Çağrı Mərkəzi: 960
«Bir daha ənənələrimizin mənimsənilməsi – erməni ənənəsi haqqında»

Folklor mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət– ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Folklor, öz-özlüyündə qədim bir mədəni ənənədir. Bu canlı ənənə «qocalmır», çünki folklor daim inkişafdadır. Çünki hər zaman xalqımızın mədəniyyətinin qəlbi onun qəlbinin mədəniyyəti kimi çıxış etmişdir. Digər tərəfdən bizim qədim folklor ənənələrimiz ümumbəşəri dəyərlər sırasına daxildir və dünya mədəniyyətinin varidatıdır. Bununla yanaşı, «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri - ənənəvi növü kimi baxılır. Bu isə o deməkdir ki, biz folklor nümunələrimizə münasibətdə, həm də hüquqi müstəvidən, müstəsna hüquqlar mövqeyindən çıxış edirik. Həmin müstəsna hüquqların, yəni əqli mülkiyyətin hüquq sahibi isə Azərbaycan xalqıdır. Odur ki, Azərbaycan folklor nümunələrindən hər hansı şəkildə istifadə, Qanunda təsbit olunmuş tələblərin yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Bu tələblər hansılardır? Əvvəla, istifadə olunan folklor nümunəsinin təyinatı və məqsədi dəyişdiriləndə bədii forması işləndikdə, onun təbii mahiyyət və məzmununa heç bir halda xələl gətirilməməlidir. İkinci tələb isə ondan ibarətdir ki, istifadə zamanı folklor nümunəsinin dürüst mənşəyi, xalqımıza mənsub olduğu, mənbəyi mütləq göstərilməlidir. Qanunla nəzərdə tutulmuş tələblərin pozulması hüquqi məsuliyyət törədir. Belə ki, folklora əqli mülkiyyət kimi yanaşma onun qorunub – saxlanması, yayılması və zənginləşməsi üçün əlavə imkanlar yaradır. Çünki yaşadığımız xxi əsrin iqtisadiyyatı isə əqli mülkiyyətə əsaslanır və onda cəmləşən intellektual kapital əsas valyuta kimi çıxış edir. «İnsan ruhunun arxeologiyası adlanan folklor»un, mühüm milli özünəməxsusluğunu yaşadan bu alətin qorunub-saxlanmasının kulturolojı və humanitar baxımdan vacibliyi ilə yanaşı, müasir araşdırmalara əsasən, mühüm təbii - elmi əsasları da vardır. Həmin mədəni ənənənin «instinkt və idrak» arasındakı təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzərdir və tarixi prosses bu ənənəni vacib resursa və milli sərvətin dəyərli hissəsinə gətirib çıxarır. Və bu mənəvı sərvətin iqtisadi rolu heç də təbii sərvətlərin rolundan kiçik deyil. Belə ki, folklorun hüquqi qorunması canlı ənənələrin və mədəni varisliyin qorunması ilə yanaşı, gələcək inkişafımızın, xalqımızın rifahının qorunması deməkdir. Bir sözlə, inkişafda və zəngin ənənəyə malik olan dövlətimiz üçün folklorumuzun qorunması böyük əhəmiyyət kəsb edir.

Xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu saxtakar hərəkətlər «özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə» çevrilmişdir. Məsələnin ciddiliyi Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədində təqdim edilib, Milli Məclisin «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» Bəyanatında da öz əksini tapıb.

Həmin erməni ənənəsinin bir «mühüm» prinsipinə nəzər salaq: bir ölkənin ərazisinə iddia irəli sürmək üçün məskunlaşmış gəlmə xalq torpaq sahibinin mədəni irsini mənimsəməlidir. Bir sözlə «gəldim, gördüm,... mənimsədim».

«Böyük Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış xalqımıza məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir. Konkret folklor nümunələrimizin bir neçə mənimsənilmə və oğurluq «mərhələsinə» nəzər salaq.

Qədim dövrlərdən gələn Daş-balıq, Daş-qoç, Daş-at abıdələrimizi özünküləşdirən, qədim Alban torpaqlarını və abidələrini «Şərqi Ermənistan» ərazisinə çevirmək istəyən saxtakarlar tariximizin xristiyan dövrünün kilsələrini, stella və xaçdaşları, nişan-daşları və başdaşları və bunlarda həkk olunmuş milli dekorumuzu, habelə digər maddi abıdələrimizi mənimsəməklə yanaşı Musa Kalanqatlının «Alban tarixi»-ni, Karakos Gəncəlinin «Tarix»ini, Muxtar Kosanın «Alban xronikasını» və «Adət hüququ»na aid Qaydaları da erməniləşdirdilər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağladılar.

Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman – zaman elə ermənilərin öz dili ilə etiraf olunub: «Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür», «Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir», «Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq», «Bızım dilə Azərbaycan dili o qədər daxıl olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi»- (Abovyan «Ermənistan yaraları»), Bunu hətta xaricilər də etiraf etmişlər: «Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar», «Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə tatar (türk) dilində yazırlar, «bu dil ilə» Bütün Asiyanı başdan-başa dolaşmaq olar (Haksthauzen, Bestujev-Marlinski), əcnəbilər ünsiyyət, ticarət və qarşılıqlı anlaşmasına görə Azərbaycan dilini Avropada Fransız dili ilə müqayisə edirdilər.

Həmin Abovyanlar və Haqverdiyanlar, Ağayanlar 19 əsrin ikinci yarısında «Əsli və Kərəm», «Şah İsmayıl», «Aşıq Qərib», «Koroğlu» kimi dastanlarımızı erməniləşdirməyə çalışmış, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində əcnəbilər fon Bodenştedt və başqaları Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya erməni nümunələri kimi tanıtmışlar. Həmin Abovyan və Aqayan ermənilərin «...mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir», deyə-deyə, bizim aşıq musiqimizi erməni «aşıqların - «hüsanların» (fikir verin, uzan (ozan) sözündən gəlir!) özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar.

Uzun illər Azərbaycan xalqının iradəsindən asılı olmayaraq bu oğurluq faktlarının üstündən sükutla keçilmiş, istər Çar Rusiyası zamanında istərsə də sovet dövründə folklor nümunələrinin və müəllif əsərlərinin oxşarlığını, hətta eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyası münasibətlərlə izah etmişlər. XX-ci əsrin 80-cı illərində Təhməzyan, Siksiyan və başqalarının «çalışmaları» nəticəsində saxtakarlıqla dolu «böyük erməni» mədəniyyəti röyası yaradılmışdır. Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında Şirinin milliyətcə erməni şəhzadəsi olması, Xosrov Pərvizin saray musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis olması barədə, hətta Bertelsı təhrif etməklə «araşdırmalar» apardılar və ümumiyyətlə Ermənistanı mədəniyyət beşiyinə çevirmək üçün erməni mədəniyyətinin bütün Şərq xalqlarına təsiri barədə nağıllar uydurdular.

Ermənilərin etiraflarına baxmayaraq onların «istifadə etdikləri alətlərin adları da türkcədir: saz, səntur, kaman, bağlama», onlar utanıb çəkinmədən bu musiqi alətlərini də öz adlarına yazdılar.

Brutyanın «erməni muğam ifaçıları Bakı və Şuşadan çıxmışlar» etirafına, baxmayaraq, bu günki bir sıra ermənilər, o cümlədən Brutyan özü «ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolundan danışır, muğamın kökünü erməni monodiya musiqisınə bağlamağa cəhd göstərir.

Üzeyir bəyin «Arşın mal alan»ını oğurlayanlar əsl müəllif dünya ictimaiyyətinə sübut olunandan sonra, 80-cı illərdə radio və TV vasitəsilə A.Babacanyanın musiqi verilişində yenə də Üzeyir bəyin iki komediyasın Qarabağın hansısa erməni kəndinin melodiyaları kimi təqdim etmişdilər.

Tarixlərini iki min il yarımdan çox hesab edən ermənilər, ən qədim mədəniyyətə, o cümlədən folklorun mühüm bir hissəsi olan atalar sözlərinə malik olmaları ilə «qürurlanırlar», 1967-ci ildə SSRİ EA-sının «Elm» nəşriyyatı vasitəsilə oğurlanmış Azərbaycan atalar sözlərini «Армянский фольклор» adı altında təqdim etmişlər. Fikir verin, bu erməni atalar sözləri rusca necə səslənir: «Сядем криво, поговорим прямо» («Əyri oturaq, düz danışaq»), «Не всякий побывавший в Иерусалиме хаджи», «Лучше один раз попросить у Бога, чем сорок раз у сорока святых» («On iki imama qırx dəfə yalvarınca bir dəfə Allaha yalvar»), «Цену золота знает лишь ювелир» («Zər qədrini zərgər bilər»), «Делай так чтобы ни шашлык, ни шампур не сгорел» («Nə şiş yansın, nə kabab»), «Скажешь «джан», услышишь «джан» » («Can deyan, can eşidər»), «Ашуга в дом впустили, а он спрашивает: «куда положить саз» » və s. Bizcə şərhə ehtiyac yoxdur.

Qoy məntiqə sığışmayan aşağıdakı uydurmalar da heç kəsə gülməli gəlməsin: Bunlar da erməni oğurluğunun və plagiatının ana xəttini təşkil edir:

Azıx, Qobustan, Qəmiqaya - bu adlar Azərbaycanın müxtəlif regionlarına: Qarabağ, Şirvan, Naxçıvana aid qədim mədəniyyətimizin parlaq nümunələridir. Məsələn, Qəmiqayadakı daş təsvirləri qədim Naxçıvanda (e.ə. IV-I minilliklərdə) yaşayan azərbaycanlıların, bizim türk köklü ulu babalarımızın həyat tərzini, məşğuliyyətini, məişətini, dini və kosmoloji görüşlərini, totemlərini, mənəvi mədəniyyətini əks edən təsvirlərdir. Bunlar Qobustan təsvirlərinə (15-10 minilliklər e.ə.) habelə işğal altında olan Kəlbəcər qaya rəsmlərinə uyğundur. Bütün bunlar bizim maddi və qeyri-maddi mədəni irsimizin inciləridir. Lakin, Ayvazyan Rusiya mətbu orqanlarında bunların ermənilərə məxsus olmasını çox canfəşanlıqla isbat eləməyə çalışır. Yeganə «sübutu» isə ondan ibarətdir ki, erməni xalqı qədim xalqdır və yalnız hayklar bunları yaratmağa qadirdirlər, Qəmiqaya Nuh gəmisinin təsviri kimi yalnız ermənilərin ola bilər.

Azıx mağarasında ibtidai insan - «azıxantrop»un kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə çatdırılması erməniləri sakit qoymur. Mkrtiçan adlı şəxs bütün bunları erməni mədəniyyətinin kökləri elan edir, «sübutu» isə ondan ibarətdir ki, erməni dilində «turş üzüm» «azox» kimi səslənir və bu səbəbdən də ibtidai insan «azıxantrop» deyil, «azoxantrop» (yaxşı ki, «hayktrop» deyil) adlandırılmalıdır.

«Dədə Qorqud» abidəsi bizim nadir eposumuzdur və bütün dünya bir neçə il əvvəl ümummilli liderimiz H. Əliyevin təşəbbüsü ilə onun 1300 illiyini təntənəli surətdə qeyd etdi. Yunanlar Homer poemalarını yunan eposunun inciləri kimi, almanlar «Nibelunqlar haqqında mahnı»nı, fransızlar «Roland haqqında mahnı»nı, ruslar «Bılinaları»nı qoruduğu kimi, biz də «Dədə Qorqud»u xalqımızın qəhrəmanlıq abidəsi kimi əsrlərdən – əsrlərə keçirib bu günki nəsillərə çatdırmışıq. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən (bunlar ola da bilməz!) jurnallarda bu şah əsərimizin - «Dədə Qorqud»un erməni təəssuratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və onun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər.

Hələ bu azmış kimi, Eldəniz hökmüdarlarının sifarişi ilə məşhur memarımız Əcəminin yaratdığı «Mömine Xatun» abidəsini də ermələşdirirlər. Sən demə, Xaçaturyan adlı birisi «kəşf» edib ki, bu xatirə kompleksində «erməni memarlıq üslubu» hiss olunur. Bu, deyilənlər, yalnız bir neçə faktlardır, lakin bunların arxasında «məharətlə» işlənmiş prinsiplərə və üsullara söykənən məqsədlər durur. Əsas məqsəd isə ermənilərin ərazi iddiaları, xüsusən Azərbaycana olan ərazi iddialarıdır. Bunun üçün isə ilk növbədə bu torpaqların sahibi olan xalqın mədəniyyətinə, maddi və qeyri-maddi irsinə «sahib çıxmaq» lazımdır.

Odur ki, ermənilərin saxtalaşdırma, kontafaksiya və mənimsəmə niyyətləri yalnız erməniləşdirmə xəttini güdür.

Onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşır, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətimizə göz dikir, imkan daxilində onu öyrənir və geniş istifadə edir, daha sonrakı mərhələdə isə mənimsəyir və nəhayət, onları özünün milli mədəniyyət nümunələri elan edilir.

Təbiidir ki, bu «proqram» həyata keçirilərkən ən çox saxtalaşdırılan bizim folklorumuzdur.

Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün bir sıra ənənəvi üsullar və prosedurlar işlədirlər: - intellektual fırıldaqçılıq və plagiatlıq bir coğrafi ərazidə yaşayan qonşu xalqların mədəni ənənələrinin yaxınlığı ilə izah edilir; - birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında tirajlanır və yayılır; - Azərbaycanın ədəbi folklor nümunələri və digər əsərlər erməni transkripsiyasına çevrilir, maddi daşıyıcılara köçürülür və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra, oradan «qədim erməni əsərləri» kimi çıxarılır və daha çox xarıcı dillərə tərcümə edilərək yayılır. Bir sözlə əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi. - Azərbaycan folkloru əsərlərindəki süni surətdə erməniləşdirilmiş personajlara həsr olunmuş «tədqiqat əsərləri» nəşr olunur və «elmi işlərdə» erməni şəklinə salınmış bu və ya digər Azərbaycan mədəniyyət nümunəsinin erməni mənşəyinin və ya ona ən azı erməni təsirinin sübut olunması üçün saxta dəlillər yapışdırılır və s.

Nəticədə folklor nümunələrimizin və müəllif əsərlərimizin qeyri – qanuni istifadəsi, saxtalaşdırılması və qarət edilməsi halları geniş vüsat alaraq nəşr olunur, fonoqram və videoyazılarda istehsal olunur, media şəbəkəsində, o cümlədən internetdə geniş yayılır.

Beləliklə, bu «informasiya mübarizəsində» ermənilər beynəlxalq ictimaiyyətin rəyini çirkin niyyətlərinə istiqamətləndirməyə çalışırlar.

Uzun illər folklordan istifadə zamanı bu nümunələrə münasibətdə qeyri-qanuni hərəkətlər, onların təhrif edilməsi, mənimsənilməsi və mənbəyi olmayan xalqın nümunəsi kimi göstərilməsi faktları mövcud olmuşdur. Son iki yüz ildə Azərbaycan folklorunun ermənilər tərəfindən qarət və talanlara məruz qalması, xüsusən Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ermənilərin bu sahədə öz fəaliyyətlərini gücləndirməsi bizi, təbii ki, narahat edir. Çünki mədəniyyətimizin qorunmasını biz heç vaxt unutmamalıyıq və unutmuruq. Axı mədəniyyət hər şeyi unudandan sonra yeganə qalandır.

Ermənilərin intellektual oğurluğunun son illərdə güclənməsinin bir səbəbinə də nəzər salaq. Bir tərəfdən YUNESKO «Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında» Konvensiya qəbul edib və beləliklə, burada folklor nümunələrinin beynəlxalq qeydiyyat sistemi tezliklə fəaliyyətə başlayacaq. Digər tərəfdən ÜƏMT–nin «Folklor nümunələrinin qeyri-qanuni istifadəsinə və digər zərərli hərəkətlərə qarşı» beynəlxalq Konvensiyanın hələlik qəbul edilməməsi, lakin yaxınlarda qəbul ediləcəyi erməni saxtakarlarını tələsməyə məcbur edir.

Beynəlxalq ictimaiyyətin folklor nümunələrinin qorunması və saxlanılması məqsədlərinə diqqətinin artdığı bir şəraitdə və bununla birlikdə bu sahədə məsələləri tənzimləyən beynəlxalq hüquqi qorunma alətinin olmadığından istifadə edərək, erməni tərəfi bütün mümkün üsullarla Azərbaycan mədəni irsinin nümunələrini, o cümlədən folklor janrına məxsus əsərləri özününkü kimi qeydə almağa və yaymağa çalışır.

Müstəqilliyimizin bərpa olunmasından sonra Erməni fitnəkarlıqlarının güclənməsi təbiidir: yalanı quraşdıran həqiqəti söyləməz, bir yalan isə digərini doğar. Özü də ermənilərin cinayətkar saxtakarlıqlarını törədən təsadüf deyil, çirkin məqsəddir. Lakin zəmanə dəyişib: Azərbaycan hüquqi demokratik dövlət qurur, ölkəmiz günü-gündən inkişaf edir və qüdrətlənir. Ola bilsin ki, keçmişin hansısa mərhələsində mədəni irsimizi qorumağı öyrənməyimizə mane ola biliblər, lakin öyrəndiklərimizi unutdurmaq mümkün deyildir. Biz onu da unutmuruq ki, intellektual oğurluqla məşğul olanlar keçmişdə də oğurlayıblar, indi də oğurlayırlar, çox guman ki, gələcəkdə də oğurlayacaqlar. Bunlarla istər mənəvi, istərsə də hüquqi müstəvidə mübarizə sistemi qurmalıyıq. Özü də bu sahədə görülən tədbirlər preventiv, lokal xarakter daşımamalı və yalnız konkret situasiyada ermənilərin hər hansı bir qəsbkarlıq əməlinə qarşı yönəldilməməlidir. Mübarizə sisteminin əsasını «Folklor nümunələrinin hüquqi qorunması haqqında» yeni Qanun və cənab Prezident İlham Əliyevin imzaladığı Qanunun tədbiqi ilə bağlı Fərman təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətlər Respublika Müəllif Hüquqları Agentliyinə müvafiq icra hakimiyyəti orqanı kimi folklor nümunələrinin müdafiəsi sahəsində hüquqi və inzibati çərçivədə hərəkət etməyə imkan verir. Qanunda göstərildiyi kimi bu səlahiyyətlər bizə beynəlxalq təşkilatlarda folklorun qorunması məsələləri üzrə Azərbaycan Respublikasını təmsil etmək, beynəlxalq strukturları ermənilər tərəfindən yol verilən qanun pozuntuları barədə məlumatlandırmaq, və folklor nümunələrimizdən istifadə zamanı qanunla müəyyən edilən tələblərin pozulması hallarında dövlətin maraqlarını təmsil və müdafiə etmək imkanını yaradır.

Müəllif Hüquqları Agentliyi bu səlahiyyətləri həyata keçirərkən cənab Prezident İlham Əliyev bizə etibar etdiyi yüksək məsuliyyət səviyəsində olduğunu dərk edir və gücünü əsirgəmiyəcək. Çünki Qanun əslən bizim «xalqımızın danışan vicdanıdır».

Qanunun digər bir vacib xüsusiyyəti isə ondan ibarətdir ki, Ermənistanda belə bir qanunun olmadığı bir şəraitdə və Azərbaycan müəllif-hüquq qanunvericiliyində nəzərdə tutulmuş Ermənistanın isə müəllif-hüquq qanunvericiliyində olmayan, unikal könüllü qeydiyyat sistemi kimi folklorun hüquqi qorunması haqqında Qanun da bizə beynəlxalq strukturlar qarşısında həmin Qanunla müəyyən edilmiş normaların ermənilər tərəfindən pozulması ilə bağlı məsələ qaldırmağa imkan verir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və bu gün fəliyyətdə olan əqli mülkiyyət sahəsinin qanunvericiliyi və idarəetmə sisteminin nəticəsi kimi mümkün olmuşdur.

Bütün bu imkanlar və yaradılmış hüquqi mexanizmlər bizə erməniləri ifşa etmək üçün şərait yaratmışdır. Azərbaycan folkloru nümunələrinin qarət edilməsində və mənimsənilməsində «əvəzsiz» xidmətləri olan «Ani-rekords» studiyasının qeyri-qanuni hərəkətləri barədə müvafiq qaydada ÜƏMT və digər beynəlxalq və regional təşkilatlar qarşısında qaldırılmış məsələlər və görülən tədbirlər xüsusən qeyd edilməlidir. Artıq «Ani-rekords»un fəaliyyətinin dayandırılması haqqında Rusiyanın «Mətbuat və televiziya verilişləri üzrə Nazirliyinin» qərarı KİV-də yayılmışdır. «Ani-rekords»un intellektual oğurluqları haqqında, o cümlədən «Vağzalı», «Tərəkəmə», «Yallı», «Uzundərə», «Qazağı», «Mirzəyi» kimi xalq rəqslərimizin, «Xanbacı», «Dəli-Ceyran» və digər xalq mahnılarımızın, müəllif əsərlərinin oğurlanması haqqında etiraz məktublarımız ÜƏMT-yə və digər beynəlxalq və müvafiq Rusiya strukturlarına çatdırılmışdır.

Artıq bu sahədə səlahiyyətli dövlət orqanı kimi biz bu beynəlxalq, hökumətlərarası orqana ermənilərin keçmişdəki intellektual oğurluqları haqqında da rəsmi informasiyalar göndərmiş və etirazlarımızı bildirmişik.

Eyni mövzuda məsələ Azərbaycan xalq musiqiləri əsasında yaradılmış «Vokaliz» əsəri ilə bağlı da baş vermişdir. ÜƏMT-ə ünvanlanmış məktubda göstərildiyi kimi, ermənilərin bu mahnıdan qeyri-qanuni istifadəsi nəticəsində «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanunun tələblərinin (mənşəyinin düzgün göstərilməməsi), həm də Bern Konvensiyasının müəllifi məlum olmayan, o cümlədən folklor əsərlərinin qorunmasını nəzərdə tutan müvafiq maddəsinin, həmçinin aranjemanın və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını nəzərdə tutan müvafiq maddələrinin tələbləri pozulmuşdur.

«Folklor nümunələrinin qeyri-qanuni istifadəsi və digər zərərli hərəkətlərdən qorunması haqqında» Beynəlxalq müqavilənin ÜƏMT tərəfindən tezliklə qəbul edilməsi və qüvvəyə minməsi ilə bağlı Azərbaycanın konkret təklifləri də artıq bu təşkilata çatdırılıb.

Məlum olduğu kimi, Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Pakta qoşulmuşdur və bu yaxınlarda BMT-də Azərbaycanın məruzəsi gözlənilir. Qeyd edim ki, folklorun qorunmasına aid hissədə Agentlik tərəfindən erməni qarətləri haqqında hazırlanmış geniş məlumat müvafiq kanallarla BMT-yə çatdırılır.

Deyilənləri davam etdirmək də olar. Lakin vacib odur ki, ənənələrimiz, dilimiz kimi tarixin gedişi ilə qüdrətli inkişaf amilinə, milli sərvətin vacib elementlərindən birinə və nəhayət ən dəyərli resursuna çevrilmişdir. Ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi resursu kimi çıxış edirlər. Və biz həmişə ümummilli liderimiz mərhum Heydər Əliyevin «milli – mənəvi dəyərləri qoruyub saxlamaq» sözlərini yaddaşımızda əbədi saxlamalı və onlara əməl etməliyik.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×