Çağrı Mərkəzi: 960
Alban müğənnisi Rovena Dilo tərəfindən ifa olunan “Ne Shkoder te vish”musiqisi ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin şərhi

Alban müğənnisi Rovena Dilo tərəfindən ifa olunan “Ne Shkoder te vish”musiqisi ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin şərhi

Görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin vərəsəsi Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, bəstəkar tərəfindən bəstələnmiş “Sənə də qalmaz” adlı əsərin musiqisinin Alban müğənnisi Roveno Dilo tərəfindən “Ne Shkoder te vish” adı altında “Ante” musiqi albomuna daxil edilərək Youtube kanalında yerləşdirildiyini və əsərin müəllifi kimi Tofiq Quliyevin adının göstərilmədiyini, həmçinin əsərin Arbereshe folkloru kimi təqdim edildiyini bildirmiş, müəllifin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilib ki, Roveno Dilo tərəfindən ifa edilmiş və “Ante” musiqi albomuna daxil edilmiş, həmçinin Youtube kanalında yerləşdirilmiş “Ne Shkoder te vish” adlı musiqi əsəri Tofiq Quliyevin “Sənə də qalmaz” əsərinin musiqisi ilə üst-üstə düşür, yəni əsərin melodiyası mənimsənilmişdir. Digər sözlərlə, “Ne Shkoder te vish” adı ilə Roveno Dilo tərəfindən ifa edilən mahnının musiqisinin plagiat olması və bununla da Tofiq Quliyevin şəxsi və əmlak hüquqlarının kobud şəkildə pozulması müəyyən edilmişdir.

Bununla bağlı Agentlik tərəfindən Rovena Diloya bütün zəruri faktlar göstərilməklə müvafiq məktub ünvanlanmışdır. Məktubda o cümlədən qeyd olunmuşdur ki, Tofiq Quliyevin vərəsələrinin icazəsi olmadan “Sənə də qalmaz” əsərindən istifadə Azərbaycan milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Albaniyanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır, belə ki, həmin sənəddə qeyd olunur ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Eləcə də, bu, Azərbaycan və Albaniyanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nın İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Bildiririk ki, “Sənə də qalmaz” mahnısının musiqisi Tofiq Quliyev tərəfindən 1958-ci ildə bəstələnmişdir. Mahnının sözləri Rəsul Rzanındır. Mahnı ilk dəfə Rəşid Behbudov tərəfindən ifa ediliib (https://www.youtube.com/watch?v=aJbMSIHECvc).

“Sənə də qalmaz” əsəri Tofiq Quliyevin 1964-cü il 26 sentyabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış və müvafiq kataloqa daxil edilmişdir.Musiqinin not yazısı 2000-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən buraxılmış Tofiq Quliyevin “Ürək mahnıları” adlı topluya da daxil edilmişdir.

Agentlik tərəfindən aparılan işlərin nəticəsi olaraq, Alban müğənnisi Roveno Dilo Youtube səhifəsində həmin musiqinin bəstəkarının Tofiq Quliyev olduğuna dair düzəliş edilmişdir (https://www.youtube.com/watch?v=TVOOwOq9JGc). Hazırda digər məsələlərin də həll edilməsi üzrə işlər davam etdirilir.

Qeyd etmək istəyirik ki, Azərbaycan xalqınaməxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin mənimsənilməsi hallarına qarşı mübarizə və pozulmuş hüquqların bərpası məsələləri həmişə Əqli Mülkiyyət Agentliyi tərəfindən diqqət mərkəzində saxlanılır, bununla əlaqədar zəruri işlər görülür.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×