Çağrı Mərkəzi: 960
Azərbaycanda əqli mülkiyyət sisteminin optimal idarəetmə institutu formalaşıb – Habip Asan

Azərbaycanda əqli mülkiyyət sisteminin optimal idarəetmə institutu formalaşıb – Habip Asan

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Keçid və İnkişaf Etmiş Dövlətlər departamentinin (TDC) direktoru Habip Asan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentlyinin (ƏMA) İdarə Heyətinin sədri Kamran İmanovla görüşündə bildirmişdir ki, Azərbaycanda əqli mülkiyyət sisteminin optimal idarəetmə institutu formalaşıb.

Görüş bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən ÜƏMT-nın 63-cü Baş Assambleyasının iclasları çərçivəsində onlayn rejimdə baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri sayəsində ölkədə həyata keçirilən islahatlar siyasəti nəticəsində əqli mülkiyyət sahəsində baş verən institusional dəyişikliklər barədə K.İmanovun ətraflı məlumatını dinləyən H.Asan qeyd etmişdir ki, ölkəmizin əqli mülkiyyət sisteminin idarəçiliyinin yeni strukturunun yaradılması barədə məlumatlı idi, lakin hazırki görüş ona daha aydın təsəvvürlər yaratmaq imkanı verdi. Onun sözlərinə görə,Azərbaycanın mövcud idarəetmə institutu funksionallıq baxımından düzgün qərarlar qəbul etmək üçün optimaldır və bir çox ölkədə həyata keçirilməsinə çalışılan seçimdir. O, həmçinin vurğulamışdır ki, K.İmanovun idarəçilik təcrübəsi əqli mülkiyyət institutunun fəaliyyətinə önəmli faydalar verəcəkdir.

Baş verən institusional dəyişikliklərin mahiyyətini açan K.İmanov bildirmişdir ki, burada əsas məqam əqli mülkiyyət sahəsində çalışan təşkilatları bir çadır (çətir) altında yığmaq, bu strukturların birgə fəaliyyət göstərməsini təmin etmək və bununla onların işinə yeni impuls verməkdir. Onun sözlərinə görə, bu, yeni iqtisadi nəzəriyyə - neoinstitualizmə uyğun olaraq, tranzaksiyaların (istehsal prosesində itkilərin) aradan qaldırılmasına nail olmağa imkanlar yaradır.

Bununla yanaşı, ƏMA-nin rəhbəri vurğulamışdır ki, belə idarəetmə statutun nəticəsi həm səlahiyyətlərin, eyni vaxtda - məsuliyyətin artmasıdır.

Əqli mülkiyyət institutunun perspektivlərindən danışan K.İmanov qeyd etmişdir ki, ÜƏMT-nın da bəyan etdiyi kimi, əqli mülkiyyətin rolu, onun təsiri müasir dövrdə hər bir sahəyə sirayət edirsə,əqli mülkiyyət texnologiyalarla uzlaşmalı, onlara qarşı çıxmamalıdır, əksinə, uyğunlaşaraq, yeni nailiyyətlərin əldə olunmasına gətirməlidir. Bu sözlərinə o belə izah vermişdir: Azərbaycanda belə bir fikir formalaşıb ki, əqli mülkiyyət özü-özlüyündə yalnız hüquqların qorunmasına dair rəsmi sənədlərin verilməsi işi ilə bitmir. Bura digər məsələlər də daxildir: bir tərəfdən, əqli mülkiyyətin iqtisadiyyatı, digər tərəfdən – sosioloji məsələlər. Yəni, üçlük olaraq hüquq, iqtisadiyyat və sosial aspekt birgə nəzərə alınmalıdırlar, bu, əqli mülkiyyətin mahiyyətini ifadə edən və ondan doğan fəlsəfi yanaşma və praktiki tələbdir.

Məhz bu səbəbdən bütün qorunan əqli mülkiyyət obyektləri Azərbaycanda vahid dövlət müəssisəsində cəmləşib, onun idarəçiliyinə verilib. Bu, o cümlədən dövlət siyasəti kimi müəyyən stimullaşdırıcı addımların atılmasını asanlaşdırır. Məsələn, ixtiraçılara yardım göstərmək məqsədi ilə dövlət PCT sistemi üzrə ödəmələrin 50% öz üzərinə götürüb. K.İmanovun sözlərinə görə, bu böyük və vacib məsələdir.

Agentliyin strukturu barədə danışarkən, K. İmanov xüsusi olaraq yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin məqsədini qeyd etmişdir: patent analitikası vaitəsilə ən yaxşı patentləri seçib, onlara maliyyə vəsaiti ayırmaqla kommersiyalaşdırmaq, innovasiyaya çevirmək.

Bununla əlaqədar H.Asan dedi ki,ÜƏMT bu məsələyə çox önəm verir və bildirdi ki, Azərbaycana bu işləri reallaşdırmaq üçün lazım olunan dəstək veriləcəkdir.

Görüşdə həmçinin ƏMA-nın treninq mərkəzi bazasında ÜƏMT Akademiyasının filialının yaradılması, Azərbaycanın ənənəvi biliklər və ənənəvi mədəni ifadələr (folklor) sahəsində qanunvericilik təcrübəsinin təşviqi, Azərbaycanın coğrafi göstəricilərinin qeydiyyatı və qorunması, birgə milli və regional tədbirlərin, o cümlədən əqli mülkiyyət və innovasiyalı iqtisadiyyat, Azərbaycanın patent qanunvericiliyinin təkmilləşdirilməsi, süni intellekt və əqli mülkiyyətin perspektivinin müzakirəsinə həsr ediləcək seminarların keçirilməsi müzakirə edildi.

H.Asan bildirdi ki, direktoru olduğu TDC bu məsələləri müntəzəm olaraq təqib edəcək və qısa zaman ərzindəhəyata keçirməyə hazırdır.

K.İmanov TDC departamentinin yeni rəhbəri kimi qardaş Türkiyənin təmsilçisi olan H.Asana işində uğurlar arzuladı.



Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×