Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilib

2025-ci il 9–10 dekabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin birinci gününün əvvəlində media üçün brifinq təşkil olunub.
Beynəlxalq konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov ölkəmizdə süni intellekt ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, infrastruktur və s. sahələri əhatə edir. Strategiyada normativ-hüquqi bazanın təkmilləşdirilməsini, data etikası, məsuliyyət məsələlərini özündə cəmləşdirən “Süni intellekt haqqında Qanunun” qəbul edilməsini, Süni İntellekt Akademiyasının yaradılmasını nəzərdə tutan tapşırıqlar var və təbii olaraq əqli mülkiyyət sahəsində qanunlarda da dəyişiklikləri gündəmə gətirir.
Agentliyin rəhbəri süni intellektin tarixinə toxunaraq Bul cəbri və hesablama nəzəriyyəsinin fəal şəkildə inkişaf etməyə başlanmasının süni intellektin yaradılmasına xüsusi təkan verdiyini vurğulayıb, məhz məntiq və riyaziyyatın inkişafı sayəsində zəkanın formal qaydalar vasitəsilə təsvir etmə prinsiplərinin əsasının qoyulduğunu diqqətə çatdırıb.
K.İmanov hazırda süni intellektin sadəcə bir vasitə deyil, bir alət deyil, iqtisadiyyata, mədəniyyətə və idarəetməyə inteqrasiya olunmuş bir infrastruktur olduğunu bildirərək ətrafımızdakı dünyada süni intellektin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, süni intellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvələrindən biridir. Gələcəyin prinsipi insan və süni intellektin birgə fəaliyyət göstərməsinə əsaslanır. Süni intellekt həm də yeni kommunikasiya və media formalarının yaranması deməkdir ki, generativ süni intellekt jurnalistikanı dəyişdirir, yeni məzmun formatlarını formalaşdırır və s. Nəhayət, süni intellekthəm də sosial inklüzivlikdir, insanları avtomatik tərcümə, nitq və üztanıma, eləcə də köməkçi texnologiyalara geniş çıxışla təmin edir, məhdud imkanlı, əlilliyi olan insanlara assistiv imkanlar yaradır.
Süni intellektin tarixinin yalnız mexaniki ağıl haqqında mifoloji təsəvvürlərdən tutmuş transformerlərə və generativ modellərə qədər təkamül olmadığını qeyd edən K.İmanov onun qlobal iqtisadiyyatın əsas dayaqlarından birinə və sosial–mədəni transformasiyanın aparıcı faktoruna çevrilmə tarixi olduğunu bildirib.
Sonra K.İmanov konfrans iştirakçılarını patent qorunması sahəsində dünya və Azərbaycan üzrə bəzi statistik məlumatlarla tanış edib. Belə ki, 2024-cü ildə dünyada patent qeydiyyatı üçün müraciətlərin sayı 2023-cü il ilə müqaisədə 4,9% artıb (3,7 mln.), o cümlədən informasiya texnologiyaları sahəsində 13,2% artım, sənaye nümunələri üzrə2,2% (1,6 mln) artım, əmtəəə nişanları üzrə azalma posesi stabilləşib. Azərbaycanda isə 2025-ci ildə (dekabr ayına qədər) sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin sayında (2024-cü il ilə müqaisədə) 42% artım müşahidə olunur (378 sənəd 267-yə qarşı). O cümlədən, ixtiralar üzrə 41%, faydalı modellər üzrə 9% və sənaye nümunələri üzrə 132% artım mövcuddur.
Beynəlxalq patentlərin alınması sahəsində isə Patent Əməkdaşlığı Sazişi (PCT) sistemi üzrə 33%, Avrasiya patentləri üzrə 66,7% və Haaqa sənaye nümunələri üzrə 146% artım mövcuddur. “Qlobal İnnovasiya İndeksi – 2025” hesabatı üzrə patent sistemi Azərbaycanın güclü tərəfləri kimi göstərilib (53-57-ci yerlər), faydalı modellər üzrə isə ölkəmiz 38-ci yerdədir.
Agentliyin rəhbəri xüsusilə vurğulayıb ki, bütün bu artımlar cənab Prezident İlham Əliyevin innovasiya tipli institusional dəyişiklərinin bəhrələridir və Agentlikdə fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sistemi, Açıq Reyestr, Çağrı mərkəzi və potensial ixtiraçılar ilə çoxlu görüşlərimizin, metodik sənədlərin nəticələridir. Bu, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində əqli mülkiyyət kafedralarının və Agentlikdə onların filiallarının fəaliyyəti nəticəsində əqli mülkiyyət mədəniyyətinin formalaşdırması, məlumatlılığın artırlması və tədrisin aparılması işlərinin nəticələridir.
K.İmanov məmnunluq hissi ilə qeyd edib ki, ÜƏMT tərəfindən dünyanın 204 əqli mülkiyyət ofisləri arasından seçilmiş 15 ölkə ofisi sırasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin strukturu və fəaliyyəti ilə bağlı sorğu aparılıb və onun nəticəsi ÜƏMT-nin 2025-ci ildə “Gələcəyə baxan liderlər” adı ilə dərc etdiyi kitabda əksini tapib. Bununla yanaşı, nüfuzlu “Əqli mülkiyyət: Sənaye mülkiyyəti” jurnalında Agentliyin “Müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyəti” adlı geniş məqaləsi çap olunub. Bu ilin noyabr ayında isə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında Azərbaycanın əqli mülkiyyət siyasəti nümunə kimi göstərilib və Avrasiya Patent İdarəsinin prezidenti cənab Qriqori İvliyevin məruzəsində Rusiyada Azərbaycan təcrübəsindən yararlanmaq tövsiyə edilib.
Konfransın açılışında çıxış edən ÜƏMT-nin Əqli mülkiyyət və qabaqcıl texnologiyalar departamentinin direktoru xanım Ulrike Till Azərbaycanda süni intellekt ekosisteminin hədəf deyil, artıq reallıq olduğunu qeyd edərək süni intellektin Azərbaycanda gündəlik fəaliyyətə daxil olduğunu bildirib. Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev Azərbaycan ilə əqli mülkiyyət sahəsində bir çox layihələrin reallaşdırdığını qeyd edib və Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov və başqaları konfransın əhəmiyyətini vurğulayıblar, aparılacaq müzakirələrin fayda verəcəyinə ümidvar olduqlarını söyləyiblər.
Qeyd edək ki, beynəlxalq konfransda 20 nəfərdən çox xarici qonaqlar, o cümlədən Yaponiya Patent İdarəsi, Fransa Patent və Əmtəə Nişanı İdarəsi, Koreya Respublikasının Əqli Mülkiyyət Nazirliyinin nümayəndələri, həmçinin ölkəmizin rəsmi şəxsləri, dövlət və ictimai təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin əməkdaşları və digər maraqlı şəxslər iştirak ediblər.
Beynəlxalq konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov “Süni intellektin əqli mülkiyyətdə istifadəsi: riyazi köklərdən praktiki və fəlsəfi-hüquqi aspektlərədək” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə ıqli mülkiyyət perspektivindən bilik dövriyyəsi, biliyin "xammal" və əqli fəaliyyətin məhsulu kimi çıxış etməsi, əqli fəaliyyət nəticəsi anlayışının məzmunu və əhatə dairəsi, əqli fəaliyyət nəticəsinin fəlsəfə, hüquq və sosial-iqtisadi perspektivlərdə müqayisəsi məsələlərinə toxunulub, "bilik" və "informasıya"nın qarşılıqlı təsiri və fərqləri, informasiyanın subyektivləşdirilməsi və biliyin obyektivləşdirilməsi, bu anlayışlarının korrelyasiyası və onlar arasındakı fərq və qarşılıqlı geridönüşü, informasiya vasitəsilə bilik dövriyyəsi nəzəri cəhətdən analiz edilib.
K.İmanov informasiya sistemləri sahəsində süni intellektin istifadəsi problemini geniş açaraq süni intellektin sistem-kibernetik yanaşma perspektivindən bəhs edib, Bul cəbri və implikasiya əməliyyatı, qeyri-səlislik və təxmini mühakimələr, qeyri-səlis məntiqi nəticənin mərhələləri, neyron şəbəkəsi, bioloji və süni neyronlar, qeyri-səlis neyron və qeyri-səlis neyron şəbəkəsi barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə süni intellekt və əqli mülkiyyətin qarşılıqlı əlaqəsi, süni intellekt ilə bağlı fəlsəfi və hüquqi məsələlər analiz edilib, qorunan əsərlərlə iş üçün süni intellektdən istifadənin tənzimlənməsi, süni intellekt vasitəsilə yaradılmış obyektlərə əqli mülkiyyət hüquqlarının qorunması üçün praktiki məsələr təhlil edilib və bu sahədə gözlənilən perspektivlər qeyd olunub.
İki gün davam edən beynəlxalq tədbirdə həmçinin xarici ekspertlərin “Ümumi baxış: süni intellekt və əqli mülkiyyət siyasəti”, “Süni intellekt ilə əlaqəli ixtiraların patentləşdirilməsi (Süni intellekt vasitəsilə və süni intellekt tərəfindən yaradılan əqli mülkiyyət obyektləri predmetləri)”, “Patent sistemində süni intellektin alət kimi tətbiqi: ekspertiza və idarəetmə proseslərində süni intellektdən istifadə”, “Süni intellekt üzrə əqli mülkiyyət siyasəti: patent müəllifliyi (ixtiraçılığı) və hüquq sahibliyi məsələləri” mövzularında məruzələri dinlənilb, “Süni intellekt və əqli mülkiyyət obyektləri” mövzusunda açıq müzakirələr üzrə dəyirmi masa təşkil olunub.































