Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev Azərbaycana işgüzar səfər edib
2024-cü il 4-6 iyun tarixlərində Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyev Azərbaycanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Q.İvliyevi qəbul edib.
APİ prezidenti təşkilatın 2023-cü ildəki fəaliyyətinin uğurlu olduğunu qeyd edib. Q.İvliyevin APT-nın 30 illiyinin qeyd olunması münasibətilə bu il 11 iyul tarixində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyası çərçivəsində APT-nın İnzibati Şurasının keçiriləcəyini diqqətə çatdırıb. O, İnzibati Şuranın növbəti toplantısının cari il 9-10 sentyabr tarixlərində Moskva şəhərində keçiriləcəyini, bunun ardınca isə 12-13 sentyabr tarixlərində Pekin şəhərində “IP Avrasiya/IP Çin’24” forumunun təşkil olunacağını və 2025-ci ildə Azərbaycanda “Müəllif-2025” mövzusunda konfransın keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Q.İvliyev informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq APT-nın bu sahəsindəki nailiyyətləri(3D, açıq reyestlər), Avrasiya sürətli patent kargüzarlığı proqramı (EA-PPH) təşəbbüsü barəsində danışıb, ölkəmizi regional patent sənədləri məlumat bazası -CISPATENT pilot layihəsində iştiraka dəvət edib.
K.İmanov əməkdaşlıq üçün təşəkkürünü bildirərək Agentlik tərəfindən həyata keçirilən son nailiyyətlər barədə məlumat verib. O, sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi və qeydiyyatı üçün iddia sənədlərinin qəbulunun 24/7 rejimində “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirildiyini, şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması məqsədilə Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinin – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “açıq reyestr”lərin yaradıldığını bildirib. K.İmanov qeyd olunan layihələrdə Azərbaycanın iştirakı məsələsinin ölkəmizin mənafeyi baxımından nəzərdən keçiriləcəyini vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, ekspertizanın aparılmasında APT-nın xidmətlərindən istifadə imkanları, rüsumların indeksləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Q.İvliyev Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşüb. Görüşdə Avrasiya regionunda əqli mülkiyyətin inkişaf perspektivləri müzakirə olunub. Q.İvliyev yeni regional əqli mülkiyyət obyektlərinə (vahid Avrasiya əmtəə nişanı və vahid Avrasiya faydalı modeli) tələbatı qeyd edib və mübahisələrin həlli sisteminin təkmilləşdirilməsi və ümumi Avrasiya patent məhkəməsinin yaradılması üzrə öz fikirlərini bildirib. O, Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsində dövlət idarəçiliyi sistemini yüksək qiymətləndirib. Qeyd edib ki, APT bu sahədə vahid qurumun yaradılmasında Azərbaycanın təcrübəsinin mütərəqqi xarakteri ilə bağlı mövqeyini təşviq edir.
F.Abdullayev əqli mülkiyyət sahəsində xüsusi məhkəmələrin yaradılmasının diqqətlə öyrənilməsini tələb edən mühüm məsələ olduğunu vurğulayıb.
K.İmanov bu məsələyə daha öncə Əqli Mülkiyyət Agentliyi tərəfindən münasibət bildirildiyini qeyd edib. Azərbaycan Respublikasında dövlətüstü qurumların, o cümlədən məhkəmə orqanlarının yaradılması müsbət qarşılanmır. Bundan əlavə, APT üzv-dövlətlərinin bəzilərində hələ də əqli mülkiyyət sahəsində ixtisaslaşmış məhkəmələr yoxdur. Bu baxımdan, bu məsələnin hazırki dövrdə müzakirəsi əlavə araşdırmalar tələb edir. K.İmanov bildirib ki, APT çərçivəsində vahid Avrasiya əmtəə nişanı ilə bağlı təklif hər bir dövlətin maraq dairəsindən irəli gəlməlidir və bu səbəbdən məsələ ayrıca yanaşma tələb edir. O ki, qaldı vahid Avrasiya faydalı modelinin yaradılması təklifini dəstəkləmək mümkündür, çünki onsuz da ixtiralar Avrasiya məkanında qorunur.
Azərbaycana səfəri zamanı Q.İvliyev həmçinin Bakı Enerji Forumunda iştirak edib və “Yaşıl və hidrogen enerjisi: patentləşdirmə məsələləri” mövzusunda çıxış edib.