Azərbaycan və İsrail nümayəndələri innovasiya layihələri sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun və palatanın layihələr rəhbəri Paşa Əliyevi qəbul edib.
Əqli mülkiyyət sahəsində ölkəmizdə aparılan geniş instisuional islahatlar barədə danışan Kamran İmanov dövlət başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyətin prioritet istiqamət kimi qəbul edildiyini və bu sahəyə 8 bənddə toxunulduğunu bildirib. Azərbaycan-İsrail əlaqələrinə toxunan Agentliyin rəhbəri iki ölkə arasında sıx əməkdaşlığın mövcud olduğunu və Azərbaycanda yəhudilərə daim tolerant münasibətin mövcud olduğunu diqqətə çatdırıb.
Qəbul üçün təşəkkür edən A.Kaplun özünün Bakıda doğulduğunu, burada orta məktəbi bitirdiyini, ali təhsil aldığını xatırlayaraq Azərbaycanda çoxlu dostlarının olduğunu, ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnun qaldığını vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın əsas vəzifəsinin İsrail və Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin qurulmasında yardımçı olmaq və hər iki ölkədə onların fəaliyyətlərinin genişləndirilməsinə töhfə vermək olduğunu bildirib. İsrailin elmi-tədqiqat müəssisələrində texnologiyaların kommersiyalaşdırılması ilə məşğul olan mərkəzlər, o cümlədən startapların yaradılması və maliyyələşdirilməsi təcrübəsi barəsində məlumat verən qonaq hazırda ölkədə 7 mindən çox startapların fəaliyyət göstərdiyini və əhalinin təqribən 60-70 faiz hissəsinin bu sahəyə cəlb olunduğunu diqqətə çatdırıb.
Səmimi şəraitdə keçirilən görüşdə ölkəmizdə innovasiya layihələrini həyata keçirən müəsisələrin İsraildəki şirkətlərlə əlaqələrinin qurulması, o cümlədən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasına ölkəmizin şirkətlərinin qoşulmasına dəstək verilməsi məsələləri müzakirə olunub.