“Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda təlim keçirilib
Xəbər verildiyi kimi, Əqli Mülkiyyət Agentliyi tərəfindən 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə 2024-cü ilin aprel ayı “Əqli Mülkiyyət Aylığı” elan edilib.
“Əqli Mülkiyyət Aylığı” çərçivəsində aprelin 2-də Əqli Mülkiyyət Agentliyində “Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda təlim keçirilib.
Tədbirdə Agentliyin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli ölkəmizdə müəllif-hüquq sisteminin yaradıcısı olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində müstəqil Azərbaycanda müəlliflik hüququ üzrə qanunvericilik və idarəetmə sisteminin formalaşdırılması, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi altında müəllif-hüquq sisteminin müasirləşməsi və inkişafının uğurla davam etdirilməsi barədə danışıb. Qeyd edib ki, milli müəllif-hüquq sisteminin yaradıcısı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasında əqli mülkiyyət hüququ təsbit edilmiş, Azərbaycanın əqli mülkiyyət üzrə ilk qanunu - ‘’Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun qəbul olunmuş, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv seçilmiş və əqli mülkiyyət sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur.
N.Bədəlbəyli milli müəllif-hüquq sisteminin tarixi, keçdiyi şərəfli inkişaf yolu və bu sahədə görülən işlər barədə Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanıb nəşr olunmuş “Azərbaycanın müəllif-hüquq sistemi’’ adlı kitabda dolğun məlumatların verildiyini bildirib.
Maraqlananlar “Azərbaycanın müəllif-hüquq sistemi’’ kitabını Əqli Mülkiyyət Agentliyindən pulsuz əldə edə bilərlər.
Təlimdə Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşları, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
“Əqli Mülkiyyət Aylığı” çərçivəsində Agentlik tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.