Azərbaycanın gənc ixtiraçıları “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri sırasında
Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunmuş “Gələcəyə baxış” Avrasiya Patent Universiadası başa çatıb. Bilik yarışmasında Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərin təhsil müəssisələrinin tələbələri və 18-25 yaş arasında digər maraqlanan gənclər iştirak ediblər. Bu yarışmaya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri də fəal qoşulublar.
Bu günlərdə Avrasiya Patent İdarəsi bilik yarışmasının nəticələrini elan edib. Universiadanın münsiflər heyəti təqdim olunan yaradıcılıq işlərini qiymətləndirərək, dörd mövzuda qalib, mükafatçı və diplom sahiblərini müəyyənləşdirib.
Universiadanın qalibləri arasında Azərbaycan nümayəndələri də yer alıblar. Seymur Talıbov və Qüdrət Ağazadənin "Tibbi müəssisələrdə koronavirus COVID-19-un aşkarlanması və avtomatik aradan qaldırılması üçün mobil robot" layihəsi “Virusdan qorunma - düşmən keçməz! Həkimlərin və xəstələrin infeksiyadan fərdi qorunma sistemləri” mövzusu üzrə 2-ci, Zərifə Əhmədzadə və Elvin Əhmədzadənin “Elektronika üçün epitaksial CdFeTe plyonkaları” layihəsi ”Biz N.Teslanın nəslindənik. Bütün təbiət qanunları bizim əlimizdədir” mövzusu üzrə 3-cü yerə layiq görülmüşdür.
Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olub.