Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən Diplomatik konfransda iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən Diplomatik konfransda iştirak edib

Sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçirilib.

Beynəlxalq tədbirdə Avrasiya Patent Təşkilatının (APT) üzv-dövlətlərinin nümayəndə heyətləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin, Avropa Patent İdarəsinin nümayəndələri, həmçinin əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər iştirak ediblər. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunub. Ölkəmizi tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin açılış hissəsində Avrasiya Patent İdarəsinin prezidenti xanım Saule Tlevlessova çıxış edib. O, konfransın təşkilində göstərdiyi köməyə görə Qazaxıstan Respublikasına təşəkkürünü bildirib, APT-nın üzv-dövlətlərinin iqtisadiyyatı üçün əqli mülkiyyətin əhəmiyyətini qeyd edərək, sənaye nümunələrinin də daxil olduğu kreativ sənayenin bu dövlətlərin ÜDM-dəki payının təqribən 3% olduğunu vurğulayıb.

Sonra ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin video müraciəti təqdim edilib. Konfrans iştirakçılarını və qonaqları Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edən F.Qarri vahid patent əsasında effektiv patent qorunması sisteminin yaradılmasında Konvensiyanın əhəmiyyətini vurğulayaraq, uzun illər davam edən tərəfdaşlığa və diplomatik konfransın təşkilinə görə APT-na təşəkkürünü bildirib.

Daha sonra konfransın prosedur qaydaları qəbul edilib. Qazaxıstan Respublikasının Ədliyyə naziri Marat Beketayev diplomatik konfransın sədri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin rəhbəri Qriqori İvliyev isə sədr müavinləri seçilib.

Konfransda “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un mətni və diplomatik konfransın yekun aktı qəbul edilib. Sonra nümayəndə heyətlərinin mövcud səlahiyyətlərinə uyğun olaraq Protokol Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan nümayəndələri tərəfindən imzalanıb. Protokolu Azərbaycan Respublikası Hökuməti adından Kamran İmanov imzalayıb.

Sənaye nümunələrinin mühafizəsinə dair Protokolun qəbulu bütün üzv-dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, konfrans iştirakçıları Protokolun potensialını Avrasiya patent sisteminin inkişafı baxımından yüksək qiymətləndiriblər və bunun əqli mülkiyyət sahəsində əməkdaşlığının yeni bir mərhələ olacağına əminliklərini bildiriblər.

Konfransda çıxış edən K.İmanov konfrans iştirakçılarını və APT-nın kollektivini Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edib, təşkilatın prezidenti olduğu müddətdə onun inkişafına verdiyi böyük töhfəyə görə xanım S.Tlevlesovaya xüsusi təşəkkürünü bildirib. O, Protokolun imzalanmasını təşkilatın nüfuzunun artırılması kimi qiymətləndirərək, 25 il ərzində APT-nın güclü regional təşkilata çevrildiyini, ixtiraçılar tərəfindən ona marağın hər il artdığını vurğulayıb və hazırda Azərbaycan Respublikasının ərazisində 1304 Avrasiya patentinin qüvvədə olduğunu, 39 Azərbaycan patentinin isə APT-də qeydiyyata alındığınıdiqqətə çatdırıb.

Agentliyin rəhbəri qeyd etmişdir ki, hər bir ölkə öz təkrarolunmaz simasına görə öz xalqına borcludur, millətin böyüklüyü isə ayrı-ayrı fərdlərin böyüklüyünü və ləyaqətini təşkil edən həmin keyfiyyətlərdən formalaşır. Elə bu cür də əqli mülkiyyət milli müəlliflərin və ixtiraçıların kreativliyindən yaranmışdır. Məhz unikal təbii insan resursları olaraq yaradıcılıq və yenilikçilik öz nəticələri ilə nəinki ayrı-ayrı fərdlərin nailiyyətlərini təcəssüm etdirir, onlar hər şeydən öncə milli mədəni irs və intellekt xəzinəsini zənginləşdirən yeganə mənbədir.

Onun çıxışında daha sonra vurğulanmışdır ki, ölkənin innovativ inkişaf yolu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi əqli mülkiyyət sisteminin inkişafı olmadan mümkün deyildir. Məhz bu səbəbdən milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovativ, islahatçı siyasəti ilə müəyyən edilir və ölkədə dəyişikliklərin həyata keçirilməsinə xidmət edir. Müasir innovativ iqtisadiyyatda innovasiya əsas istehsal amili kimi çıxış edərək resurs kimi intellektual kapitala əsaslanır və sərvət mənbəyi kimi texnoloji, intellektual və informativ rentanı təmin edir.

Çıxışının sonunda K.İmanov Avrasiya Patent Təşkilatına fəaliyyətində uğurlar arzulayıb və Protokolun imzalanmasının ortaq məqsədə - ümumilikdə əqli mülkiyyətin inkişafına, xüsusilə də üzv-dövlətlərin xalqlarının nümayəndələrinin ixtiraçılıq və yaradıcılıq fəaliyyətinə xidmət edəcəyinə əminliyini bildirib.

Qeyd etmək lazımdır ki, “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” sənaye nümunəsi üçün vahid Avrasiya patenti əsasında sənaye nümunəsinin 8 üzv ölkə ərazisində qorunması məqsədi ilə qəbul edilmişdir. Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Protokolun ümumi mətninin, həmçinin xüsusi əhəmiyyətə malik olan 3, 11 və 14-cü maddələrinin yenidən redaktəsi zamanı Azərbaycan tərəfinin rəy və təklifləri əsas götürülmüşdür. Məsələn, 3-cü maddəyə görə, Razılığa gələn dövlətlərin müvafiq səlahiyyətli dövlət orqanlarının razılığı olmadan rəsmi rəmzləri (o cümlədən dövlət rəmzlərini və nişanlarını) təkrarlayan və ya təqlid edən,mədəni (o cümlədən etnik və dini) irslə əlaqədar obyektlərin təsviri və ya onların tanınan hissələrini özündə əks etdirən, Razılığa gələn dövlətlərin maraqlarına toxunan bu cür həllərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir. 11-ci maddə isə sənaye nümunəsinə Avrasiya patentinin etibarsız hesab olunması qaydasını müəyyən edir və milli patent idarəsi tərəfindən Avrasiya patentinin etibarsız hesab edilməsi ilə bağlı müraciət edilməsi imkanı verir. 14-cü maddədə sənaye nümunələrinə Avrasiya iddia sənədinə baxılması zamanı dərc edilmiş iddia sənədinə etiraz verilməsi ilə bağlı müddəalar əksini tapmışdır.

Qeyd olunan müddəalar bizə ölkəmizin maraqlarına toxunan hər hansı sənaye nümunəsinə Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin ərazisində qorunma verilməsinə qarşı çıxmaq, eyni zamanda bu cür sənaye nümunəsini ölkəmizin ərazisində qorumamaqimkanı yaradır.

Ümumilikdə Protokol Azərbaycan xalqının mədəni irsinin hər hansı formada sənaye nümunəsi kimi mənimsənilməsinin qarşısının alınmasına şərait yaradır. Həmçinin, vahid Avrasiya patenti əsasında qorunan sənaye nümunəsinin mühafizəsi ilə bağlı rüsum və ödənişlər ölkəyə daxil olan gəlirlərin həcminin artmasında müəyyən yer tutacaq. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri vahid iddia sənədi əsasında və vahid orqana rüsum və ödənişlər etməklə 8 üzv ölkə ərazisində onlara məxsus sənaye nümunələrinin hüquqi mühafizəsinə və daha asan marketinqinə nail olacaqlar.

Protokol qüvvəyə mindikdən sonra sənaye nümunəsinə Avrasiya patenti Protokolu ratifikasiya edən və ya ona qoşulan APT-nın üzvü olan bütün dövlətlərin ərazisində qüvvədə olacaqdır. Bir neçə dövlətin ərazisində qüvvədə olan patenti artıq "vahid pəncərə" formatında almaq imkanı yaranacaq və beləliklə, sənaye nümunəsinə Avrasiya patentinin alınması üçün iddia sənədini vahid prosedur rüsumunu ödəməklə bilavasitə Avrasiya Patent İdarəsinə vermək mümkün olacaqdır. Həmçinin sənaye nümunəsi barədə Avrasiya patentinə iddia sənədi milli iddia sənədinə çevrilə bilər. Bununla, ölkəmizin əqli mülkiyyət sahibləri, işgüzar dairələrin nümayəndələri, sahibkarlar razılığa gələn dövlətlərin ərazilərində öz sənaye nümunələrinə hüquqi mühafizə əldə edəcəklər. Protokolun depozitarisi isə ÜƏMT-nın Baş direktorudur.

Qeyd etmək lazımdır ki, Diplomatik konfransın keçirildiyi günlər Azərbaycan tərəfi üçün əlamətdar hadisələrlə yadda qalmışdır. İlk dəfə olaraq “İnsan həyatının və sağlamlığının qorunması sahəsində” keçirilən ixtiraçılıq üzrə mötəbər yarışmada Azərbaycan milli patentinin müəllif kollektivi yüksək nəticə göstərərək qalib gəlmişdir. Bu qələbəyə görə mükafat Avrasiya Patent Təşkilatının qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Abbas Rzayevə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən təqdim edilmişdir.

Birinci yaş qrupu üzrə Azərbaycan məktəblilərinin əldə etdikləri nəticəni də xüsusi qeyd etmək lazımdır. Belə ki, “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının nəticələrinə görə birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin təqdim etdikləri “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi birinci yerə layiq görülmüşdür. Universiadanın mükafatı tədbirdə iştirak edən C.Əlizadəyə və onun rəhbəri, liseyin biologiya müəllimi Natalya Qurbanovaya təqdim olunmuşdur.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×