Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclası keçirilib

14-15 oktyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 47-ci (32-ci növbəti) iclası hibrid formatda keçirilib.
Tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistanın milli patent qurumlarının nümayəndələri iştirak ediblər.
APT İnzibati Şurasının sədri, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirə onlayn rejimdə qoşulub. O, iclası açaraq giriş nitqi söyləyib. K. İmanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumundakı çixişina istinad edərək Azərbaycan Respublikası Prezidentinin bu fikirlərini sitat gətirib: "Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir.”
Agentliyin rəhbəri çıxışında əqli mülkiyyət sahəsinin inkişafının əsas problemləri, APT çərçivəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər və vəzifələr barədə danışıb. K.İmanov hər bir ölkənin özünəməxsus kimliyinə görə öz xalqına, onun ən böyük sərvəti olan intellektə borclu olduğunu vurğulayaraq “əqli mülkiyyət” anlayışının da onu yaradanlara – müəlliflərə, ixtiraçılara və sahibkarlara borclu olduğunu bildirib. Çıxışda yenilənmiş əqli mülkiyyət anlayışı, müəlliflik hüququ və patent hüququ arasında qarşılıqlı əlaqə, xüsusilə də sənaye nümunələrinin qorunması üzrə müasir tendensiyalara toxunulub.
Sonra K.İmanov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, iclasın işinə uğurlar arzulayıb və sözü İnzibati Şuranın sədrinin müavini, Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyinin Əqli Mülkiyyət Dövlət Xidmətinin rəhbəri Ata Annaniyazova verərək tədbirin aparılmasını ona həvalə edib.
İclasda Afrika Əqli Mülkiyyət Təşkilatının (OAPI) Baş direktoru Denis Bohoussounun videomüraciəti nümayiş olunub. Videomüraciətdə OAPI haqqında məlumat verilib, OAPI və APT arasında əməkdaşlıq məsələləri vurğulanıb.
APT-nın icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev APT-nin 2024-cü il üçün hesabatını dıqqətə çatdırıb. Hesabatda təşkilatın beynəlxalq əlaqələri, Çin, Rusiya, OAPI ilə artan əməkdaşlıq barədə məlumat verilib, APT-nın 2024-cü il üzrə maiyyə vəziyyəti, ixtira və sənaye nümunələri üzrə iddia sənədləri dinamikası diqqətə çatdırılıb.
Hesabat yekdilliklə qəbul olunub.
Daha sonra APT-nın 2026-cı il üçün büdcə layihəsi müzakirə olunub və qəbul edilib.
İclasda APT-nın "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına və Patent Hüququ Müqaviləsinə qoşulmaq barədə qərarlar qəbul edilib, habelə APT-nın bir sıra sənədlərinə düzəlişlər edilib.
Iki gün davam edən iclasda qaldırılan məsələlərin müzakirəsindən sonra iclasın protokolu qəbul olunub.

























