Əqli Mülkiyyət Agentliyində ölkə Prezidentinin doğum gününə həsr edilən tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ad gününə həsr edilən tədbir keçirilmişdir.
Tədbiri çıxış sözü ilə açan təşkilatın rəhbəri, İdarə Heyətinin sədri cənab Kamran İmanov ölkə başçısına ünvanlanmış ürək sözlərini demiş, tədbir iştirakçılarını və hər bir Azərbaycan vətəndaşını bu münasibətlə təbrik etmişdir.
O, demişdir: “Bu gün xalqımız tərəfindən sevilən Prezidentimizin doğum günüdür, yubileyidir. Allah cənab Prezidəntə can sağlığı versin! Ulu Tanrı cənab Prezidenti qorusun! Ulu Tanrı onun həyat yoldaşı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı, onların ailəsini qorusun! Bizim də imkanımız olsun Azərbaycanın çiçəklənməsində iştirak edə bilək, onu müşahidə edək”.
O, Ulu Öndər, Prezident Heydər Əliyevin 2003-cü ildə İlham Əliyevə xitabən dediyi “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini yada salaraq, vurğuladı: “Görün, Ulu Öndər bizə necə varis qoydu ki, o varis bizə ən böyük sevinci - torpaqlarımızın azad olunmasını bəxş etdi”.
“Yaşlı nəslin bir nümayəndəsi kimi, mən çox şadam ki, Tanrı torpaqlarımızın azad olunması sevincini bizlərə yaşatdı. Cənab Prezident Azərbaycanın son 200 illik tarixində ilk qələbəni bizə bəxş etdi, cəmi 44 günə. Mən bunu açıq deyirəm!”, - söyləyərək, Agentliyin rəhbəri vurğuladı ki, “bunu etmək üçün cənab Prezident həmin 2003-cü ildən başlayaraq, addım-addım güc-qüvvə yığdı, addım-addım nizami ordu yaratdı, addım-addım silahlandı, addım-addım dünyada buna zəmin yaratdı. Bunu çox incə uzunmüddətli siyasi addımlarla, ağıllı gedişlərlə, beynəlxalq arenada balansı qorumaqla, ustalıqla, tərəfdaşları düzgün seçməklə, mənliyimizi itirmədən, lazım olan məqamda savaşa girməklə etdi”.
K.İmanovun sözlərinə görə, cənab Prezidentin bu nailiyyətləri xalqımızın ona olan inamı, hörməti və sevgisi sayəsində baş vermişdir: “O, xalqın yanındadır, xalq – onun yanında. Xalqın sevgisi hər addımda görünür. Axı, əlimizdən alınan torpağı xalqımıza hədiyyə etməkdən artıq heç nə ola bilməz! Və belə bir Prezidenti sevməmək olmaz!”.
“Ən əsası, onun Azərbaycanı, Bakını sevməsidir. Görün, Bakı necə gözəlləşib! Mən bunu yaxşı bilirəm. Cənab Prezident o dərəcədə vətənpərvərdir, o dərəcədə Azərbaycanı sevir ki, bunları ifadə etmək çətindir”, - deyə, o vurğulamışdır.
Ölkə başçısının rəhbər keyfiyyətlərinə toxunan K.İmanov dedi: “Cənab Prezident bütün qərarlarını ölçüb-biçib qəbul edir, bundan sonra isə onları təmin etmək üçün var gücünü yönəldir. Bu, böyük rəhbərə malik xüsusiyyətdir!”.
Agentliyin rəhbəri cənab Prezidentin kreativ düşüncə sahibi olduğunu qeyd edərək, demişdir: “Cənab İlham Əliyev ən zəruri yenilikləri, innovasiyaları Azərbaycana gətirməyə qadirdir və gətirəcək!”.
O, çıxışını bu sözlərlə bitirdi: “Allah cənab Prezidentə can sağlığı versin! Azərbaycanın dünyaya günəş kimi doğulması ilə!”.
Tədbirdə çıxış edən Agentliyin digər əməkdaşları da Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yubileyi ilə əlaqədar xoş sözlərini və arzularını bildiriblər.