Erməni vandalizminin qurbanı Gəncəsər monastırı
Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırının əsas tikililəri XIII əsrdə inşa edilmişdir. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılırdı. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.
Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsası 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal tərəfindən qoyulmuşdur.
2012-ci ildə ermənilər tərəfindən monastırın həyətində aparılan tikinti işləri tarixi abidənin əzəli görkəminə zərər vurmuşdur.