Respublika Elmi-Texniki Kitabxanasında Gənclər Günü qeyd olunub
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) "2 fevral – Azərbaycan Gəncləri Günü" münasibətilə «Uğurlu gənclik – uğurlu gələcək» mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan innovasiya və inkişaf üzrə kitabxana direktorunun 1-ci müavini Səbinə Sultanova Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin Azərbayacan gənclərinə göstərdiyi böyük diqqəti və etimadının təzahürü olduğunu bildirib. Qeyd olunub ki, müstəqillik qazanıldıqdan sonra Azərbaycan gəncləri qarşısında yeni perspektivlər açılmışdır. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır. S.Sultanova müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti sahəsində dövlət proqramlarının, iqtisadi, elmi, sosial və digər sahələrdə müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.
RETK-nın patent və müəllif hüquqları resursları üzrə direktor müavini Mübariz Məmmədli Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə gənclər siyasəti sahəsində təşkil olunan dövlət tədbirləri haqqında təssüratlarını bölüşüb.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu müasir dövrdə gənclər siyasəti və gənclərin ölkənin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə yaradılmış imkanlardan danışıb.
Konfransda «Azərbaycan gənclərinin inkişafında Heydər Əliyevin rolu», «Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizədə qəhrəman gənclər», «Könüllü gənclərinin fəaliyyəti haqqında», «İlham Əliyevin uğurlu gənclər siyasəti» mövzularında çıxışlar dinlənilib. Çıxış edən kitabxananın gənc əməkdaşları və könüllüləri göstərilən diqqətə və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Tədbirdə «Uğurlu gənclik – uğurlu gələcək» video təqdimatı nümayiş olunub.