Azərbaycan nümayəndəsi Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının baş direktoru seçilib
Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Assambleyasının növbəti iclası keçirilib.
Tədbirdə Belarus, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyada fəaliyyət göstərən müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarını kollektiv əsaslarla idarə edən təşkilatların rəhbərləri və nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin (ƏMHTM) koordinasiyası ilə ölkəmizdə fəaliyyət göstərən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının nümayəndələri də iştirak ediblər.
Baş Assambleyada 2022-ci və 2023-cü illərdə görülmüş işlərə dair hesabatlar dinlənilib, gələcək planlar müzakirə olunub. “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi və Azərbaycan Professional Kinorejissorlar Gildiyası AHTK-ya üzv qəbul olunublar.
Keçirilən səsvermə nəticəsində “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi İdarə Heyətinin sədri Gövhər Həsənzadə Konfederasiyanın yeni Baş direktoru seçilib. Eyni zamanda, ƏMHTM-nin direktoru Nəcəf Quliyev və direktorun müşaviri Rüfət Səfərəliyev Konfederasiyanın Rəyasət Heyətinə qəbul olunublar.