Çağrı Mərkəzi: 960
Azərbaycan Tibb Universiteti Tibb Festivalı çərçivəsində Əqli Mülkiyyət Agentliyi ilə birgə maarifləndirici tədbir keçirib

Azərbaycan Tibb Universiteti Tibb Festivalı çərçivəsində Əqli Mülkiyyət Agentliyi ilə birgə maarifləndirici tədbir keçirib

Mayın 8-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mütəxəssislərinin iştirakı ilə Panel sessiyası keçirilib.Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalı çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Əqli mülkiyyətin inkişafı, qrant, patent və elmi ekspertiza şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Aygün Kazımlı universitetdə elmi fəaliyyətin inkişafı və əqli mülkiyyət hüquqlarının əhəmiyyəti barədə danışıb. O, əqli mülkiyyətin innovasiya və elmi-tədqiqat fəaliyyətindəki rolunu vurğulayaraq, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri patent hüququ, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və mühafizəsi, həmçinin kimya və tibb sahəsində ixtiralar barədə təqdimatlar ediblər. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modelin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova “Patent alınması proseduru və müraciət qaydaları”, İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdiri Afət Qasımova “Tibb sahəsində sənaye mülkiyyəti obyektləri: ixtira, faydalı model və patentlər” mövzularında çıxış ediblər. İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin baş-məsləhətçi eksperti Nazilə Cahangirova ixtira sənədlərinin Avrasiya Patent Təşkilatına təqdim edilməsi və müraciət formaları barədə ətraflı məlumat verib.

Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, bir neçə ixtira müəllifi professor Məhbubə Vəliyeva “Yeni dərman formalarının yaradılması və onların patentləşdirilməsi” mövzusunda çıxış edib.

Tədbirdə I Cərrahi Xəstəliklər kafedrasının assistenti Azər Hümmətov və Ümumi cərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Elnur Qasımov “Cərrahi praktikada ixtira və patent: təcrübədən hüquqa” mövzularında danışıblar. A. Hümmətov ixtira və patentləşdirmə proseslərinin cərrahi praktikada necə tətbiq olunduğunu, həkimlərin bu sahədə hüquqi və elmi biliklərinin əhəmiyyətini vurğulayıb. E.Qasımov patentləşdirmə prosesinin hüquqi tərəflərini, ixtiraçıların hüquqlarının qorunması və patentin tibbi praktikada tətbiqinin faydalarını izah edib.

İxtiralara dair tələblər, patentlərin alınması və tanınması şərtləri barədə tədbir iştirakçılarının sualları Agentliyin nümayəndələri tərəfindən cavablandırılıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/FİPS jurnalı
Search×