitəyə çevirməkdir.
Nəhayət, biz müəlliflərdən başlayaraq kitab sənayesi üzrə fəaliyyət göstərən hər kəs üçün ədalətli haqqın ödənilməsini dəstəkləyirik, çünki kitabın ərsəyə gəlməsində müxtəlif mütəxəssislərin bütün bacarıq və səriştələri iştirak edir.
Bu beynəlxalq gündə UNESCO sizi təkcə mütaliə və mədəniyyəti layiqincə qiymətləndirməyə deyil, həm də onlara dəstək üzrə öhdəlik götürməyə dəvət edir.