İdarə Heyətinin sədri
Kamran Sultan oğlu İmanov
Azərbaycan Respublikası Əqli Mülkiyyət
Agentliyinin İdarə Heyətinin sədri
Tel.: (+99412) 960
E-mail: info@copat.gov.az
1946-cı il təvəllüdlüdür.
1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini tamamladıqdan sonra, həmin institutda 1977-ci ilədək baş laborant, aspirant, sektor rəhbəri, baş elmi işçi, baş müəllim, elmi laboratoriya müdiri və 1977-1983-cü illərdə Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru vəzifələrində işləmişdir.
1968-ci ildə Beynəlxalq tələbə müsabiqəsinin qalibi olmuşdur.
1983-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru, birinci prorektoru, 1978-1981-ci illərdə Gənclər problemlərinin tədqiqi və modelləşdirmə üzrə mərkəzin rəhbəri, Azərbaycan Gənc alimlər şurasının sədri, 1981-1983-cü illərdə Azərbaycan KP MK-nın İctimai rəyin öyrənilməsi və sosioloji tədqiqatlar mərkəzinin, 1980-1985-ci illərdə isə Azərbaycan Rektorlar şurasının elmi katibi vəzifələrində çalışmışdır. Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, “Təhsil əlaçısı” medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin “Ən yaxşı elmi tədqiqatlara görə” müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin fərmanları ilə təltif edilmişdir.
1983-cü ildən başlayaraq, müxtəlif vaxtlarda ölkəmizin və Türkiyənin ali təhsil müəssisələrində “İqtisadi-riyazi modellər və üsullar”, “Sistemli təhlil”, “Süni zəka modelləri və ekspert sistemləri”, “Konflikt və kompromis şəraitlərdə qərar qəbuletmə”, “Məlumat və bilik bazalarının idarə edilməsi”, “Optimal idarəetmə”, “Qərar qəbuletmə nəzəriyyəsi”, “Əqli mülkiyyətin əsasları”, “İnformasiya Texnologiyaları-Əqli Mülkiyyət (IT-IP)” fənlərindən dərs demişdir.
1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test-imtahan sistemi layihəsinin elmi rəhbəri, 1993-1995-ci illərdə isə Komissiyanın sədri olmuşdur.
1995-2006-cı illərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri olmuş, 1998-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının “Əqli mülkiyyət hüququ” üzrə ixtisasını bitirərək diplom almışdır.
1999-cu ildə İslam Konfransı Təşkilatının (ISESCO) “Əqli mülkiyyət hüquqları” və 2001-ci ildə ABŞ Konqresi nəzdində “US Copyright Office”-nin IT-IP üzrə təkmilləşdirmə proqramlarını bitirərək sertifikatlara layiq görülmüşdür.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində işləmişdir. İçərişəhərdə maddi-mədəni irsin qorunması, bərpa və rekonstruksiyası, tarixinin öyrənilməsi, həmçinin beynəlxalq mütəxəssislər qrupu ilə birgə İçərişəhərin konservasiyası üzrə Baş Planın (Master-plan) hazırlanması üzrə aparılan işlərə rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli, 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” (1996-cı il), “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” (2002-ci il), “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” (2003-cü il), “Məlumat toplularının hüququ qorunması haqqında” (2004-cü il), “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” (2012-ci il) Qanun layihələrinin hazırlanması üzrə İşçi qruplarının rəhbəri və layihələrin müəllifi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli, 2889 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli, 2417 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 noyabr tarixli, 2985 nömrəli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli, 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycanda əqli mülkiyyət sisteminin formalaşdırılması və inkişafı məqsədi ilə 40-dan artıq, o cümlədən qeyri-maddi mədəni irsin qorunması, rəqəmli hüquqların idarə edilməsi, elektron ticarət, texnologiyaların kommersiyalaşdırılması və transferi və əqli mülkiyyət hüquqlarının qorunması və təminatına aid normativ-hüquqi akt layihələrinin hazırlanması işlərinə rəhbərlik etmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fəxri Professorudur. Türkiyə, Almaniya, Macarıstan, ABŞ, İsveçrə, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Əqli mülkiyyət, müəllif hüquqlarına aid mövzularla bağlı 110-dan artıq elmi əsərin, erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin, qərar qəbuluna aid 80-dən çox əsərin müəllifidir. Elmi rəhbərliyi altında aspirantlar və magistrlər yetişdirilmişdir.
“Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası İttifaqının Assambleyasının sədr müavini, sonradan sədri seçilmiş, ÜƏMT-nin “Müəlliflik hüququna dair Müqaviləsi”nin Assambleyasının rəhbəri olmuşdur. 2023-cü ilin 6 iyul tarixində Cenevrə şəhərində keçirilən ÜƏMT üzv-dövlətlərinin Assambleyalarının 64-cü iclasında yenidən yekdilliklə 180-dək dövləti birləşdirən Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqının Assambleyasının sədri seçilib və hazırda həmin vəzifəni həyata keçirir.
Azərbaycan Respublikasının ÜƏMT-də nümayəndə heyətinin rəhbəri kimi fransız və ingilis dillərində onlarla çıxışlar edib, Azərbaycan Respublikasının Avrasiya Patent Təşkilatının İnzibati Şurasında səlahiyyətli nümayəndəsidir. Avrasiya Patent Təşkilatının İnzibati Şurasının 2024-cü il 9-10 sentyabr tarixlərində Moskva şəhərində keçirilən 45-ci iclasında yekdilliklə Avrasiya Patent Təşkilatının İnzibati Şurasının sədri seçilmişdir.
2021-ci ildə Bakı Dövlət Universitetində ilk dəfə olaraq Əqli mülkiyyət hüququ kafedrasının və Əqli Mülkiyyət Agentliyində onun filialının yaradılmasının, “Əqli mülkiyyət hüququ” ixtisası üzrə yeni magistr proqramının təsis edilməsinin və əqli mülkiyyət hüququ üzrə ixtisaslaşma aparılmasının təşəbbüskarlarından olmuşdur.
Həmçinin 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli mülkiyyət kafedrası yaradılmasının təşəbbüskarlarından olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 6 dekabr tarixli K-1822 nöməli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin yubiley medalları ilə təltif edilmişdir.
Avrasiya Patent Təşkilatının İnzibati Şurasının 2022-ci ilin 20-21 sentyabr tarixlərində Moskva şəhərində keçirilən 41-ci iclasında Avrasiya Patent Təşkilatının “İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə” V.İ.Blinnikov adına qızıl medalı ilə təltif edilmişdir.
Bununla yanaşı, 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Dünya elminə və mədəniyyətinə üstün xidmətlərinə görə “Uluslarararası Altın Ulduz” medalına layiq görülmüş, həmin ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Akademik-üzvü seçilmiş, 2015-ci ildə Uluslararası Türk Kültürü Təşkilatının (Türksoy) 20 illiyi münasibətilə “Türksoy” medalı, 2016-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Türk dünyası elminə və mədəniyyətinə üstün xidmətlərinə görə “Atatürk Uluslararası ödülü” ilə təltif edilmişdir.
2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə “Taclı Ulduz” ordeni ilə təltif edilmişdir.