Azərbaycanın nümayəndələri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının sessiyasında iştirak edirlər
Cari ilin 4 oktyabr tarixində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin Assambleyalarının 62-ci sessiyası öz işinə başlayıb. COVID-19 infeksiyası ilə əlaqədar iclaslar hibrid rejimdə keçirilir. Üzv-dövlətlərin nümayəndələrinin bir qismi tədbirə bilavasitə ÜƏMT-nın Cenevrədəki mənzil-qərargahında, digər nümayəndələr isə onlayn rejimdə qoşulublar.
Ölkəmizi təmsil edən nümayəndə heyəti tədbirdə hibrid rejimdə iştirak edir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan Agentliyin nümayəndələri onlayn reyimdə, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşları, o cümlədən səfir Qalib İsrafilov fiziki olaraq tədbirə qoşulublar.
Assambleyaların açılışında ÜƏMT-nın Baş direktoru Daren Tanq çıxış edib. Tədbir iştirakçılarını salamlayan D.Tanq güclü maliyyə vəziyyətini qoruyan və əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində pandemiyaya qarşı bu günə qədər tab gətirməyi bacaran ÜƏMT-nın gələcəyi ilə bağlı təşkilatın rəhbərliyinin baxışlarını açıqlayıb. O, 2021-ci il Qlobal İnnovasiya İndeksinə istinad edərək, 2020-ci ildə əqli mülkiyyət hüquqlarının qorunmasına dair iddia sənədlərin, elmi-tədqiqat xərclərin, təcrübi-konstruktor işlərin və vençur kapitalının artımını vurğulayıb.
Assambleyanın bəşəriyyətin günümüzün ən ciddi problemi ilə üzləşdiyi bir vaxtda keçirildiyini qeyd edən D.Tanq, bu dönüş nöqtəsinin ümumi gələcəyimizi müəyyən edəcəyini bildirib: "Bizi qarşıda çətin yol gözləyir, lakin biz innovasiya və yaradıcılıq sayəsində pandemiyaya qalib gələcəyik və ədalətli, inkluziv və dayanıqlı inkişafa qayıdacağıq”.
Baş Assambleyanın plenar iclasına onlayn rejimdə qatılan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ingilis dilində çıxış edib. Azərbaycan Respublikasının nümayəndə heyətinin adından tədbir iştirakçılarını salamlayan Agentliyin rəhbəri Assambleyanın keçirilməsi üçün Baş direktorun rəhbərliyi altında ÜƏMT-nın Katibliyinin apardığı işi yüksək qiymətləndirib.
Əqli mülkiyyət institutunun uğurlarının ÜƏMT-nın əsaslandığı ardıcıllıq, sabitlik və eyni zamanda, mobilliyi ilə müəyyən edildiyini qeyd edən K.İmanov vurğulayıb ki, bu dəyərlər ÜƏMT-nın önümüzdəki beş il üçün Ortamüddətli Strateji Planında qeyd edildiyi kimi “əqli mülkiyyətin hər kəsin xeyrinə innovasiya və yaradıcılığı dəstəkləyən bir dünyanın yaradılmasına” töhfə verəcəkdir.
K.İmanov Azərbaycanın ÜƏMT ilə sıx əməkdaşlıq etdiyini, əqli mülkiyyət sahəsi üzrə prioritet məsələlərə dair birgə memorandumlar imzalandığını diqqətə çatdıraraq, vurğulayıb: “Bizim Agentliyin başlıca məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatlara dəstək vermək, innovasiyaların tətbiqini təşviq etmək və iqtisadi artımın fəal aktoruna çevrilməkdir”. ƏM-in institusional strukturunun dəyişməsi hüquqların qorunmasının rəqəmsallaşdırılmasının tətbiqinə, şəffaflıq və fəaliyyətin intensivləşdirilməsi üzrə tətbiqlərin yaradılmasına, universitetlərin ekspertiza üzrə bazalara əlçatanlığına, lokal ƏM ofislərinin dəstəklənməsinə və Agentliyin nəzdində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılmasına gətirmişdir”.
O, bildirib ki, yeni ƏM obyektlərini nəzərə alan sənaye mülkiyyətinə dair və ənənəvi bilikləri əqli mülkiyyət obyekti kimi qəbul edən müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə qanunvericiliyə edilən dəyişiklikləri nəzərə alan qanunların yeni redaksiyaları qüvvəyə minir, həmçinin ənənəvi biliklərin və ənənəvi mədəni nümunələrin qorunmasını mühafizə edən, onların qeydiyyatını və mühafizə sənədlərinin verilməsini təmin edən tədbirlər görülüb. Nəticədə ixtiraçılıq və patent aktivliyi artmış, iddia ərizələrinin baxılma müddəti sürətləndirilib və kreativ sənayenin ölkənin ÜDM-nda payı artıb.
K.İmanov çıxışının sonunda işğaldan azad edilmiş və təmamilə dağıdılmış Qarabağ torpaqlarında innovativ dəyişikliklərin təşviq edilməsinə və burada “ağıllı şəhər” və “ağıllı kəndlər”in yaradılması üçün aparılan işlərə dəstək verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, Assambleyanın oktyabrın 4-də keçirilən toplantısında K.İmanov ÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib. Azərbaycan nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi dövlət başçımızın uğurlu siyasətinin nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
ÜƏMT üzv-dövlətlərinin Assambleyalarının 62-ci sessiyası oktyabrın 8-dək davam edəcək.