İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında ölkə Prezidentinin Fərmanının icrası ilə əlaqədar Əqli Mülkiyyət Agentliyində iclas keçirilmişdir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il 15 iyun tarixində "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Fərman imzalamışdır.
Fərmanın əsas məqsədi sənaye mülkiyyəti sahəsində ölkəmizin yaradıcı şəxslərinə dəstək göstərməkdir. İlk növbədə, bu sənəd ixtiraçıların əqli fəaliyyət nəticələri olan sənaye mülkiyyəti obyektləri - ixtira və faydalı modellərin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının idarəçiliyində olan Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin tən yarısını dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.
Fərmanın icrası ilə bağlı Əqli Mülkiyyət Agentliyində təşkilatın tabeliyində olan qurumların iştirakı da daxil olmaqla geniş iclas keçirilmişdir. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə keçirilən tədbirdə Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində Agentlik qarşısında duran vəzifələr müzakirə edilmiş, bu məsələlərin hüquqi təmini məqsədilə zəruri aktların, o cümlədən ixtiraların və faydalı modellərin PCT beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasının hazırlanması ilə bağlı tapşırıqlar verilmişdir.
Qeyd edilməlidir ki, bu Fərman ölkəmizdə həyata keçirilən geniş iqtisadi islahatlar kursunun hərəkətverici amillərindən və iqtisadi yüksəlişin şərti olan biznes mühitinin əlverişliyinin artırılması siyasəti çərçivəsində qəbul edilmişdir. Belə ki, 2017-ci il 2 iyun tarixində ölkə başçısı tərəfindən imzalanmış 2947 nömrəli Sərəncamla təsdiq edilmiş Tədbirlər planının müvafiq bəndi ixtiraçılara dəstək məqsədi ilə PCT sistemi üzrə yaranan xərclərin bir qisminin dövlət tərəfindən ödənilməsi üçün stimullaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanmasını nəzərdə tutmuşdur.
Həmçinin Tədbirlər planı beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsilə gözlənilən nəticələr sırasında, o cümlədən əldə olunan patent sayında artımın təmin olunmasını ehtiva edir.
Göründüyü kimi, ikili məqsədə - biznesin inkişafına və ölkəmizin beynəlxalq reytinqinin yaxşılaşdırılmasına - nail olmaq üçün əqli mülkiyyət sahəsinin əhəmiyyəti artmaqdadır. Təbii ki, bu, ilk növbədə, yaradıcı əməyə verilən dəyərlə ölçülür və dövlətimiz bu istiqamətdə növbəti təşviqedici qərar qəbul etmişdir.