Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Çinin keçirdiyi onlayn təlimdə iştirak edib
Çin Xalq Respublikası (ÇXR) tərəfindən 2021-ci ildə bir sıra ölkələrin dövlət qurumları üçün müxtəlif sahələri əhatə edən seminarlar təşkil edilir. Layihə çərçivəsində oktyabr ayının ikinci yarısında Çin Ticarət Nazirliyinin dəstəyi ilə Şandun Xarici Ticarət Kolleci tərəfindən “Əqli mülkiyyət hüquqlarının qorunması və inkişaf” adlı onlayn seminar təşkil olunub.
Tədbirdə əsasən Çində əqli mülkiyyətin (ƏM) qorunması ilə bağlı qanunvericilik və mövcud vəziyyət, ƏM-in inkişafı sahəsində bu ölkənin təcrübəsi, ƏM hüquqlarının tətbiqi və piratçılığa qarşı mübarizə, rəqəmsal şəbəkələrdə ƏM hüquqları, ƏM ilə beynəlxalq ticarət arasında əlaqə və digər mövzular haqqında ölkə universitetlərinin müəllimləri, hüquq şirkətlərinin nümayəndələri, əqli mülkiyyət sahəsi üzrə ekspertləri tərəfindən mühazirələr təqdim edilib, ÇXR-nın siyasi sistemi, tarixi, adət-ənənələri və s.haqqında məlumatlar verilib.
Təlim günləri ərzində iştirakçılar üçün Çinin tarixi yerlərinə və sənaye obyektlərinə virtual səfərlər təşkil olunub, həmçinin tədbirin proqramına əsasən iştirakçılar ölkələri haqqında prezentasiyalar təqdim ediblər. Azərbaycan haqqında təqdimat Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli tərəfindən edilib.
Çin yardımı (China Aid) proqramının Azərbaycandakı əlaqələndiricisi təyin edilən E.Məmmədli həmçinin seminarın bağlanış mərasimində bütün iştirakçılar adından çıxış edib.
Təlimləri uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Azərbaycan, Botsvana, Kamboca, Kuba, Qana, Malayziya, Monqolustan, Özbəkistan, Venesuela və Zimbabvenin dövlət orqanlarının 50 nəfərdən artıq nümayəndələri qatıldığı tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları təmsil ediblər.