Azərbaycan və Özbəkistanın əqli mülkiyyət qurumlarının birgə tədbiri keçirilib

2025-ci il 15 may tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin 2024-2025-ci illər üçün birgə fəaliyyət planına uyğun olaraq vebinar keçirilib.
Azərbaycan və Özbəkistanda fəaliyyət göstərən əqli mülkiyyət hüquqlarını kollektiv əsaslarla idarə edən təşkilatların nümayəndələri üçün onlayn rejimdə təşkil olunan tədbirdə Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin Əqli Mülkiyyətin Hüquqi Mühafizəsi İdarəsinin rəisi Behzod Ruziyev və həmin idarənin Müəllif və əlaqəli hüquqların hüquqi mühafizəsi şöbəsinin müdiri Şarof Abdumalikov, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli, Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əfsanə Mirzəzadə, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, Mərkəzin əməkdaşları, o cümlədən hər iki ölkənin kollektiv idarəetmə təşkilatlarının (KİT) nümayəndələri iştirak ediblər.
Vebinarda Behzod Ruziyev və Nəcəf Quliyev çıxış ediblər, KİT nümayəndələri dinlənilib və birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.