Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində tədbir keçirilib
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında tədbir keçirilib.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Respublika Elmi-Texniki Kitabxanası direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Mübariz Məmmədli ürəyi daim Azərbaycanla döyünən dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətlərindən, dövlətçilik təcrübəsindən, yüksək idarəçilik keyfiyyətlərindən bəhs edib.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşavirləri Fərid Cəfərov və Akif Təvəkküloğlu Ümumilli Lider Heydər Əliyev haqqında xoş xatirələrini bölüşüblər. Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev irsinin milli sərvətimiz olduğu vurğulanıb, əbədilik qazanan liderimizin şərəfli həyat yolu haqqında bəhs edilib. Bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin Heydər Əliyevin siyasəti nəticəsində qoyulduğu xüsusilə vurğulanıb. Qeyd edilib ki, Ümumilli Lider Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və məharətlə davam etdirilir.
Tədbirdə Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Respublika Elmi-Texniki Kitabxanasına hədiyyə edilən “Azərbaycan deyəndə” adlı sənədli film nümayiş etdirilib. Filmdə dahi şəxsiyyətin mənalı həyat yolundan, zəngin dövlətçilik təcrübəsindən, rəhbərlik etdiyi illərdə göstərdiyi misilsiz xidmətlərindən bəhs edilir.