Əqli Mülkiyyət Agentliyində “Gələcəyə baxış” Avrasiya Patent Universiadasında qalibləri olan gənclərlə görüş keçirilib
Əqli Mülkiyyət Agentliyində Avrasiya Patent Təşkilatı tərəfindən keçirilmiş “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri olan şagird və tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar, elm, təhsil və mədəniyyət sahəsinə dövlət qayğısını xüsusi vurğulayıb.
Dövlətimizin yaradıcı şəxslərə, ixtiraçılara göstərdiyi daim diqqətinə toxunaraq, cənab Tapdıqov Əqli Mülkiyyət Agentliyinin bu sahədə həyata keçirilən siyasətin fövqündə olduğunu qeyd etmiş, o cümlədən yetişən nəslin elmi-texniki nailiyyətlərə yiyələnməsi, ixtiraçılıq ruhunda formalaşması üçün təşəbbüslərini qeyd etmişdir. Bu sırada o, ölkəmizin bir sıra orta ümumitəhsil məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbələri və gənc alımlərin Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunmuş “Gələcəyə baxış” Universiadasında iştirak etməsi məsələsinə toxunub.
Cənab Tapdıqovun sözlərinə görə, şagird və tələbələr, gənc elmi işçilərüçün hər il keçirilən müsabiqəyə Agentliyin təşəbbüsü ilə qoşulan Azərbaycanın gənc ixtiraçıları dəfələrlə onun qalibləri olublar. Belə ki, 2019-cu ildə ölkəmizin nümayəndələri Universiadanın nominantları olmuşlar. O xüsusi vurğulamışdır ki, Azərbaycanın Ali Baş Komandanı, ölkəmizin başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci il İkinci Vətən Müharibəsində əldə olunmuş parlaq Zəfər bütün xalqımızı ruhlandırdığı kimi, gənc ixtiraçıların da nailiyyətlərində özünü təcəlla etmişdir: Avrasiya Patent Təşkilatının keçirdiyi yubiley müsabiqədə onlar yüksək yerləri tutmuşlar. Sədr müavini bu münasibətlə gəncləri və onların elmi rəhbərlərini Agentliyin adından, təşkilatın İdarə Heyətinin sədri Kamran İmanov başda olmaqla, təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Universiadanın nəticələrinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Qüdrət Ağazadənin "Tibbi müəssisələrdə COVID-19 koronovirusunun müəyyən edilməsi və avtomatik aradan qaldırılması üçün mobil həll" layihəsi ikinci yerə, Bakı Dövlət Universitetinin tələbəsi Zərifə Əhmədzadə və Bakı Avropa Liseyinin şagirdi Elvin Əhmədzadənin “Elektronika üçün CdFeTe Epumaksial pərdə” layihəsi isə üçüncü yerə layiq görülüb.
Tədbirdə iştirak edən Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədov təşkilatın fəaliyyəti, Universiadanın keçirilməsi haqqında qısa məlumat verib və qalibləri təbrik edib.
Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov və Sumqayıt Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Ramazan Məmmədov Əqli Mülkiyyət Agentliyinə gənc ixtiraçı və alimlərə diqqətinə görə minnətdarlıqlarını bildiriblər, Avrasiya Patent Təşkilatının keçirdiyi Universiadada iştirak etmək üçün təşəbbüsünü təqdir ediblər.
Tədbirin sonunda Avrasiya Patent Universiadasının qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.