Əqli Mülkiyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi ilə layihələr həyata keçirəcək
2023-cü il 6-14 iyul tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 64-cü Assambleyalarının silsilə iclasları keçirilib.
Assambleyaların keçirildiyi günlərdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ÜƏMT-nın Keçid və İnkişafda olan Dövlətlər bölməsinin müdiri Habip Asan ilə görüşüb. Görüşdə 2024-2025-ci illərdən ÜƏMT-nın dəstəyi ilə bir neçə əhəmiyyətli layihənin həyata keçirilməsi müzakirə edilib. İlk növbədə diqqət əqli mülkiyyətlə əlaqəli texnologiyaların kommersiyalaşdırılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi və Azərbaycanın coğrafi göstəricilərinin, o cümlədən işğaldan azad olunan ərazilərə aid coğrafi göstəricilərin qeydiyyata alınması, onların iqtisadi dövriyyəyə cəlb edilməsi və geniş miqyasda tanınması layihələrinə yönələcəkdir. Agentliyin nəzdində yeni yaradılan Milli Əqli Mülkiyyət Təlim Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və bu təsisatın ÜƏMT Akademiyası ilə əməkdaşlığının qurulması və genişləndirilməsinin əhəmiyyətli olacağını, bu sahədə dəstəyin gərək olduğunu vurğulanıb.
S.Tapdıqovun Tükiyənin Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent) rəhbəri Cemil Başpınar ilə görüşündə iki qurum arasında iş birliyininin daha da gücləndirmək istəyi bildirilib. Agentlik və Türkpatent arasında praktiki əməkdaşlığın daha fəal surətdə həyata keçirilməsi, o cümlədən birgə tədbirlərin təşkili, ekspertlərin təcrübə mübadiləsi, onların tədris kurslarına cəlb edilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.
Həmin günlərdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin “Milli Əqli Mülkiyyət İnstitutu” arasında Əməkdaşlıq Memorandumu imzalanıb, eyni zamanda, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Belarus Respublikasının Milli Əqli Mülkiyyət Mərkəzi arasında Anlaşma Memorandumu paraflanıb.
Sənədlərdə əqli mülkiyyət obyektlərinə hüquqların qorunması və belə obyektlərə hüquqların mühafizəsi sisteminin inkişafının və təkmilləşdirilməsinin strateji istiqamətləri, o cümlədən əqli mülkiyyət hüquqlarının qorunması üzrə qabaqcıl təcrübələr barədə məlumat mübadiləsinin aparılması, əqli mülkiyyət obyektlərinin kommersiyalaşdırılmasının hüquqi, maliyyə və təşkilati mexanizmləri sisteminin formalaşdırılması və inkişafı sahəsində təcrübə mübadiləsi, əqli mülkiyyət sahəsində kadrların ixtisasının artırılması, əqli mülkiyyətin təbliğinin təşviqi, hüquqi savadlılığın və hüquqi mədəniyyətin aşılanmasına dəstək nəzərdə tutulub.