Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində ÜƏMT-nın Regional və Milli İnkişaf sektorunun Keçid və İnkişaf etmiş dövlətlər departamentinin direktoru cənab Habip Asanla görüş keçirilib
2024-cü il 16 dekabr tarixində Əqli Mülkiyyət Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional və milli inkişaf sektorunun Keçid və inkişaf etmiş dövlətlər departamentinin direktoru Habip Asanla görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dəvəti qəbul edib Azərbaycana gəldiyinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional və milli inkişaf sektorunun Keçid və inkişaf etmiş dövlətlər departamentinin direktoru Habip Asana təşəkkürünü bildirib.
Kamran İmanov Azərbaycanda əqli mülkiyyət sisteminin nailiyyətləri və qarşısında duran vəzifələr haqqında məlumat verib. K. İmanov Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti haqqında təqdimat edib. Təqdimatda qeyd olunub ki, Azərbaycanın əqli mülkiyyət idarəetmə sisteminin qarşısında duran vəzifələr strateji sənədlərdə öz əksini tapır. Həmin sənədlərdə əqli mülkiyyətin üstünlük təşkil etdiyi kreativ iqtisadiyyatın dəstəklənməsi və inkişaf etdirilməsi, yaradıcı sahibkarlar və mütəxəssislərlə müasir rəqəmsal texnologiyalar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi zərurəti göstərilir.
Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətin ekosistemi qurularaq, ölkəmizdəki islahatların əqli mülkiyyətlə əlaqəli təsiri və əqli mülkiyyətin dəyişmiş, yenidən dərk edilən kontekst amilləri nəzərə alınıb.
“Əqli mülkiyyət qarşısında duran vəzifələr dövlətimizin başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırılıb. Bununla da əqli mülkiyyət bu siyasətin təsirinə və innovativ inkişafına adekvat xidmət etməli, investisiyaların cəlb edilməsində və innovasiyalara dəstək verilməsində real aktora çevrilməli, öz-özlüyündə abstrakt xidmətin vasitəsindən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında öz yerini tutmalıdır”, - deyə K. İmanov qeyd edib.
Agentliyin rəhbəri bildirib ki, ümumi struktur transaksiya xərcləri nəzərə alınması ilə optimallaşdırılıb. Qeyd edib ki, Agentliyin fəaliyyətinin son məhsulu əqli fəaliyyətin nəticələrinə qorunan obyektlər statusunun və ya onların qorunma müddətinin uzadılması (sənaye mülkiyyəti), habelə qanunla (copyright) qorunan əqli fəaliyyətin nəticələrini dəstəkləmək üçün hüquqi əhəmiyyətli qərarların verilməsidir. Agentliyin son məhsuluna, bundan savayı əqli mülkiyyət hüquqlarının qorunma sənədlərinin və qəbul edilən göstəricilər vasitəsilə iqtisadi təsirinin təhlili və sosio-mədəni effektinin müəyyən edilməsi də daxildir.
K. İmanov həmçinin qeyd edib ki, kreativ sənayenin ölkəmizdə ÜDM-dəki payı 5,2 faizdir.
Diqqətə çatdırılıb ki, əqli mülkiyyət obyektlərinə iddia sənədlərinin ekspertiza müddəti orta hesabla 30-50 faiz qısaldılıb. Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində əqli mülkiyyət kafedraları yaradılıb, filialları Əqli Mülkiyyət Agentliyində fəaliyyət göstərir. Agentliyin əməkdaşları tədris prosesinə cəlb edilib.
Qeyd olunub ki, patent sahəsində ixtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Əqli Mülkiyyət Agentliyində yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH rəqəmli sistemi 24/7 rejimində fəaliyyət göstərir və qeydiyyatın istənilən yerdən və istənilən vaxt təşkilidir.
Habip Asan Azərbaycan ilə ÜƏMT arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsinin və yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Qonaq həmçinin Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini, əqli mülkiyyət məsələləri ilə vahid qurumun məşğul olmasını müsbət qiymətləndirib. O, Əqli Mülkiyyət Agentliyində proseslərin rəqəmsallaşdırılmasının kifayət qədər maraqlı olduğunu söyləyib. Direktor Agentliyin universitetlərlə əməkdaşlığını, kafedraların yaradılmasını mütəxəssis hazırlığı baxımından yüksək qiymətləndirib və Agentliyin transaksiya xərclərinin azaldılması ideyasını təqdir edib. Həmçinin K. İmanovun əqli mülkiyyət hüquqlarının daha sərt qorunması fikri ilə razılaşdığını bildirib. ÜƏMT-nin departament direktoru əqli mülkiyyətin qorunmasında Azərbaycan modelini yüksək qiymətləndirib, bu modelin təbliğ edilməsinin vacibliyini söyləyib. Bununla yanaşı, Azərbaycan modelinin ölkənin iqtisadi inkişafı, iqtisadiyyatın şaxələndirilməsinə uyğun olduğunu söyləyib.
Görüşdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə ÜƏMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra Agentlikdə bir sıra universitetlərin rəhbərləri ilə görüş keçirilib. K. İmanov son illər Azərbaycanın ali təhsil müəssisələrinin innovasiyalar istiqamətində nailiyyətlər əldə etdiyini, eləcə də ölkəmizin təhsil sistemində aparılan islahatları qeyd edib.
Görüşdə ÜƏMT-nin departament direktoru təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən danışıb. O, Əqli Mülkiyyət Agentliyinin ali təhsil müəssisələri ilə əməkdaşlığını, həmçinin Azərbaycanda bəzi universitetlərin texnoloji transfer mərkəzlərinin olmasını yüksək qiymətləndirib. Departament direktoru son 20 ildə patent və dizayn sahələrinin geniş inkişaf etdiyini söyləyib, əqli mülkiyyətin gəlir gətirməsi imkanları ilə bağlı fikirlərini bölüşüb.
Beynəlxalq təşkilatın rəsmisi çıxışında ayrı-ayrı ölkələrin universitetlərinin tədris, tədqiqat, əqli mülkiyyət və innovasiya təcrübəsini diqqətə çatdırıb. Habip Asan həmçinin Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərini yüksək qiymətləndirib.
Daha sonra K. İmanov maraqlı elmi işlərin, patentlərin kommersiyalaşdırılmasının zəruriliyini qeyd edib, bu prosesdə kritik nöqtələrə nəzər salıb. Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətə öncədən sahiblik aydınlaşmalıdır. Əqli mülkiyyətin nəticəsinə görə düzgün bölünmə aparılmalıdır. Onun sözlərinə görə, adambaşına daha aşağı ÜDM-i olan ölkələr əqli mülkiyyət hüquqlarının daha zəif qorunmasına üstünlük verərək imitasiyalara yol açırlar. Lakin ÜDM-in adambaşına artması ilə keyfiyyətli, leqal məhsullara ehtiyac artır, istehsal stimullaşdırılır və bununla əqli mülkiyyətin qorunma səviyyəsinin artmasına səbəb olur. Deməli, birbaşa xarici investisiyalara ehtiyac olmadığı halda adambaşına ÜDM-in artımı əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsini artırır. Qeyd olunub ki, zəif iqtisadiyyatlı ölkələr üçün birbaşa xarici investisiyaları cəlb etmək məqsədilə əqli mülkiyyət hüquqlarını yüksək səviyyədə qorumağa başlayırlar. Onlar zənginləşən və orta səviyyəli gəliri olan ölkələrə çatdıqdan sonra əqli mülkiyyətin qorunma rejimi zəifləyir və bununla idxal texnologiyaları daha geniş istifadə olunur. Lakin texnoloji həddə çatdıqdan sonra əqli mülkiyyət hüquqlarının qorunması yenidən güclənir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektor professor Ədalət Muradov bu görüşün əhəmiyyətini qeyd edib. O, ilkin olaraq patentlərin satılmasının mümkünlüyü, hüquq sahiblərinin bu barədə maarifləndirilməsinin əhəmiyyətini söyləyib, həmçinin alimlərə dəstək göstərilməsinin vacibliyini bildirib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkədə əqli mülkiyyət sahəsində kadr hazırlığı ilə bağlı Agentliyin fəaliyyətini xüsusi vurğulayıb. Rektor, həmçinin universitetin innovasiyalar sahəsində həyata keçirdiyi tədbirləri qeyd edib. O, BDU tələbələrinin innovativ layihələrinin Türkiyədə “TEKNOFEST”də uğur qazandığını bildirib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirin vacibliyini bildirib, müzakirə olunan məsələlərin cəmiyyət üçün aktual olduğunu qeyd edib. O, innovasiyalar sahəsində universitetin qarşısında duran vəzifələrdən danışıb, tələbələrin bilik və bacarıqlarının artırılmasına böyük diqqət yetirildiyini bildirib.
Görüş müzakirələrlə davam edib. Müzakirələrdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə xanım Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Lətafət xanım Qardaşova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov iştirak edib. K. İmanov və H. Asan universitet rektorlarını maraqlandıran sualları cavablandırıb.
Görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarova da iştirak edib.