Çağrı Mərkəzi: 960
Azərbaycanda bütün dinlərə məxsus tarixi abidələr qorunur

Azərbaycanda bütün dinlərə məxsus tarixi abidələr qorunur

“Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Şəhidlər xiyabanında xalqa müraciəti

(8 noyabr 2020-ci il)


“Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Ağdam məscidinin qarşısında çıxışından

(23 noyabr 2020-ci il)



“Mən işğaldan azad olunan ərazilərə səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə saldıqlarının şahidi oldum. Bu haqda məlumatım var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış.”

“Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir.“

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan

olan həmsədrlərini qəbul edərkən çıxışından

(12 dekabr 2020-ci il)



“Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib. Eyni sözlər Cəbrayıl şəhərinə də aiddir. O da artıq yoxdur. Qeyri-qanuni məskunlaşma aparılan şəhərlərdə, xüsusən Kəlbəcər rayonunda, Kəlbəcər şəhərində bəzi binalar qalıb. Lakin ermənilərin oradan çıxmalı olduğu 20 günlük və ya 15 günlük müddətdə - noyabrın 10-dan dekabrın 1-dək ermənilər həmin binaları yandırıb və dağıdıblar. Onlar hətta özlərinin tikmədikləri evləri də dağıdıblar. Onlar, sadəcə, azərbaycanlıların evlərinə köçmüşdülər. Onlar hər şeyi yandırır, daşıyıb aparırdılar. Ağacları qırırdılar, hətta satmaq üçün apara bilmədikləri ağacları da kəsir, yolda atıb gedirdilər. Meşələri yandırırdılar. Ona görə də bu vandalizm, təəssüf ki, indiyə qədər davam edirdi.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışından

(18 dekabr 2020-ci il)



“Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.

Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Zəngilanda düşmən tərəfindən dağıdılmış məscidin qarşısında çıxışından

(23 dekabr 2020-ci il)



“Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi yenidən tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.”

“Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışından

(5 yanvar 2021-ci il)




Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×