Aparılan maarifləndirmə öz bəhrəsini verməkdədir
Xəbər verdiyimiz kimi, cari ilin mart ayında Əqli Mülkiyyət Agentliyində ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbə və doktorantlar, o cümlədən elm sahəsində çalışan gənclərlə görüş keçirilmişdir. Görüşdə gənclərə ixtira və faydalı modelə patent alınması üçün milli və beynəlxalq iddia sənədlərinin verilməsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının müvafiq məlumat bazalarında patent axtarışının həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, gənclərin sualları cavablandırılmışdır.
Aparılmış maarifləndirmə qısa zamanda öz bəhrəsini vermişdir. Belə ki, öz ixtiralarını qeydiyyata almağa maraq göstərən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin tələbələrinə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən iddia sənədlərinin tərtib edilməsinə köməklik göstərilmişdir. Nəticədə gənc ixtiraçılar ixtiralarının qeydiyyata alınması üçün sənədlərini Agentliyə təqdim etmişlər.
Xatırladaq ki, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ərəfəsində əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi və cəmiyyətin ayrı-ayrı təbəqələrinin diqqətinin əqli mülkiyyətə cəlb edilməsi məqsədilə “Əqli Mülkiyyət Aylığı” elan edilmişdir. “Əqli Mülkiyyət Aylığı” çərçivəsində ixtiraçılar arasında maarifləndirmə işləri davam etdirilir.