Azərbaycan və Türkiyə arasında müəlliflik hüququ sahəsində əməkdaşlıq genişlənir
Əqli Mülkiyyət Agentliyində ölkəmizdə fəaliyyət göstərən “Müəlliflik hüququ uğrunda” İctimai Birliyi, “Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyi və Türkiyənin Musiqi Əsəri Sahibləri Qrupu Peşəkar Birliyinin (MSG) nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə iştirak edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatları nəticəsində formalaşan əqli mülkiyyət mədəniyyətinin kreativ sənayenin inkişafına, əqli mülkiyyət hüquqlarına hörmətinin`artmasına təsir etdiyini qeyd edərək müəllif hüquqları sahəsində ölkəmizdə görülən müvafiq işlər barədə məlumat verib, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara dövlət tərəfindən daim dəstək göstərildiyini bildirib. O, Azərbaycan və Türkiyənin kollektiv idarəetmə təşkilatları arasındakı işgüzar əlaqələrin daha da inkişaf etməsinin iki qardaş xalq arasında dostluq münasibətlərinə töhfə verəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyədə fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Tədbirin sonunda qurumlar arasında niyyət protokolu imzalanıb. Sənəd Azərbaycan və Türkiyədə müəlliflərin və ifaçıların əqli mülkiyyət hüquqlarının qarşılıqlı qorunmasını, qurumlar arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsini nəzərdə tutur.
Niyyət protokolunu Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, “Müəlliflik hüququ uğrunda” İctimai Birliyinin sədri bəstəkar Gövhər Həsənzadə,“Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyinin icraçı direktoru Əli Əliyev və Türkiyənin Musiqi Əsəri Sahibləri Qrupu Peşəkar Birliyinin İdarə Heyətinin sədri Ferhat Göçer imzalayıb.