Avrasiya Patent Təşkilatının nümayəndə heyəti Nazirlər Kabinetində olub
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ə.Əhmədov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar barədə məlumat verib, ölkəmizin APT ilə əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib. Baş nazirin müavini Azərbaycanın APT-da iştirakına önəm verildiyini və bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Q.İvliyev Azərbaycanın APT-nın müxtəlif proqramlarında iştirak etdiyini diqqətə çatdırıb. O, təşkilatın fəaliyyətinin yeni istiqamətlərinə toxunaraq vahid Avrasiya əmtəə nişanının və vahid Avrasiya faydalı modelinin qeydiyyatı sisteminin yaradılmasına hazır olduqlarını vurğulayıb. Q.İvliyev növbəti il APT-nın yaradılmasının 30-cu ildönümü münasibətlə təşkilatın İnzibati Şurasının toplantısının Cenevrədə keçiriləcəyini bildirib.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafı, bu sahədə müasir idarəetmə modelləri, texnologiyaların transferi və vençur kapitalından istifadə barədə məlumat verib.