Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir və kitab sərgisi keçirilmişdir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 28 May - Müstəqillik Günü ilə əlaqədar “Müstəqil Respublika: Hüquqi dövlətin bünövrəsi və əqli mülkiyyətin qorunması” mövzusunda tədbir və kitab sərgisi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov, Agentliyin İdarə Heyətinin müşavirləri Fərid Cəfərov və Akif Təvəkküloğlu iştirak etmişlər.
Şərqdə ilk demokratik dövlətin yaranmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başladı. Sənan Tapdıqov qonaqları salamladıqdan sonra Müstəqil dövlətimizin bünövrəsinin ali hüquqlara dayanaraq sürətlə inkişafından və əqli mülkiyyətin qorunmasında Agentliyin müstəsna rolundan danışdı.
Sonra çıxış edən Musa Qasımlı Azərbaycanın suverenliyinin bərpa olunmasının üç vacib şərti kimi dövlət, dövlətin mükəmməl lideri və qüdrətli xalq birliyinin olmasını qeyd etdi.
Daha sonra çıxış edən Əziz Ələkbərli bizim tezliklə Qərbi Azərbaycanda yerləşən yurdlarımıza qayıdacağımıza əminliyini ifadə etdi.
Akif Təvəkküloğlu çıxışında Ulu Öndər Heydər Əliyevin “Gün gələcək Azərbaycan bir günəş kimi Yer üzünə doğacaq!” sözlərini xatırlatdı.
RETK-nın direktoru Mübariz Məmmədli qonaqlara tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirdi.
Tədbirin sonunda Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkildi.